10 itən şəhər - VİDEO

27.01.2016 13:51     Maraqlı     3009

Arxeoloqlar belə şəhərlər aşkar edəndə nəinki mütəxəssislərin — tarixçilərin, o cümlədən adi həvəskarların da bu sahəyə marağının artmasına səbəb olur. 

1. Tikal

  

Mayyalıların ən böyük şəhər-dövlətlərindən biridir. İndiki Qvatemalanın Peten bölgəsində yerləşiи və 60 km2 ərazini əhatə edib. Bu şəhər milladdan öncə VII əsrdə salınmış, çiçəklənmə dövründə əhalisinin sayı 200 min nəfərə çatıb. Şəhərin mərkəzi hissəsində 6 dənə pilləli ehram (platforma), üzərində isə məbəd yerləşib. “Tikal” adının mənası mayya dilindən tərcümədə «ruhların səsinin eşidildiyi yer» mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan “Yaş — Mutul” (yaşıl bağ) qeyd olunur. Tikalın tarixi başdan-başa dramatik anlarla doludur. İnsanlar çoxsaylı müharibələrdən və üsyanlardan sonra buranı tamamilə tərk edib. Bu, X əsrin sonlarında baş verib və indiyədəkTikal kabuslar şəhəri olaraq qalır.Tikal və onun ətrafları Qvatemala hökuməti tərəfindən eyniadlı milli parka daxil edilib. 1979-cu ildən milli park UNESCO-nun siyahısına daxil edilib.

2. Ktesifon
 

Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 km2 sahəni əhatə edən bir şəhər olub. II əsrdən VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir. 

3. Böyük Zimbabve
 

Afrika dövləti olan Zimbabvenin ərazisində yerləşən qədim şəhərin xarabalıqları belə adlanır. Arxeoloqların fikrincə, bu şəhər 1130-cu ildə meydana gəlib və üç əsr ərzində şon xalqının əsas ziyarətgahı hesab edilib. Hündür daş divarlardan ibarət şəhərdə eyni zamanda 18 000 min nəfərə yaxın insan yaşayıb. Bu gün şəhər divarları özündə ən heyrətləndirici abidə olan Böyük Zimbabveni təmsil edir. Divarlar heç bir inşaat məhsulu istifadə edilmədən qurulub, onların hündürlüyü beş metrə çatır.

4. Mohenco-Daro


Hind sivilizasiyası ilə əlaqədar olan bu şəhərin adının mənası “Ölülər təpəsi” deməkdir. Şəhər dörd min beş yüz il əvvəl indiki müasir Pakistanın ərazisində İnda çayının vadisində yaranıb. Cənubi Asiyanın ilk şəhərlərindən biri olan Mohenco-Daro Misir piramidalarının müasiridir. Şəhər min il ərzində çiçəklənmiş və əhalisinin sayı 50 min nəfərə çatıb. Ancaq sonunda əhali şəhəri tərk edib. Arxeoloqlar belə təxmin edirlər ki, buna səbəb arilərin hücumu olub. 

5. Bagerhat
  

Bu şəhər Banqladeşin cənubunda Qanq vəBrahmaputra çaylarının qovşağında yerləşir. XV əsrdə salınıb. Çiçəkləndiyi dövrdə 360 məscid fəaliyyət göstərib. Ancaq Bagerhatın əsasını qoyan şəxsin vəfatından sonra şəhərin tənəzzülü başlayıb. İndi şəhərin 1 hissəsi təmizlənib, bura turistlər üçün turlar təşkil edilir. 

