Dövlət rüsumları 2 dəfə artırılacaq - Bu məhsulların kəskin BAHALAŞMAsına səbəb olacaq

28.10.2021 13:11     Ecoreaksiya     455

Gələn il dövlət rüsumları üzrə gəlirlər 2 dəfədən çox artırılaraq 363,5 milyon manata çatdırılacaq. 

 
Sfera.az xatırladır ki, proqnoza əsasən 2021-ci ildə dövlət rüsumları 170 milyon manat olmalıdır. Müqayisə göstərir ki, növbəti ildə dövlət rüsumları üzrə toplanacaq vəsait 193,5 milyon manat və ya 1,14 dəfə artacaq. 
 
Dövlət rüsumlarının məbləğinin artması "Dövlət rüsumu haqqında" Qanuna gözlənilən dəyişikliklə bağlıdır. Adıçəkilən qanunda avtonəqliyyat vasitələri üzrə və mobil telefonların qeydiyyatı ilə bağlı rüsumların artırılacağı güman edilir. 
 
"Dövlət rüsumu haqqında" Qanuna əsasən avtonəqliyyat vasitələri üzrə çoxlu rüsumlar alınır. Avtonəqliyyat vasitələri sahiblərindən texniki baxış, dövlət qeydiyyat nişanları, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarının tənzimlənməsi və digər başqa hərəkətlər üçün rüsum tutulur. Həmin rüsumlardan bəzilərinin artırılması gözlənilir. 
Avtonəqliyyat vasitələri ilə bağlı rüsumların artırılması avtomobillərin saxlanma xərclərini artıracaq. Hər il milyondan çox avtomobil texniki baxışdan keçirilir. Eyni zamanda alqı-satqı ilə əlaqədar dövlət qeydiyyat nişanları dəyişdirilir. Bu istiqamətdə tutulan rüsumların artırılması avtomobillərin saxlanma xərclərini artıracaq. 
 
Xaricdən gətirilən mobil telefonların da qeydiyyatı üçün rüsum alınır. Həmin rüsumların məbləği telefonların qiymətindən asılı olaraq 20 manatdan 150 manata qədər dəyişir. 
2019-cu ilə qədər rüsumların məbləği 5 manat idi. Həmin tarixdən rüsumlar kəskin şəkildə artırıldı. Mobil telefonların qeydiyyat rüsumuna gələn il bir daha baxılaraq artırılması gözlənilir. 
 
Mobil telefonlar üzrə rüsumların artırılması təsdiqini taparsa, bu məhsulların qiymətində artım baş verəcək. Əgər rüsumların məbləği 3 il əvvəl olduğu kimi dəfələrlə artırılarsa, o halda, mobil telefonların qiymətində artım daha böyük olacaq. 

Reaksiya.az

Şərhlər