QHT sədri polis laqeyidliyindən prezidentə müraciət etdi

03.09.2017 23:51     Sosreaksiya     2465

Reaksiya.az xəbər verir ki, "Müharibə Veteranı Qadınlarina Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbasın qardaşları 20 nəfər məlum şəxslər tərəfindən döyülüb, ağır vəziyyətdədir. Hadisə Yasamal rayonunda 29-cu polis bölməsinə aid ərazidə baş verib. Bu barədə facebook səhifəsində müraciət yayımlayan Radə xanım polisin bu cinayətə laqeyid yanaşmasından və qardaşlarının, övladının təhlükəsizliyindən kəskin narahat olduğunu bildirib.

27 avqust 2017-ci il tarixində saat 11 radələrində Yasamal rayon Şərifzadə küçəsi 161 saylı binanın qarşısında, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyi üçün ofis təmir etmək məqsədi ilə inşaat materialı almaq istəyən qardaşlarım Abbasov Cahandar Sabir oğlu və müharibə veteranı Abbasov Vüqar Sabir oğlunu binanın 20 nəfər sakini vəhşicəsinə döyüblər. Səbəb isə qardaşımın maşınının onların yanında saxlanması olub. Kişilər qarşıdan keçən qadınlara baxa bilməyəcəklərini düşünüb maşının orada saxlanmasına qəti etiraz ediblər.

Vüqar maşının mühərrikini işə salmaq üçün maşına əyləşəndə adının Alim olduğunu eşitdiyi bir sakin Cahandarın maşınını təpiklə əzməyə başayıb. Cahandar etiraz edib bu adamı itələyib. Elə bu zaman Cahandarı bir "igid" arxadan vurub. Cahandar huşunu itirib yerə yıxılıb. Orada oturacaqların üstündə oturan 20 nəfər qalxıb Cahandarı təpikləməyə başlayıblar. Cahandarı qorumaq üçün Vüqar özünü onun üstünə yıxıb ki, qoy məni öldürsünlər qardaşıma, Cahandara heç nə olmasın. Ortada Vüqar da yetərincə döyülüb. Hadisə sakitləşdikdən sonra Vüqar polis və təcili tibbi yardım çağırıb. Həmin gün Cahandar təcili yardım maşınında ağır bədən xəsarətləri ilə 1 saylı Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Qapalı kəllə- beyin zədələnməsi, ağır baş- beyin silkələnməsi, almacıq sümüyünün yerdəyişmiş sınığı, sol gözün altında kəsilmiş əzilmiş yara, sağ qabırğanın sınığı, bədənin çoxsaylı əzilmiş göyərmiş zədələri ilə bu günə qədər stasionar müalicə alır. Vəziyyəti orta ağırdır. Məsələni araşdırmalı olan Yasamal Rayon Polis İdarəsinin 29 saylı polis bölməsinin əməkdaşı Faiq Süleymanov isə Cahandarı hadisəni törədənlərin məhəlləsinə getməkdə ittiham edir. Bu günə qədər heç bir istintaq hərəkəti icra edilməyib. Cahandar Abbasovun döyülmə hadisəsindən 2 saat sonra 7 nəfərin aşkarlandığını bildirən baş leytenant Faiq Süleymanov bu gün heç kimin tapılmadığını deyir. Hadisə ilə bağlı Yasamal rayon polis idarəsinin rəis müavini Ələkbər müəllimlə və 29 saylı polis bölməsinin rəisi Anar müəllimlə görüşmüşəm. Ancaq heç bir nəticə yoxdur. Kütləvi xuliqanlıq şəraitində döyülərək ağır bədən xəsarəti alan, maşınının isə böyük bir hissəsi hadisə iştirakçıları tərəfindən tam əzilmiş Abbasov Cahandarın vətəndaş olaraq hüquqları pozulub. Azərbaycan polisinin bu qədər laqeyid münasibəti isə bağışlanmazdır.

Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək bildirmək istəyirəm ki, ölkəni məhəlli qanunları ilə idarə etməyi düşünən belə polis məmurlarından polisin sıralarının təmizlənməsi çox vacibdir. Belə məmurlar hakimiyyət və dövlətlə vətəndaş arasında çox dərin uçurum yaradırlar. Mən bir ana kimi, vətənə sədaqətini, dövlətinə sevgisini sübut etmiş, müharibə veteranı, Azərbaycan qadını kimi Azərbaycan hökumətindən, Prezidentimdən ailəmin və qardaşlarımın müdafiə edilməsi üçün köməklik istəyirəm. Belə vəhşiliyi törətmiş, qanundan və allahdan qorxmayan insanlar tərəfindən mənim övladıma da xəsarət toxuna biləcəyindən qorxuram.

Reaksiya.az

 

Şərhlər