Türkiyə və Almaniya arasında “casus imam” qalmaqalı

18.02.2017 11:40     Sosreaksiya     1520

6 din xadimi barəsində casusluq ittihamı irəli sürülməsi, 4 türk imamın evində axtarış aparılması ikitərəfli münasibətlərə təsir edib...


Almaniyada türk imamların evlərində axtarış aparılması Berlin və Ankara arasında qalmaqala səbəb olub. Federal Prokurorluq bəyan edib ki, Şimali Ren-Vestfalya və Rheinland-Pfalz əyalətlərində fəaliyyət göstərən 4 məscid imamının evində casusluq iddiaları ilə əlaqəli axtarış aparılıb. Axtarış federal məhkəmə qərarı ilə baş tutub və casusluqla bağlı dəlillərin toplanması məqsədilə olub.


Rəsmi iddiaya əsasən, imamlar Fətullah Gülən təşkilatı haqqında gizli məlumat toplayıb və bu məlumatları Türkiyənin Köln şəhərindəki Baş Konsulluğuna ötürüb. Qeyd edək ki, imamların casusluqda ittiham olunması məsələsi Almaniyanın baş naziri Angela Merkelin fevralın 2-də Ankaraya səfəri zamanı gündəmə gəlib. Türkiyə mediasının xəbərinə görə, Merkel mətbuat konfransında deyib ki, Diyanət İşləri Türk-İslam Birliyi qurumunda çalışan imamların bəzi şəxslər haqqında məlumat toplaması demokratik sistemdə Alman hüquq dövlətinə zidd olmamalıdır.

Related image


Haqqında casusluq ittihamı olan 6 imam fevralın 10-da Türkiyəyə geri çağırılaraq başqa işlərə təyin olunub. Türkiyə Diyanət İşləri Başqanlığı geri çağırılan 6 imamdan 4-nün evində axtarış aparıldığını açıqlayıb. Bu imamların yerinə artıq yeni təyinatlar verilib. Axtarış aparılan evlər təşkilata məxsusdur və yeni imamlar o evlərə yerləşiblər.


Maraqlıdır ki, axtarışlar Baş Nazir Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyaya - Münhen təhlükəsizlik Konfransına getməyə hazırlaşdığı bir zamanda baş tutub. Bundan əvvəl isə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının sədri Hakan Fidan Almaniya Federal Kəşfiyyat Xidməti (BND) tərəfindən bu ölkəyə dəvət edilmişdi. Ancaq Fidanın səfərinin bu iddialarla bağlı olub olmadığı bilinmir. Diyanət İşləri Türk İslam Birliyi təşkilatı isə imamların casusluq etməsi iddialarını təkzib edir.

Image result for Nazir Binəli Yıldırım


Türkiyə Diyanət İşləri başqanı professor Mehmet Görmez isə Almaniya mediasına verdiyi açıqlamada casusluq iddialarını təkzib edib. O deyib ki, imamların və dini müşavirlik əməkdaşlarının Türkiyə vətəndaşlarını, müsəlmanları FETÖ və İŞİD kimi təşkilatların təhlükəli fikirlərinə qarşı, onların tələsinə düşməmək üçün tövsiyə və xəbərdarlıq etməsi, bu yöndəki fəaliyyətləri casusluq deyil. M.Görmez deyib ki, heç bir din xadimi öz camaatından olan biri haqda olan özəl məlumatları başqalarına verə bilməz.


Qeyd edək ki, Almaniya ədliyyə naziri Heiko Maas bildirib ki, Türkiyə dövlətinin Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) üzərində böyük təsiri var. Nazir bu təşkilatı Ankaradan ayrılmağa çağırıb. Alman nazirin bu ifadəsi Türkiyədə ciddi narazılıqla qarşılanıb. Ədliyyə naziri Bəkir Bozdağ yaydığı yazılı açıqlamada Almaniya nazirinin açıqlaması və imamlara qarşı casusluq ittihamının iki ölkə arasında dostluq münasibətlərinə ciddi zərər vuracağı qeyd olunub. Eyni zamanda o, axtarışların əsassız olduğunu qeyd edib.

