TAP maksimum ötürücülük gücünə çatıb

11.04.2022 15:53     Ecoreaksiya     335

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) son bir neçə gündə maksimum ötürmə gücünə çatıb.

Bunu TAP AG konsorsiumun Baş icraçı direktoru Luka Şieppati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, burada söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir.

O bildirib ki, bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək: “Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır. Bu baxımdan Avropa Komissiyası və İtaliya hökumətinin dəstəyi vacibdir”.

Qeyd edə ki, TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcəyi gözlənilir.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.(report)

Reaksiya.az

 
 
 

 

Şərhlər