Azərbaycanda vəhşi heyvanlar belə qorunur

11.02.2016 13:38     Maraqlı     1995

Qırmızı kitaba düşən qonur ayı və cüyür də onların müayinəsindən keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəhşi təbiətin bərpası və reabilitasiyası mərkəzi ölkədə zoomüxtəlifliyin qorunub saxlanılması istiqamətində fəaliyyətini daha da gücləndirəcək.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda yeganə olan bu mərkəz Xızının Altıağac ərazisində yerləşir. Mərkəzdə vəhşi heyvanlar saxlanılır. Onların arasında qonur ayı və cüyürə rast gəlmək olar. 

Cüyürlərdən birini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızıdakı Altıağac milli parkının əməkdaşları meşədə yay aylarında yaralı halda tapıblar. Artıq həmin cüyür bu bərpa mərkəzində müalicə olunub və ayağı sağalıb. Tezliklə həmin cüyür təbiətə buraxılacaq. 


Mərkəzdə saxlanılan cüyür


Qonur ayılar isə bura Zaqatala və Goranboy rayonlarından qeyri-qanuni saxlanılan istirahət obyektlərindən gətirilib.

Altıağac milli parkının direktor əvəzi Göyçə Musayev bildirdi ki, mərkəz 2007-ci ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, indiyədək bu mərkəzdə 500 baş vəhşi heyvan və quş sağaldılaraq və reabilitasiya edilərək təbiətə buraxılıb.

"Heyvanlar klinikanın müalicə və müayinə otaqlarında sağaldılır və sonra baryerlərdə yerləşdirilir və reabilitasiya edildikdən sonra vəhşi təbiətə buraxılır", - deyə Göyçə Musayev əlavə etdi.




Mərkəz bundan sonra da fəaliyyətini davam etdirəcək. Amma bir vətəndaş kimi hamımızın borcudur ki, rastlaşdığımız yaralı quş və heyvanı öldürməyə yox, sağaltmağa çalışaq.





Mərkəzdə saxlanılan heyvanlar

Şərhlər