“Azərbaycan sazişi imzalamağa hazırdır, lakin…” - Asim Mollazadə

24.12.2019 17:07     Ecoreaksiya     2353

Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində mövcud olan reallıqları açıqladı. Prezidentin mövqeyi ölkəmizin maraqları, müstəqiliyi və inkişafına dəyər verməkdən ibarətdir. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa hazırdır. Biz Avropa Birliyinə daxil olan ölkələrlə ikitərəfli əlaqələri və əməkdaşlığı davam etdirəcəyik. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı bir çox sahələrdə həyata keçirəcək.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan dövlət başçısı İlham Əliyevin yerli mediaya verdiyi müsahibə zamanı Azərbaycan-Avropa münasibətləri haqqında fikirlərini şərh edərkən deyib.

Qeyd edək ki, Prezident Əliyev müsahibəsində Avropa Birliyində və qoca qitədə gedən siyasi prosesləri, habelə birlik daxilində mövcud olan situasiyanı dərin arqumentlərlə təhlil edərək, rəsmi Bakının öz maraqlarından çıxış etdiyini, amma bütün ölkələrlə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Asim Mollazadə bildirir ki, Azərbaycan Avropa Birliyi ilə əlaqələri davam etdirəcək, amma bu o demək deyil ki, Azərbaycan öz müstəqilliyindən imtina etməli və ya asılı vəziyyətə salınmalıdır. Onun sözlərinə görə, prezidentin dediyi sözlər bilavasitə Azərbaycanın maraqları və ölkəmizin inkişafı ilə bağlıdır: “Bununla yanaşı, Azərbaycan daim əməkdaşlıq və tərəfdaşlığa açıq ölkə olub. Ölkəmiz bir sıra Avropa təşkilatlarının üzvüdür. Azərbaycanın Avropa Birliyinə üzv olaraq öz mənafelərindən imtina etmək planı yoxdur. Azərbaycanın həm xarici, həm də daxili siyasəti, habelə iqtisadi məsələlərlə bağlı prezidentin dediyi sözlər ölkəmizin strategiyasını izah edir, inkişaf perspektivlərinin pozitiv istiqamətdə getdiyini ifadə edir”.

Asim Mollazadə əlavə edib ki, Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması gözlənilən saziş hazırdır: “İndi Avropa Birliyində yeni rəhbərlik mövcuddur. Yeni rəhbərlik vəziyyəti dəyərləndirməlidir. Azərbaycan öz maraqlarını əsas tutaraq sazişi imzalamağa hazırdır. Avropa Birliyi bilməlidir ki, heç bir ölkə ilə köhnə təfəkkürlə rəftar etmək olmaz. Azərbaycan çətinliklə öz müstəqilliyini əldə edib və onu qoruyur. Biz bu istiqamətdə bütün tərəfdaşlarımızla eyni maraqlar, öz müstəqilliyimizi qoruyaraq əməkdaşlıq etməyə hazırıq”.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar