Azərbaycan OPEC+ öhdəliyini 98%-dən çox yerinə yetirib

09.06.2020 12:25     Ecoreaksiya

Bu ilin may ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650 min barel olub. 
 
Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, bunun 557,2 min barelini xam neft, 92,8 min barelini isə kondensat təşkil edib. 557,2 min barel xam neftin 437,6 min bareli “Azəri-Çıraq-Günəşli”, 119,6 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
 
“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barel azaldıb. Beləliklə Azərbaycan 164 min barel həcmində olan öhdəliyini mayda 98 faizdən çox yerinə yetirib.
 
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.
 
Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib. 
 
Advertisement Banner

Şərhlər