6. Mesa-Verde milli parkı
  

Hazırda ABŞ-ın Kolorado ştatının cənub-qərbində 211 km2 sahəni əhatə edən bu park 1906-cı ildə salınıb. Parkın adı yaylalardan birindən götürülüb. İspan dilindən götürülmüş adın mənası “yaşıl stol” deməkdir. Mesa-Verde milli parkında VI-XIII əsrlərdə hindu anasazi tayfaları tərəfindən inşa edilmiş qədim şəhərin xarabalıqları var.  Parkda ən böyük tikili ildə 700 mindən çox turist cəlb edən “Qayalı saray”dır. Təxminən 1300-cü ildə əhali şəhəri tərk edib. Bunun səbəbi dəqiq bilinməsə də, davamlı quraqlığın olması təxmin edilir.

7. Vicayanaqar
  

 1336-cı ildən XVII əsrin ortalarınadək  hökm sürmüş qüdrətli imperiyanın paytaxtı kimi bu şəhər Hindistanın cənubunu əhatə edib. Şəhərin adının mənası “Qələbə şəhəri” anlamındadır. Hazırda şəhərin yerində Hampi kəndi yerləşir. Doğrudur, burada şəhərin böyük xarabalıqlarından başqa fəaliyyət göstərən hind məbədləri, o cümlədən Vicayanaqardan da böyük olan Pampapathi məbədi də yerləşir.

8. Ani
   

Arpaçayın Qərb sahilində yerləşən Ani Anadoludakı qədim orta əsr şəhərlərindən biridir. Ani İpək Yoluyla Anadoluya girişdə ilk yaşayış yeri olduğundan, həm də böyük ticarət məntəqəsi kimi məşhur olub. IV əsrdə qarsaqlılar tərəfindən əsası qoyulmuş şəhər günümüzə qədər bir neçə dövlətin tərkibində olub, bir neçə mədəniyyət dönəmi keçib. X əsrdə artıq yüz min nəfərə qədər əhalisi olan böyük Ani şəhəri mənbələrdə həm də min bir kilsəli şəhər adıyla xatırlanır. Ani şəhərinin tarixi e.ə. IV minilliyə qədər uzanır.  Qırx qapılı, min bir kilsəli Ani  Səlcuqlar, Gürcü krallığı, monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və Rusiya mədəniyyətlərinin daşıyıcıları olan dövlətlərə tabe olub və Anidə hər mədəniyyətdən bir xatirə qalıb. Ona görə də bu gün Türkiyədə Aniylə bağlı məşhur bir məsəl var: Ani bir dünyadır, amma bir dünya Ani etməz.

9. Fiv
   

Şəhər Aralıq dənizindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşir. Ərazidə əhalinin ilk məskunlaşması miladdan öncə 3200-cü ildən 2000-ci illərə təsadüf edir. Fivdə 40000 nəfərədək əhali yaşayıb. Dünyanın ən böyük şəhəri statusunu miladdan öncə 1000-ci ilədək saxlayıb. Hətta indi də şəhərin xarabalıqları öz möhtəşəmliyi ilə insanı heyrətləndirir. Fiv şəhərinin ən böyük abidəsi Luksor məbədi, Karnak məbədi (Qədim Misirin ən böyük məbəd kompleksi) və Tutanhamonun sərdabəsidir.

10. Karfagen
  

Şimali Afrikada, indiki Tunisin ərazisində yerləşən şəhərin əsası milladdan öncə 814-cü ildə Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulub. Adının mənası Finikiya dilində “yeni şəhər” deməkdir. Şəhər uzun bir zaman kəsiyində müxtəlif dövlətlərin paytaxtı olub. Karfagen dövləti Roma Respublikası ilə aparılmış uzun müharibələrdən sonra miladdan öncə 146-cı ildə Roma senatının göstərişinə əsasən ləğv edilib, Karfagen şəhəri tamamilə dağıdılıb, lakin tezliklə romalılar Karfageni yenidən bərpa edib. Roma imperiyasının süqutundan sonra Vandal krallığının paytaxtı olub. Şəhərin tamamilə süqutu VII əsrdə ərəblərin hücumu zamanı baş verib. Bununla belə şəhərin Roma dövrünə aid xarabalıqları bu günədək qalmaqdadır. 

Şərhlər

Çox oxunanlar