Bakıda sürücüyə hücum: “Müştərimiz yox idi, pulumuz qurtarmışdı”

20.08.2017 13:44     Sosreaksiya     1450

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan dörd nəfərdən ibarət dəstə üzvləri - 27 yaşlı Nurlan Hacımayılzadə, 21 yaşlı Adəm Lətifov, 20 yaşlı Saleh Sadıxov və 20 yaşlı Taleh Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un əməkdaşı xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Nurlan Hacımayılzadə bu ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 6,751 qram marixuana aşkar edilərək götürülüb.

Dəstə üzvləri Adəm Lətifov, Saleh Sadıqov və Taleh Mirzəyev Bakı-Qazax avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən 38-ci kilometrində sürücü Tariel Məmmədovun idarə etdiyi “Şaqman” markalı yük avtomobilini saxladıqdan sonra yerə düşməsini görüb, əvvəlcədən razılaşdıqları kimi, onun üstünə hücum çəkərək qarın nahiyəsinə və sifətinə yumruqla zərbələr endiriblər. Yük maşınının sürücüsünün cibindən götürdükləri 400 manat pulu öz aralarında bölüblər.

 

“Pulumuz qurtarmışdı, müştəri isə yox idi”

Əvvəllər xuliqanlıq törətdiyinə görə 1 il müddətinə islah işləri cəzasına məhkum edilən cinsi azlığın nümayəndəsi - “Aygün” ləqəbi ilə çağırılan Adəm Lətifov ifadəsində təqsirləndirilən şəxslərin onun dostları olduğunu, çox vaxt Sahil qəsəbəsi yaxınlığında, yolun kənarında dayanıb müştəri gözlədiklərin deyib:

“Magistral yolun kənarında dayanırdıq, arabir yük avtomobillərinin sürücüləri maşını saxlayıb bizimlə yaxınlıq edirdilər. Hər müştəridən 10-15 manat pul qazanırdıq. Bir həftəyə yaxın idi ki, pulumuz qurtarmışdı. Bizimlə yaxınlıq etmək istəyən də yox idi. Ona görə də, belə qərara gəldik ki, tək olan sürücülərə yaxınlaşıb onların pullarını oğyrlayıb qaçaq. İlk dəfə idi ki, belə bir iş görmək fikrinə düşmüşdüm”.

Bu məqsədlə “rəfiqələr” gecə saatlarında Bakı-Qazax yolunun kənarına gəliblər. “Aygün”lə rəfiqəsi “Banu” (Taleh Mirzəyev) yola yaxın məsafədə, “Hulya” (Saleh Sadıqov) ilə “Pərvanə” (Nurlan Hacımayılzadə) isə onlardan bir qədər kənarda dayanıblar. Aralarındakı razılaşmaya əsasən, “Banu” sürücüyə yaxınlaşmalı, kənardan kimsə gəldiyi halda “Hulya” ilə “Pərvanə” xəbər verməli imiş. Təxminən 10-15 dəqiqə sonra “rəfiqələr”in durduğu yerin yaxınlığında yük maşını dayanır:

 

”Sürücü maşından düşüb ayaqyoluna getdi. Ona iradımı bildirdikdə məni söydü. Mən də təpiklə qarnından vurdum. Bu zaman “Banu” sürücünün cibindəki pulları çıxarıb öz cibinə qoydu. Sürücü pulları tələb etdikdə “Hulya”gilə dedim ki, ona daş atsınlar. Bunu görub sürücü maşına sarı getdi. Oradan taksiyə minib Xocahəsən yoluna gəlib müştəri gözlədik. Pulları aramızda bölüşdürdük”.

 

“Arada narkotikdən istifadə edirəm”

Təqsirləndirilən “Pərvanə” ləqəbli Nurlan Hacımayılzadə oxşar məzmunlu ifadə verib:

”Adım Nurlandır, amma dostlarım məni “Pərvanə” deyə çağırır. Hadisə baş verən gün “Aygün” sürücüyə iradını bildirdi, maşını niyə yolun kənarında saxladığını soruşdu. Aralarında dava düşdü, “Aygün” sürücünü təpiklə qarnından vurdu. “Banu” sürücünün cibindən pulunu götürdü. Sürücü bizə tərəf gəlib pulunu geri istəyəndə “Hulya” ilə mən yerdən daş parçaları götürüb ona tərəf atdıq. Daş parçalarının bir neçəsi maşına dəydi. Sürücü bundan sonra bizdən aralanıb maşına tərəf getdi”.

“Pərvanə” ifadəsində arada narkotik vasitələrdən istifadə etdiyini bildirib:

”Hadisədən bir müddət əvvəl “Papanin” adlanan ərazidə tanımadığım şəxsdən 40 manata 2 kibrit qutusu marixuana almışdım. Ertəsi gün polis əməkdaşları məni saxlayaraq polis bölməsinə apardılar. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi və narkotik vasitı aşkar olunaraq götürüldü”.

Təqsirləndirilən şəxs qismində dindirilən “Banu” ləqəbli Taleh Mirzəyev və “ Hulya” ləqəbli Saleh Sadıqov da anoloji ifadə veriblər.

 

Qazancı daşdan çıxan sürücü

Zərərçəkmiş şəxs qismində dindirilən Tariel Məmmədov ifadəsində etibarnamə əsasında idarə etdiyi “Şaqman” markalı yük avtomaşını ilə daş karxanalarından mişar daşı yükləyib Gədəbəy rayonuna apardığını, mişar daşlarını satmaqla ailəsini dolandırdığını deyib:

“Hadisə baş verən gün Qaradağ rayonuna mişar daşı almaq üçün gəlmişdim. Axşam saatlarında ayaqyoluna getmək üçün avtomobili yolun kənarında saxladım. Elə bu vaxt qız simasında bir nəfər yaxınlaşıb məni təhqir etdi ki, yolun kənarına ayaqyoluna getmək olmaz. Mən də onu söydüm. Danışığından qarşımdakı şəxsin qadın olmadığını hiss etdim. Amma onu qadından ayırmaq mümkün deyildi. Bu vaxt qəflətən mənə qarnımdan təpik vurdu. Mən maşına söykənəndə sifətimə yumruqla vurdu, özümü itirdim. Onun yanında dayanan o birisi tayı cibimdən pullarımı çıxardı və qaçdı. Onların arxasınca gedəndə daha iki nəfər yolun kənarında dayanmış şəxs mənə sarı daş atmağa başladılar. Daş mənə dəyməsə də, maşına dəydi. Onlara yaxınlaşmağın mümkün olmadığını görüb, 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat verdim. Hadisə yerinə polis əməkdaşları gəldi”.

Məhkəmə prosesi avqustun 31-də davam edəcək.

Reaksiya.az

Şərhlər