Azərbaycandakı pişik otelindən REPORTAJ - FOTO

14.02.2016 01:11     Maraqlı     1514

- Alo, Salam, xanım! Publika.az saytından narahat edirik. Mərkəzin ünvanını dəqiqləşdirmək istəyirdik, Güzdəkdə hansı tərəfdədir?
- Çətin yerdə deyil, Bakı-Şamaxı yolunun üzərində yerləşir. Yolun kənarında plakatlar da asılıb, sağ tərəfdə.
- "Təbiətin bəxşişi" restoranından sağa döndükdən sonra təxminən nə qədər getməliyik?
- Heç yerə dönmürsüz, elə oradır...

Bu dialoqdan sonra fotoqrafımızın üzündə yaranmış təəccüb məndən də yan keçmədi. Demə, axtardığımız obyekt çox "məşhur" bir yerdəymiş. Hətta vaxtilə Daxili İşlər Nazirliyinin dəfələrlə reydlər keçirdiyi bir məkan olub...
Əlqərəz, təxminən 15-20 dəqiqə sonra tərif edilən ünvana çatıb darvazaya yaxınlaşmışdıq ki, qapılar taybatay açıldı. Fotoqrafımızın "obyektivi"ndən baxsaq, heç nə dəyişməmişdi. Hər şey bir neçə il öncə olduğu kimi idi. Qapıdan girən kimi, düz qarşıda kafe, ondan bir qədər arxada motel, onun arxasında az qala Güzdək qəsəbəsinə qədər uzanan çarhovuzlu bağ, sol tərəfdə müştərilərin açıq havada istirahət etməsi üçün şüşəbəndli "besedka"lar, sağ tərəfdə isə divar boyunca düzülən kabinetlər.  
 
Dəyişən yalnız obyektin adı, müştəriləri və kabinetlərin üzərindəki yazılar idi. Əvvəllər "Təbiətin bəxşişi" adlanan bu yerdə təbiət insan ehtirasına şahidlik edirdisə, indi təbiətin qoynunda, təbiətin bəxş etdiyi heyvanlara sahiblik edir. Adı isə dəyişərək "Azerbaijan Animal Rescue Center" olub. Yəni, "Azərbaycan Heyvan Xilasetmə Mərkəzi".
 
İt hürən tərəfə...

Bizi Mərkəzin direktor köməkçisi Vüsalə Ali qarşıladı. Vüsalə xanımla ayaqüstü söhbətdən məlum oldu ki, Mərkəzdə it və pişik sığınacağı ilə yanaşı baytarlıq klinikası da fəaliyyət göstərir. Hələ pişiklər üçün otel də.
 
Heyvanları gətirmək üçün Mərkəzin bir neçə xüsusi avtomobili, o cümlədən yaralı heyvanların klinikaya çatdırılması üçün təcili yardım maşını da var. Mərkəzdə hazırda 80 it, 70 pişik saxlanılır.
 
Qısa məlumatdan sonra Vüsalə xanımın təklifi ilə Mərkəzin ərazisində gəzintiyə çıxırıq.
-  Əvvəlcə hansı tərəfdən başlayaq? Köməkçi üzünü bizə tutub soruşur. - Pişiklərin sığınacağından, itlərin sığınacağından, yoxsa klinikadan?
- İt hürən tərəfə deyə üzərinə iri hərflərlə "Dog Shelter" yazılmış darvazanı göstəririk.
 
Qəfəsin o tayında
 
"İt sığınacağı" adlanan bu yer böyük bir ərazini əhatə edir. Sığınacaqda ona yaxın dəmir qəfəs və hər qəfəsdə təxminən 5-6 it saxlanılır. Təhlükəsiz olan heyvanlar isə qəfəslərə salınmır və onlar həm mərkəzin işçiləri ilə, həm də ziyarətçilərlə azadlığın dadını çıxarırlar.
 
