Un bahalaşacaq, amma çörək YOX...

08.08.2022 13:57     Ecoreaksiya     621

Azərbaycanda unun qiymətinin artacağı haqda məlumatlar yayılıb. Bildirilir ki, sentyabr ayından etibarən un və çörək bahalaşacaq. Buna səbəb olaraq Rusiya və Ukrayna arasında gedən müharibə göstərilir. Ekspertlərin fikrincə, Ukraynadan taxılın ixracı əlavə xərclər yaradır, bu da məhsulun maya dəyərinə təsir edir.

Doğrudur, Türkiyənin vasitəçiliyi ilə artıq Ukrayna taxlının ixracına başlanılıb. Buna baxmayaraq, ölkəmizdə unun qiymətinin payıza qədər artması proqnozlaşdırılır. Buna uyğun olaraq çörəyin qiymətinin də artması gözlənilir.

Bəs, bu proqnozlar nə qədər realdır?

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov artımın mümkün olduğunu bildirib.

"Qiymətlərlə əlaqədar iqtisadiyyat naziri Mikayıl Cabbarov geniş məlumat verdi. O, qeyd etdi ki, dünyada gedən bütün proseslər qiymət siyasətinə təsirini göstərir. Müəyyən məhsulların qiymətlərində azalma, müəyyən məhsulların qiymətində isə artım mümkündür.

Məlumdur ki, biz taxılın təxminən 70 faizini Rusiya, Qazaxstan, Ukrayna və başqa ölkələrdən alırıq. İdxalda da qiymət artımı var. Düzdür, artıq Ukrayna taxılının ixracına başlanılıb. Ancaq ixrac əsasən Afrika dövlətləri üçün  nəzərdə tutulub. Çünki orada aclıq hökm sürür”, - parlamentari deyib.

Deputat hazırda Azərbaycanın müəyyən qədər taxıl ehtiyatlarının olduğunu söyləyib:

“Həmin ehtiyyatdan istifadə olunur. Ancaq proseslər belə davam etsə, müharibə uzunmüddətli olsa, taxılın və unun qiymətində müəyyən problemlər yarana bilər. Ancaq onu da qeyd edim ki, dövlət başçısı bu məsələyə çox ciddi diqqət göstərir. İstər taxılın gətirilməsi məsələsini, istərsə də unun və çörəyin qiyməti məsələlərini nəzarət altında saxlayır. Eyni zamanda yaxın vaxtlarda çörəyin, unun qiymətinin qalxmasını gözləmirəm. Ancaq qiymət artımı gələcəkdə baş verə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli də qiymət artımı barədə gözləntilərini açıqlayıb. O, vurğulayıb ki, Azərbaycan özünü cəmi 25 faiz taxılla, ərzaqlıq buğda ilə təmin edir. Ölkəmiz buğda təminatında 75 faiz xaricdən asılıdır. 

Ekspert hesab edir ki, dünya bazarında qiymətlər xeyli artsa da, indi Türkiyə vasitəsilə Ukrayna taxılının ixracına şərait yaradılması prosesi bir qədər nizama salıb.

“Taxıl ixracı qiymət artımının qarşısını aldı. Çox sürətli qiymət artımı oldu. 2019-cu ildən əvvəlki illərlə, yəni pandemiyadan əvvəlki dövrlə müqayisədə taxılın qiyməti 2,5 dəfə artıb. Hazırda qiymət artımı dayanıb. Ancaq qiymət yenə də olduqca bahadır. Hazırda 1 ton taxılın qiyməti dünya bazarında 400 dollar civarındadır. Azərbaycan da xaricdən asılı olduğu üçün gətirdiyi taxıl bir müddət sonra una, çörəyə çevrilərkən müəyyən dərəcədə qiymət artımı olacaq. Ola bilər ki, unun qiyməti daha sürətlə artsın. Ancaq çörək əsas məhsul olduğu üçün onun qiyməti qalxmayacaq. Çünki çörəyin çəkisi azalacaq. Bir müddət çörəyin çəkisinin azalmasının şahidi ola bilərik. Lakin unun qiyməti sürətlə artacaqsa, çörəyin qiymətində də artım olacaq”.

Ekspert Ukrayna taxılının iqtisadi prosesləri həll edəcəyi ilə bağlı mif yarandığını bildirib:

“İndi Ukrayna taxılının ixracına şərait yaradılıb. Lakin bilinməlidir ki, onun həcmi çox azdır. Belə fikir yaradılıb ki, Ukrayna taxılı dünyada bütün problemi həll edəcək. Belə deyil. Ukrayna taxılı cəmi 15-20 milyon ton civarındadır. Dünyanın taxıla olan tələbatı isə 800 milyon tondur. Ukraynaya görə dünyada qiymətlərin aşağı düşəcəyini gözləmək düzgün deyil. Ukraynada müharibə getdiyi üçün əkin-biçin də zəif olacaq. Deməli, ya payızda, ya da gələn il Ukraynanın dünyaya satacağı taxılın həcmi kəskin azalacaq. Artıq bazarlar bunu nəzərə alıb, qiymətləri aşağı salmırlar”.

Reaksiya.az

Şərhlər