Kriptovalyuta erası bitir? - RƏY

16.06.2022 13:52     Ecoreaksiya     118

“Kriptovalyuta bazarı kifayət qədər spekulyativ bazardır. Bu bazarda iqtisadi məntiq və dayanıqlılıq yoxdur. Onlar ancaq xəbər axınına və müxtəlif spekulyasiyalara reaksiya verən bir bazardır”. 

Bunu Publika.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Ekspertin sözlərinə görə, dünyada pandemiya başlayan zaman böyük banklar tərəfindən bazara 17 trilyon dollara yaxın likvidlik axıb, həmin vəsaitin bir hissəsi koin bazarına getdiyi üçün sözügedən valyutaların məzənnəsi qalxıb: “Hazırda dünyanın hər yerində ölkələr, o cümlədən, Federal Rezerv Sistemi əksinə pul-kredit siyasəti aparırlar. Ötən gün FED dolların uçot dərəcəsini 0,75 faiz artırdı və ardınca digər ölkələr də artıracaq. Bütün bunlar onu deməyə əsas verir ki, artıq koin bazarında spekulasiyaların sonu gəlir. Hətta, kriptovalyutanın dəyərinin kəskin azalmasını bundan sonra da müşahidə edəcəyik”. 

N.Cəfərli vurğulayıb ki, əgər bəzi dövlətlər elan etdikləri kimi bu bazara nəzarət etmək üçün yeni qanunlar qəbul etsələr, ümumiyyətlə, koin bazarı bitəcək: “Yəni, artıq nəzarətsiz koin bazarının sonuna yaxınlaşırıq. Onu görə də bu spekulyativ aktivin perspektivi yoxdur. Ola bilər ki, bunları dövlətlərin özlərinin koinləri əvəzləsin. Lakin indiki şəraitdə “Bitcoin” və digər kriptovalyutaların erası bitmək üzrədir”.  

 

Şərhlər