TAP-dan yeni xəbər: Boruların 760 kilometri qaynaqlanıb

21.01.2019 13:31     Ecoreaksiya     1022

TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb

“Trans-Adriatik” (TAP) boru kəməri 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boruların 761 kilometri qaynaq olunub.

Reaksiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

Onun sözlərinə görə, ötən ilin sonuna TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb və təxminən 492 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib.

“Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”, - deyə L.Givert əlavə edib.

TAP AG-nin kommunikasiya rəhbəri deyib ki, boru kəmərinin Yunanıstan və Albaniya hissəsində boruların ümumilikdə 97 faizi xəndəyə endirilib.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 82,4 faizi icra edilib. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Reaksiya.az

Şərhlər