İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatı nələr gözləyir? - Vüqar Bayramov

12.11.2020 11:48     Ecoreaksiya     703

Uzun müddət sonra işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan iqtisadiyyatı üçün vacibdir.
 
Bu sözləri millət vəkili Vüqar Bayramov Reaksiya.az-a açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, həmin ərazilərimizin kənd təsərrüfatı və sənaye üçün çox geniş potensialı var:
 
"Təbii ehtiyatlarla zəngindir. Zəngilan, o cümlədən Kəlbəcər qızıl və mis ehtiyatlarına malikdir. Həmin ehtiyatların həcmi kifayət qədər böyükdür. Xüsusən Kəlbəcər ümumi ölkə üzrə ən böyük qızıl ehtiyatlarına malik olan ərazimizdir. Zəngilanda olan ehtiyatlardan uzun müddətdir ki, erməni siyasi-hərbi rəhbərliyi istifadə edirdi.
 
Başqa təbii ehtiyatlar da var. Həmin təbii ehtiyatlar emaledici sənayenin formalaşmasına imkan yaradacaq". 
 
Kənd təsərrüfatı üçün yüksək potensialı olan həmin ərazilərdə çox geniş heyvandalıq və əkinçilik imkanlarının olduğunu qeyd edib. 
 
"Eyni zamanda, məsələn Kəlbəcər ərazi baxımından ölkənin ən böyük rayonudur. Heyvandarlığın inkişafı üçün geniş imkanlar var. Füzuli və Ağdamda əkinçiliyin imkanları genişdir. Füzuli və Ağdam Azərbaycanda uzun müddət pambıq, taxıl və üzüm istehsalında ön sıralarda olub. Cəbrayıl da üzümçülüyün inkişaf etdiyi rayonlarımızdan olub.
 
Eyni zamanda Zəngilan və Qubadlıda da heyvandarlıq inkişaf edib. Keçmiş Dağlıq Qarabağ vilayətində həm heyvandarlıq, həm əkinçilik inkişaf edib. 
 
Bundan əlavə həm də həmin ərazilər daxili və gəlmə turizm baxımından Azərbaycan iqtisadiyyatına müsbət təsirini göstərəcək". 
 
Vüqar Bayramov, həmçinin Rusiya sülhməramlılarının gəlişinin və Laçın dəhlizinin nəzarətdə olmasının bizim iqtisadiyyatımıza heç bir mənfi təsiri olmayacağını xüsusi vurğulayıb.
 
Nübar Lətifli / Reaksiya.az

Şərhlər