Rusiyadan Azərbaycanın əmlak bazarına kütləvi axın ola bilərmi? - AÇIQLAMA

04.04.2022 14:44     Ecoreaksiya     322

Rusiya-Ukrayna müharibəsi qonşu ölkənin vətəndaşlarının digər ölkələrin daşınmaz əmlak bazarına marağını artırıb.

“Report”un məlumatına görə, Rusiya vətəndaşları bacardıqca əllərindəki kapitalı ölkədən çıxarmağa, Türkiyə və BƏƏ-nin mənzil bazarına yatırmağa çalışır.

 

Bu isə həmin ölkələrin əmlak bazarında aktivliyi artırmaqla qiymətlərə təsirsiz ötüşmür. Bəs Rusiyanın qonşusu olan Azərbaycanda eyni proses baş verə bilərmi? Ümumiyyətlə, ölkəmizin əmlak bazarı investisiyalar üçün nə dərəcədə cəlbedicidir? 

Bu sualları əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb.

Ekspert deyir ki, hələ ki, bu müharibənin Azərbaycanda mənzillərin, həyət evlərinin, torpaq sahələrinin, kommersiya obyektlərinin qiymətlərinə təsiri hiss olunmur:

“Rusiya vətəndaşlarının Azərbaycandan kütləvi şəkildə əmlak alması müşahidə edilmir. Əksinə, Rusiyada yaşayan imkanlı azərbaycanlılar var ki, qonşu ölkənin iqtisadiyyatının çökdüyü bir vəziyyətdə bizneslərini qorumaq üçün Azərbaycandakı əmlaklarını real dəyərindən aşağı qiymətə satışa çıxarıb. Amma, bu da əmlak bazarına elə bir təsir göstərməyib”.

Onun sözlərinə görə, əslində Rusiya vətəndaşları investisiya qoyuluşu üçün digər ölkələrdən əvvəl Azərbaycana üz tutmalı idi:

“Çünki, burada onlarla bağlı bir problem yoxdur, demək olar hər kəs rus dilini bilir. Azərbaycanda rus dilində tədris olan orta və ali məktəblər var. Amma Rusiya vətəndaşları Türkiyəyə üz tuturlar. Çünki orada əmlak bazarı xeyli inkişaf edib. Türklər nəinki öz ölkələrində, bütün dünyada əmlaklarını reklam edir və müştəri qazanırlar. Əvvəllər xarici vətəndaş Türkiyədə əmlak alanda dövlət o şəxsi xeyli araşdırırdı. Sonradan Türkiyədə qaydalar dəyişdirildi. Artıq istənilən xarici vətəndaş rahat Türkiyədə əmlak ala bilir, xüsusilə turistik zonalara pul qoyurlar. Çünki həmin evləri kirayə vermək olur. Bundan başqa, Türkiyədə əmlak alan şəxs oranın vətəndaşı olmasa belə, bu ölkədə istədiyi qədər yaşaya bilir. Son nəticədə təxminən bir həftə bundan əvvələ qədər 200 mindən artıq Rusiya vətəndaşı yaşamaq üçün Türkiyəyə müraciət edib”.

Elnur Fərzəliyevin fikrincə, vəziyyəti dəyişmək üçün Azərbaycanın əmlak bazarına yatırım etmək istəyənlərin qarşısında bütün əngəllər qaldırılmalıdır:

“Bizim qanunvericiliyinə görə, xarici vətəndaşın ölkədə yaşamaq icazəsi alması üçün yerli banklardan birində azı 100 min manat pulu olmalı və yaxud burada aldığı evin qiyməti azı 100 min manat olmalıdır. Üstəlik, xarici vətəndaşlar üçün alqı-satqının dövlət rüsumu ölkə vətəndaşlarından 3 dəfə çoxdur. Bundan başqa, xarici vətəndaşlar müqavilə ilə mənzil ala bilməzlər. Bunun üçün onlar Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşama icazəsi almalıdırlar. Qanunla xarici vətəndaş Azərbaycandan torpaq sahəsi də ala bilməz, yalnız öz adına şirkət açıb torpağı həmin şirkətin adına ala bilər. Xarici vətəndaş həyət evi alanda da evi öz adına keçirə bilir, amma həyəti yox. Bu əngəllər aradan qaldırılmalıdır”.

“Xarici vətəndaşları ölkəmizə cəlb edə bilərik. Amma təkcə Bakıya yox. Gəncə, Qəbələ, Quba, Mingəçevir və digər bölgələrimizdə də xarici vətəndaşların ev alması üçün şərait qurmalıyıq. Türkiyədəki binaların hər cür şəraiti var. Bizdə isə əksər binaların heç parklama yeri yoxdur. Bizim əlimizə xarici vətəndaşları buranın daşınmaz əmlak bazarına cəlb etmək üçün iki dəfə fürsət düşüb. 2017-2019-cu illərdə ərəblər Azərbaycana gələndə bu fürsətdən yararlana bilmədik, bir də indi fürsət yaranıb, amma hələ ki, yararlana bilmirik”, - deyə ekspert fikrini tamamlayıb.(oxu.az)\

Reaksiya.az

Şərhlər