Yarım tona yaxın narkotiklə tutulan şəxsə hökm oxunub

17.11.2017 15:41     Sosreaksiya     3245

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hacıbala Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Reaksiya.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, H. Tağıyevə narkotik ittihamı üzrə bəraət verilib.

 

Ona yalnız sərhəddən qanunsuz keçdiyinə görə, 5 il müddətinə azadlıq məhrumetmə cəzası verilib.

 

Qeyd edək ki, ötən ilin martında Azərbaycan gömrükçüləri  külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparan şəxsin qarşısını alıblar.

 

Azərbaycan vətəndaşı Tağıyev Hacıbala Əliməmməd oğlu idarə etdiyi "DAF" markalı, 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından "tranzit" qaydada keçməklə tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17800 kq çəkidə "kişmiş" yükünü İrandan Ukraynaya apararkən həmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun terminalındakı "HCVC 6032" markalı stasionar-rentgen qurğusundan keçirilib və "kişmiş" yükünün arasında əks olunmuş görüntü şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.

 

Avtomaşının yük yerinə keçirilmiş baxış zamanı orada olan 1800 ədəd "kişmiş" yüklü karton qutuların arasında yük yerinin orta hissəsindəki 114 ədədinin daxilində kişmişlərin altında sellofan paketə qablaşdırılmış, üzərilərinə qırmızı istiot səpələnmiş, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub. Sonra həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilib və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.

 

Reaksiya.az

Şərhlər