Bakıda "qoçular" sürücüyə belə hücum etdi - VİDEO

21.03.2016 20:58     Sosreaksiya     926

Martın 19-da axşam saat 7 radələrində Dilarə Əliyeva küçəsində sürücülər arasında dava olub.

 

Reaksiya.info xəbər verir ki, birtərəfli hərəkət yoluna dönmək istəyən “Hunday” markalı avtomobilin sürücüsü yolun əks istiqamətində üzərinə şütüyən “Toyota” markalı, 90 RN 081 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və onun yanındakı idmançı cüssəli şəxsin hücumuna məruz qalıb. 

 

Videodan da göründüyü kimi, “Toyota”nın sürücüsü yolun əksinə hərəkət etdiyini bilə-bilə öz yolu ilə gedən sürücüyə hədə-qorxu gəlir və ondan geri çəkilərək yol verməsini tələb edir. 

 

Bu azmış kimi, maşından düşüb ona mədəni qaydada irad tutan sürücüyə hücum çəkərək onu söyüb təhqir edir. 

 

Zərərçəkən Avtosfer.az-a açıqlamasında hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:

 

“Bununla həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsini “Birtərəfli hərəkət yollarında hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə” 100 AZN məbləğində və 4 balla cərimələnməli və eyni zamanda, Cinayət Məcəlləsinin 148-ci (şərəf və ləyaqətin təhqir edilməsi) maddəsi ilə 300 manatdan 1000 manata qədər cərimələnməli və ya 240 saata qədər ictimai işlər və ya bir ilədək islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Baş vermiş hadisənin videoyazısını sizə təqdim edirik və aidiyyəti qurumları belə özbaşınalıq hallarının qarşısını almağa çağırırıq”.

 

P.S. Videoda işlədilən qeyri-etik ifadələrə görə oxuculardan üzr istəyirik.

Şərhlər

Çox oxunanlar