Macarıstan Aİ-ni Azərbaycan və Mərkəzi Asiya qazına çıxışı üçün danışıqlar aparmağa çağırır

29.09.2022 13:16     Ecoreaksiya     384

Macarıstan Avropa İttifaqını (Aİ) Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada qaz infrastrukturunun qurulması üçün addımlar atmağa və bununla bağlı müvafiq sövdələşmələr üzrə danışıqlar aparmağa çağırıb.

"Report"un Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin energetika nazirlərinin Almatıda keçirilən görüşündə deyib.

P.Siyartonun sözlərinə görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri təkmilləşdirilməli, Cənub Qaz Dəhlizi Qərbi Balkanlar vasitəsilə Mərkəzi Avropa ilə birləşdirilməlidir.

"Hökumət, həmçinin külək stansiyaları tərəfindən istehsal olunan Azərbaycanın "yaşıl" enerjisinin su altından kabel vasitəsilə idxalı layihələrini də dəstəkləyir", - deyə nazir əlavə edib.

Hazırda “Türk axını”nın Macarıstana qaz tədarükünün 50-60 %-ni təmin etdiyini deyən P.Siyarto, bunun ölkənin illik istehlakının 42 %-ni ödəmək üçün ehtiyatların toplanmasına töhfə verdiyini bildirib. Bununla belə, o, yeni mənbələrin tapılmasına ehtiyac olduğunu xəbərdar edib və dünya qaz ehtiyatlarının 10,5 %-ni təşkil edən Mərkəzi Asiyaya işarə edib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. 878 km-lik boru kəməri İtaliyaya çatmazdan əvvəl Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək Türkiyə-Yunanıstan sərhədində Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir. Kommersiya istismarına başlayandan bəri qaz kəməri artıq Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edib. Bunun 10 milyard kubmetrdən çoxu İtaliyaya, 2 milyard kubmetrdən çoxu isə Yunanıstan və Bolqarıstana nəlq edilib.

TAP Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatına, o cümlədən mümkün birləşdirici boru kəmərlərinin tikintisi hesabına töhfə verir. Xüsusilə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kommersiya fəaliyyətinə başladıqdan sonra Bolqarıstan ümumi qaz tələbatının əhəmiyyətli hissəsini TAP vasitəsilə ödəyə biləcək. Yunanıstan və Albaniya, eləcə də İtaliyadakı TAP çıxış məntəqələri Avropa bazarlarına Azərbaycandan əlavə qaz almaq üçün çoxsaylı imkanlar təklif edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı yekun qərar 2023-cü ildə aparılacaq bazar sınaqlarından asılı olacaq. İlkin məqsəd 2021-ci ildə illik 8 milyard kubmetr həcmində olmuş qaz nəqlini 2022-ci ildən etibarən illik 12 milyard kubmetrə, mümkün olduğu halda isə illik 20 milyard kubmetrədək artırılması idİ.

Reaksiya.az

Şərhlər