Bu gün Azərbaycan möhtəşəm Qələbə Paradı keçirəcək

10.12.2020 09:43     Ecoreaksiya     558

Bu gün Azərbaycan Ordusu Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçirəcək. Bakı şəhərində keçiriləcək parad Azərbaycanın tarixində ilk dəfə keçirilən qələbə paradıdır.

Hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarə və helikopterləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Qələbə paradında qardaş Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlılarından ibarət bölük də iştirak edəcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Vətəndaşların, şəhər sakinlərinin koronavirus pandemiyası ilə əlaqədar paradı kütləvi toplaşmaqla canlı izləməsinin məqsədəuyğun olmadığı bəyan edilib. Vətəndaşlara tövsiyə edilib ki, möhtəşəm Qələbə paradını televizorlardan izləmək daha məqsədəuyğundur. Çünki minlərlə insanın bir yerə toplaşması koronavirusun kütləvi yayılmasına səbəb ola bilər.

Paradda izləyici qismində iştirakçıların sayına mümkün qədər məhdudiyyətlər tətbiq ediləcək.

İştirak edənlər isə mümkün qədər ara məsafəsini gözləməli, virusdan qorunmaq üçün bütün tələb olunanlara əməl etməlidirlər.

Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. O, dekabrın 9-da bu məqsədlə Bakıya gəlib.

Paradda həmçinin Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar