Əhalinin banklardakı əmanətləri sürətlə azalır - Bir ayda 289 milyon manat

04.03.2019 13:02     Ecoreaksiya     972

Azərbaycanda əhali bir ay ərzində bankdakı əmanətlərinin 289 milyon manatını geri çəkib.

2019-cu il 1 fevral tarixinə banklardakı əmanətlərin həcmi 7 mlrd. 980,7 mln. manat olub, halbuki 2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat idi. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı bu göstəricilərin müqayisəsi göstərir ki, cəmi bir ayda bank əmanətləri 3,5% azalıb.

2019-cu il yanvarın 31-nə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 50,1 mln. manat, tələbli əmanətlərin həcmi 2 mlrd. 480,6 mln. manat təşkil edib. Ən böyük - 11,1% azalma da məhz tələbli əmanətlərdə qeydə alınıb.  

Qeyd edək ki, tələbli əmanət – müvafiq müqaviləyə əsasən, müştərinin ilk tələbi ilə əmanət məbləğinin tam və ya bir hissəsinin dərhal müştəriyə verilməsini nəzərdə tutan əmanət növüdür. Burada faiz dərəcələri olduqca aşağıdır. Lakin müştəri istədiyi anda heç bir səbəb göstərmədən və yığılmış faizlərdə heç bir itkiyə yol vermədən öz pulunu hesabdan götürə bilər.

Şərhlər