Manat ucuzlaşması vacibdir? - Sabiq nazirin cavabı

25.10.2021 15:01     Ecoreaksiya     44

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyədə lirənin ucuzlaşması manata da təsirsiz ötüşmür.

Buna baxmayaraq, enerji daşıyıcılarının qiymətinin qalxması və ölkənin valyuta ehtiyatlarının artması manata təzyiqləri neytrallaşdırmağa kifayət edir və manatın dollara nisbətdə kursu stabildir.

Bəzi iqtisadçı ekspertlər isə ölkə daxilində manatın alıcılıq qabiliyyətinin aşağı düşməsini əsas gətirərək, milli valyutanın ucuzlaşmasını təklif edirlər. Onların qənaətinə görə, milli valyutanın ucuzlaşması indiki vaxtda sahibkarların ixrac imkanlarını genişlədirə bilər.

Mövzu ilə bağlı Axar.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov isə bildirib ki, indiki şərtlərlə manatın ucuzlaşması dərhal bütün qiymətlərin yüksəlişinə və ölkədə sosial gərginliyin artmasına gətirib çıxara bilər:

“Manat üçün 2016-cı ildə müəyyən olunmuş 1 dollar – 1,7 manat kursu 5 ildir dəyişməz vəziyyətdədir. Neftin qiymətlərinin yüksəldiyi indiki dönəmdə manatın ucuzlaşması ehtimalı yoxdur. Belə bir ucuzlaşma yalnız hökumətin xüsusi təşəbbüsü ilə baş verə bilər. İndiki durumda isə buna qətiyyən ehtiyac görmürəm”.

Ekspert bildirib ki, son bir ildə rəsmi stastistikaya görə Azərbaycanda yoxsulluğun səviyyəsi 30%-ə qədər artıb:

“Ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin sürətlə artdığı indiki durumda manatın ucuzlaşması düzgün anlaşılmayacaq və daha böyük qiymət artımlarına gətirib çıxaracaq. Ona görə də hazırda dolların kursunun saxlanılması siyasətini doğru sayıram”.

Reaksiya.az

Şərhlər