Neft bahalaşıb, büdcə artır - Bəs maaşlar?

25.05.2022 12:52     Ecoreaksiya     268

Dünya bazarında neftin qiyməti kəskin şəkildə artıb. Bu da Azərbaycanın büdcəsinə kifayət qədər vəsaitin daxil olacağı deməkdir.
 
Bu mənada may ayının sonunda dövlət büdcəsinə yenidən baxıla bilərmi? Əməkhaqqı, pensiyalar, müavinətlər artırıla bilərmi?
 
 
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Bakupost.az -a açıqlama verib.
 
O, sosial istiqamətdə görülən işlər barədə ümumi dəyərləndirmə edib:
 
 
 
“2022-ci ilin dövlət büdcəsində müstəqillik dövründə ilk dəfə olaraq sosial xərclərin ümumi büdcə xərclərində payı 45%-dən çox nəzərdə tutulub. Belə ki, büdcə xərclərinin 46,5%-i sosial istiqamətə yönəldiləcək. Eyni zamanda, bu il dövlət büdcəsindən sosial sahəyə 14 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu, sosial paketlərin reallaşması baxımından vacibdir.
 
Ümumiyyətlə, sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artırılması və bu istiqamətə daha çox vəsaitin yönləndirilməsi prioritetdir.
Təbii ki, neftin bazar qiyməti ölkəyə daxil olan vəsaitin həcminin artmasına imkan yaradıb, Neft Fondunun transferləri və öhdəliklərini yerinə yetirməsi üçün daha məqbul şərait formalaşdırıb. Bütün bunların fonunda qeyri-neft sektorundan da dövlət büdcəsinə daxilolmalar artıb. Bu da büdcə gəlirlərinin vaxtında icrasına imkan yaradıb. Ona görə də bütövlükdə 2022-ci il üçün sosial müdafiə tədbirlərinin genişləndirilməsi prioritet olaraq qalmaqdadır. Bu istiqamətdə yanlız büdcə deyil, büdcədən kənarda olan fondlar vasitəsilə vəsaitin artırılması da əsas hədəflər sırasındadır.
 
Ümumiyyətlə hər il əvvəlki illə müqayisədə sosial istiqamətə ayrılan vəsaitlərin həcmi artır. Bu isə ondan xəbər verir ki, 2022 və növbəti illərdə büdcədən sosial istiqamətə daha çox vəsaitin ayrılması prioritet olaraq qalacaq”.
 
Reaksiya.az
 

Şərhlər