Tiflisdən Bakıya “Rusiyadan qaz alıram” şantajı

15.02.2019 12:52     Ecoreaksiya     874

Gürcüstan hökuməti Rusiyadan qaz almaq üçün danışıqlara başlayıb. Bu barədə qonşu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia parlamentin İqtisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı məlumat verib. Onun dediyinə görə, bu, ölkənin təbii qaza olan tələbatını tam ödəmək və qaz tədarükünün şaxələndirilməsi məqsədi daşıyır. Nazir deyib ki, qaz tədarükünün şaxələndirilməsi və optimizasiyası vacib təşəbbüsdür: “Biz bir deyil, daha çox tədarükçünün olması üçün şərait yaratmaq istəyirik. Bu məqsədlə Rusiya ilə danışıqlar aparırıq və ola bilsin ki, müəyyən həcmdə onlardan qaz alacağıq. Hazırda şərtlərin yaxşılaşdırılması istiqamətində danışıqlar davam edir”.

G.Kobulia vurğulayıb ki, “Qazprom” şirkəti ilə həm tranzit, həm də tədarüklə bağlı danışıqlar aparılır: “Bu, bizim şirkətlərə və əhaliyə qazı daha da aşağı qiymətə əldə etməyə imkan verəcək. Bununla bağlı potensial var və biz bunu, ola bilsin ki, hətta bu il əldə edəcəyik”.

 

Giorgi Kobulia ile ilgili görsel sonucu

Qeyd edək ki, Gürcüstan təbii qaz ehtiyacını idxal hesabına təmin edir. 2019-cu ildə ölkənin 2 milyard 559,6 milyon kubmetr həcmində qaz istehlak edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, Gürcüstan hökuməti 2016-cı ildə də Rusiyadan qaz almaq təşəbbüsü ilə çıxış etmişdi. Hətta ölkənin Azərbaycan qazından imtina etməsi məsələsi də gündəmə gətirilmişdi. Həmin vaxt SOCAR prezidenti Rövnəq Abdullayevin başçılığı ilə Azərbaycandan Tiflisə böyük nümayəndə heyəti getdi. Aparılan danışıqlardan sonra Azərbaycandan Gürcüstana qaz ixracının artırılmasına dair razılaşma əldə olundu. Bundan əlavə, gürcülərin qiymət və digər şərtlərdə də güzəştlər əldə etdiyinə dair mətbuatda məlumatlar yayıldı.

2017-ci ildə Gürcüstan Rusiyadan 100 milyon kubmetr qaz alıb.  2018-ci ildə isə bu ölkənin tələbatı tam Azərbaycan qazı ilə təmin olunmalı idi. Ölkənin təsdiq olunmuş enerji balansında 2018-ci ildə ölkəyə proqnoz qaz  nəqli 2,689 milyard kubmetr nəzərdə tutulmuşdu. Bunun 99,65 faizini Gürcüstan Azərbaycandan alacaqdı. O cümlədən 1,866 milyard kubmetr qazı Gürcüstana SOCAR, 813 milyon kubmetr qazı isə “Şahdəniz” konsorsiumu verəcəkdi.  Qalan 0,35 faiz (9,41 milyon kubmetr) isə yerli hasilat olacaqdı.

gürcüstana qaz ile ilgili görsel sonucu

İlin yekununda məlum oldu ki, ötən il Gürcüstana 266 milyon 687,8 min dollarlıq 2 milyard 501,5 milyon kubmetr həcmində Azərbaycan qazı nəql edilib. Energetika Nazirliyinin hesabatından aydın olur ki, ötən il Gürcüstana nəql olunan qazın həcmi 2017-ci ilə nisbətən 14 faiz faiz və ya 306,9 milyon kubmetr artıb.

Gürcüstana 2018-ci ildə nəql olunan qazın həcminin 1 milyard 101,8 milyon kubmetri Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə (“Şahdəniz” qazı) nəql edilib. Bu kəmərlə Gürcüstana ötürülən qazın həcmi 2017-ci ildən 286,9 milyon kubmetr və yaxud 35 faiz çoxdur. Qalan 1 399,7 milyon kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Qazıməmməd-Qazax qaz xətti ilə nəql edilib və bu, illik müqayisədə 20 milyon kubmetr və yaxud 1,4 faiz çox olsa da, gürcülərin proqnozundakı həcmdən - 1 milyard 866 milyon kubmetrdən xeyli azdır.