Qədəmlərimizi yenicə darvazadan içəri atmışdıq ki, azadlıqda olan bir dəstə it üstümüzə atıldı. İtlərlə oynaya-oynaya heyvanların imkan verdiyi qədər ara-sıra Vüsalə xanımın açıqladığı məlumatları da qeyd etməyə çalışırıq.
Onun dediyinə görə, qəfəsdə saxlanılan itlər adətən küçədən gətirilən heyvanlar olur. Elə itlər var ki, bir-biri ilə yola getmirlər. Ona görə də onlar ayrı-ayrı qruplar halında qəfəslərdə saxlanılır.
- Hamısı küçə itləridi bunların?
- Yox, bəziləri ev itləridir. Ya qocaldığından, ya hansısa xəstəliyə görə sahibləri gətirib bura verib. Aralarında cins itlər də var. Eləsi var ki, maşın vurub, ayağı amputasiya olunub, sümük xəstəliyi olanlar var. Bəziləri müalicə olunurlar. Müalicəsi başa çatandan sonra sahiblərinə təhvil veriləcək.
- Bəs heyvanları necə toplayırsız? Küçədən özünüz tutusuz, yoxsa hansısa idarə gətirir?
- Bəzən insanlar küçədə yaralı və ya pis vəziyyətdə tapıb gətirirlər, bəzən özümüz görüb gətririk. Çox vaxt zəng vurub xəbər verirlər əməkdaşlarımız gedib götürür. Bura gətirdikdən sonra da həkimlərimiz tərəfindən müayinə edilir, lazımı tədbirlər görülür.
- Bəs sonra nə olur bu itlərin taleyi? Elə burada yaşlanıb ölürlər, yoxsa şatırsız?
- Satmırıq, bütün dünyada olduğu kimi, bizdə də  heyvanlar himayəyə verilir, - deyə direktor köməkçisi qaydaları izah edir. - Heyvanlar himayəyə verildikdə Mərkəzə 30-35 manat məbləğində rüsum ödənilir ki, bu da bütün dünyada "adoption first" adlanır. Bu məbləğ isə heç onların xərcini ödəmir.
 
İt demə, o da dəxi bizim birimiz...
 
Xərcdən söz düşmüşkən, heyvanlara qulluq etmək demə, o qədər də sadə deyilmiş. Heyvana da insan kimi gündə 3-4 dəfə yemək verilməli, ən azı həftədə bir dəfə çimizdirilməli, vaxtlı-vaxtında peyvənd edilməlidir.
Vüsalə Alinin hesablamasına görə, bir itin aylıq xərci təxminən 100-150 manat, pişiyinki isə 30-50 manat civarında dəyişir.

Maral, Maral, Maral...

İtlərin sığınacağında gəzintimizi başa vurub qayıdarkən bayaqdan bəri digər heyvanlardan fərqli olaraq çəpərlənmiş ərazidəki kötüyün üstündə oturaraq məzlum-məzlum bizi seyr edən cins itlə şəkil çəkdirmək qərarına gəlirik. Məlum olur ki, adı Maral olan bu mehriban it əslində xeyli məşhurmuş. Hətta bir neçə televiziyanın kamerasına da tuş gəlib. Onun üçün "Maral, Maral" mahnısını ifa edib qarşısında süzənlər də az olmayıb.
Biz də Maralla birlikdə obyektivə poz verib keçdik pişiklərin sığınacağına.
 
Nazımı çəkən tapılar..
 
İtlərdən fərqli olaraq pişiklər qəfəsə salınmırlar. Onların hamısı bir arada yaşayırlar. Onlar mərkəzin ərazisində sərbəstdirlər. İstədikləri vaxt həyətdə gəzir, istədikləri vaxt səbətdə yatır, istədikləri vaxt lap nağıllardakı qəsrlərə bənzəyən yuvalarında istirahət edir, istədikləri vaxt da "siçan" qovur, yumaq diyirlədirlər . Baxıcılar isə heyvanların hər nazını çəkməyə borcludurlar. Hələ pişiklərin  baxıcıların boyunlarını qucaqlaması da  bir aləmdir.
 
Pişik oteli

"Təbiətin bəxşişi" dönəmində hansısa cütlüklərin kef-damaq çəkdiyi "besedka"lardan biri indi pişiklər üçün otel olub.
Vüsalə Alinin bələdçiliyi ilə bir otaqdan ibarət Pişik otelinə baş çəkirik. Oteldə pişiklər üçün bir neçə mərtəbəli "çarpayı"lar və "qəsr"lər yerləşdirilib. Amma heç birində müştəri yox idi.
- Vüsalə xanım, deyəsən devalvasiya sizə də təsir edib. Müştəriləriniz yoxdu, yoxsa gəzintiyə çıxıblar, - deyə yarızarafatla Mərkəzin direktor köməkçisindən soruşuruq.
- Hazırda oteldə müştərimiz yoxdu. Adətən bayramqabağı otelimizdən istifadə edirlər. Kimsə tətilə gedəndə pişiklərini gətirib otelə yerləşdirirlər. Məsələn yeni il ərəfəsində boş yerimiz yox idi.
- Bəs otelinizin bir günü neçəyədi?
- Əgər pişiyin yeməyini sahibi gətirirsə, günü 10 manat, yox oteldə yeyəcəksə 15 manat.  
 