Related image



DİTİB Türkiyə Diyanətinə bağlı olan Avropada fəaliyyət göstərən və əsasən türkiyəli miqrantlar və müsəlmanlara dini xidmətlər təşkil edən qurumdur. Ədliyyə naziri bildirib ki, imamlara qarşı casus ittihamı və axtarışları FETÖ-nün iftiraları ilə başladılıb. Ancaq hələlik bu iddia almanlar tərəfindən təsdiqini tapmayıb.


Xatırladaq ki, F.Gülən camaatının ən güclü olduğu ölkələrdən biri də Almaniyadır. Bu ölkədə çoxlu sayda Türkiyədən gəlmiş miqrantların olması səbəbindən uzun illər Camaat bu ölkədə təşkilatlana bilib. Bundan başqa, Türkiyədən qaçan bir sıra “Camaat” üzvü də Almaniyaya sığınıb. Bunların arasında ən məşhuru keçmiş prokurorlar Zəkəriyya Öz və Cəlal Kara da var. Hər iki şəxs uzun illər Türkiyədə səs-küylü cinayət işlərini idarə edib, ancaq daha sonra barələrində istintaq başladıqdan sonra Türkiyəni gizli şəkildə tərk edərək Almaniyaya sığınıblar.


Qeyd edək ki, Almaniya son 100 ildə Türkiyənin Avropada ən yaxın tərəfdaşlarından biri olub. 1950-ci illərdə iki ölkə hökumətləri arasında əldə olunan anlaşmaya əsasən Türkiyədən Almaniya fabriklərində çalışmaq üçün əvvəlcə mövsümi, daha sonra isə uzun müddətli işçilər alınıb. Hazırkı statistikaya əsasən Almaniyada 3,5 milyon (ümumilikdə 4,5 milyon müsəlman - K.R.) türk əsilli insan yaşayır. Onların bir hissəsi Almaniya vətəndaşıdır və artıq 3-cü nəsil Almaniyada yaşamış ailələrin övladlarıdır. Bu səbəbdən də Almaniyada böyük bir Türkiyə diasporu mövcuddur.

turkey germany musavatcom.jpg (507 KB)


Statistik məlumatlara görə, məhz Almaniyada yaşayan türklərin böyük qismi assimilyasiya olmur, əksinə, dini və milli dəyərlərə daha çox bağlanır. Bu səbəbdən də Almaniyada dini fəaliyyətlər xüsusən də türklər arasında xeyli dərəcədə aktivdir. Hazırda Almaniyada mövcud olan 2750 məscidin böyük qismini məhz türk məscidləri təşkil edir. Bu məscidlərdə mühacir və miqrant din xadimləri ilə yanaşı, Türkiyədən göndərilən din xidmətçiləri də çalışır.


Hələlik Almaniyanın bu iddiasının nə qədər doğru olub-olmadığını demək çətindir. Mümkündür ki, Mehmet Görmezin də ifadə etdiyi kimi imamlar Almaniyadakı məscidlərdə FETÖ əleyhinə, Camaata qarşı təbliğatlar aparıb. Eyni zamanda Camaata bağlı və ya yaxın olan şəxslərlə bağlı xəbərdarlıq edib, onlar haqqında bilgi toplayıb. Çünki F.Gülən camaatı bir dini qrup olduğu üçün məscidlər və din xadimləri arasında “Camaat” üzvlərinin olması mümkündür. Yəni ümumilikdə Türkiyədə “Camaat” ab-havasının Almaniyadakı miqrantlara sirayət etməsindən söhbət gedə bilər. Görünür, bu durum türklər üçün normal olsa da, almanlar üçün uyğun olmayıb. Digər tərəfdən, Bozdağın da ifadə etdiyi kimi, qarşı tərəfin iddiaları da rol oynaya bilər.


Ancaq istənilən halda bu olay onsuz da kövrək olan Ankara-Berlin münasibətlərini daha da zədələyir. Əgər Alman istintaqı ortaya hansısa dəlillər çıxara bilsə, bu hadisə türk dini fəaliyyətlərinə qarşı ciddi ittihama çevrilə bilər.

 
 
Reaksiya.az

Şərhlər

Çox oxunanlar