Azərbaycanda bu il qaz istehsalında artım gözlənilir. “Şahdəniz 2" çərçivəsində hasilatın artması Gürcüstana daha çox qazın satılmasına imkan verəcək. Yəni Gürcüstanın tələbatının tam olaraq Azərbaycan qazı hesabına təmin olunmasında problem yaranmayacaq. Eyni zamanda Azərbaycan uzun illərdir etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir. Bu halda gürcülərin hansı səbəbdən yenidən Rusiyaya, ”Qazprom"a üz tutması maraq doğrur. Görünür, Gürcüstan hökuməti yenə “Şahdəniz” konsorsiumundan deyil, SOCAR-dan daha çox qaz qoparmağa çalışır. Çünki dünyanın nəhəng şirkətlərinin toplaşdığı konsorsiumdan qiymətdə endirim əldə etmək faktiki olaraq mümkün deyil. Görünən odur ki, Gürcüstan hökuməti yenidən Azərbaycan tərəfini təhdid etmək yolunu tutub.

İlham Şaban ile ilgili görsel sonucu

Neft-qaz sahəsi üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, Saakaşvilidən sonra bərqərar olmuş Gürcüstan hökuməti daim Rusiya ilə yaxınlaşmaq yollarını axtarır: “Onlarda hətta baş nazirin Rusiya ilə əlaqələrin nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsi belə təsis edildi və Zurab Abaşidzeyə diplomat rangı verildi. Rəsmi Gürcüstan, hansının ki, 2008-ci ildən Kremllə diplomatik əlaqələri yoxdur, neytral ölkələrdə hər il Rusiya ilə danışıqlar aparır ticarət əlaqələrinin genişləndirilməsi yönümündə. Düzdür, müəyyən irəliləyişlər olsa da, Moskvanın şərtləri, deyərdim ki, sərt olaraq qalır və Kreml göstərmək istəyir ki, onun oyun qaydalarından çıxan hər bir ölkə yenidən əvvəlki çərçivəyə qayıtmaq istəyirsə, artıq bunun üçün bir növ ”bac-xərac" ödəməlidir ki, bir daha belə səhvlərə yol verməsin. Bu baxımdan biz artıq müşahidə edirik ki, Moskva Gürcüstanla heç də yumşaq davranmır. Ona əvvəlki kimi Ermənistana nəql etdiyi qaza görə 10 faiz tranzit haqqını natural şəkildə ödəməkdən 2017-ci ildə imtina etdi və bunu pul şəklində ödəməyə başladı. Gürcüstan parlamentində açıqlanan rəqəmlərə görə, ölkənin qazancı buna görə ildə 29 milyon dollar azaldı və hazırda 11 milyon dollar təşkil edir".

Ekspert hesab edir ki, Gürcüstan Moskva ilə ticarət əlaqələrini yaxınlaşdırmaq üçün daha böyük güzəştlərə getməyə hazır görünür: “Söhbət təkcə kommersiya qazının alınması ilə bağlı yeni müqavilənin imzalanmasından getmir. Rəsmi Tiflis artıq Moskva ilə münaqişə bölgələrindən, yəni Abxaziya və Cənibu Osetiyadan ”ticari dəhlizlərin" açılması məsələsini də müzakirəyə çıxarıb. O cümlədən Rusiya ilə nəqliyyat dəhlizlərini müzakirə edir. Bu isə Rusiya-Gürcüstan-Türkiyə və Rusiya-Gürcüstan-Ermənistan nəqliyyat məsələlərinin həll edilməsi və bunun vasitəsilə həm Gürcüstanın müəyyən tranzit qazanca malik olması, həm də qonşu ölkələr arasında ticarət partnyoru kimi nüfuz qazanmasına səbəb ola bilər. Yadınızdadırsa, Gürcüstan Azərbaycandan qaz ala-ala hələ neçə illər öncə İrandan qaz idxalını müzakirəyə çıxarmışdı. Təbii ki, bunun bir məqsədi də Azərbaycandan daha əlverişli şərtlərlə gələcəkdə qaz almasına şərait yaratmaqdır.

Reaksiya.az

Şərhlər