Pişiklərə qulluq isə öz yerində. Vaxtlı vaxtında gündə 3 dəfə yedizdiriilməli, gəzdirilməli, tumarlanmalı, bir sözlə sahibi necə tələb edirsə, o cür də qulluq göstərilməlidir.

"Əlil" pişiklər
 
Oteldən ayrılıb 70 pişiyin yaşadığı sığınacağa daxil oluruq. Burada baxıcısı ilə qucaqlaşan pişik də  var, səbətdə xoruldayan, pəncərədən girib qapıdan çıxan dəcəl pişiklər də. Hətta gözləri çıxarılmış, 3 ayaqlı, quyruqsuz, belə demək mümkünsə fiziki imkanları məhdud olan "əlil" heyvanlar da.
Vüsalə xanım pişiklərə verilən işgəncə ilə bağlı giley-güzara başlamışdı ki, Mərkəzin sahibi və yaradıcısı, İran əsilli, 22 ildir Azərbaycanda yaşayan Hədiyyə Rovşanzamir içəri daxil olur.
Biz də fürsətdən istifadə edərək səhərdən bəri beynimizi məğul edən bu sığınacq ideyasının hardan qaynaqlanığını öyrənmək uçun Hədiyyə xanıma müraciət edirik.
- Hədiyyə xanım, Dünyada kimsəsiz uşaqlar və evsiz insanlar da çoxdu. Niyə məhz heyvanlar?
- Doğrudur, kimsəzi uşaqlar da var. Amma Azərbaycanda onların qayğışına qalanlar da çoxdu. Heyvanlara isə olduqca laqeyd münasibət var. Ona görə də, onlara sahib çıxdım, bu dilsiz, ağızsız heyvanların danışan dili olmaq istədim.
 
"Bizi  evə götürün!"

Amma son zamanlar deyəsən vəziyyət o qədər də ürəkaçan deyil. Baş verən iqtisadi proseslər heyvanlardan da yan keçməyib. Yeməkləri bahalaşıb, Mərkəz isə yalnız klinikanın ümidinə qalıb. Ona görədə, Hədiyyə xanım heyvansevərlərdən yardım gözləyir.
- Onlar da canlıdı, onları da Allah yaradıb. İstəyirlər ki, onların da evi olsun. Əgər dilləri olsa, bura gələn insanlara deyərlər ki, "bizi evə götürün", - deyə Hədiyyə xanım insanlardan heyvanları himayəyə götürmələrini təklif edir.
- Əgər buradan heyvanları götürsələr bizim də yenilərini götürmək imkanlarımız olar. Amma indi yerimiz yoxdur deyə yeni heyvanlar götürə bilmirik, - sığınacağın sahibi vəziyyətin ağırlığını izah etməyə çalışır.
 
Müayinə 15 manat
 
Pişiklərlə də sağollaşıb keçdik klinikaya. Düzü insanların xəstəxanasından heç də fərqlənmirdi. Xəstəxanada gördüyünüz cihazların eynisindən elə burada da var. Fərqlənən yalnız xəstələr və palatalar idi. Klinikanın həkimlərindən xəstələr və onların xəstəlikləri haqqında məlumatlar aldıq. Məlum oldu ki, klinikada heyvanın ümumi müayinəsi 15 manata başa gəlir. Həkimlərin xüsusi həssaslıqla yanaşması da təəccübümüzə səbəb oldu. Düzü insanla müqayisədə heyvanlara bu cür qayğı göstərilməsinə qibtə etməmək mümkün deyil. Xəstəliklərə gəlincə,  insanda olan bir çox xəstəliklər elə heyvanlarda da mövcuddur. Böyrəyində daş olanı da, xərçəngi də, başı ağrıyanı da, dişi ağrıyanı da...
Bir sözlə, "it demə, o da dəxi bizim birimiz..."
publika.az

Şərhlər