Kağızlardan insan "yaradan" azərbaycanlı qız - FOTOLAR

14.02.2016 19:20     Maraqlı     1779

Aysel Abdullazadə gənc rəssamdır. O, kvilling adlanan texnika ilə rəsmlər yaradır. Bu texnikada ancaq rəngli kağızlardan və yapışqandan istifadə edilir. Bu yolla kağızlar rəsm və fiqur halına salınır. 
 
Ayselin 23 yaşı var və 3 ildir bu işlə məşğul olur. Bu sənəti internet vasitəsi ilə öyrənən Aysel, artıq tələbələr də yetişdirir. Onun hazırladığı rəsmlər bir neçə dəfə sərgidə nümayiş edilib.  
 
Daha ətraflı məlumatı isə onun özündən soruşduq: 
 
- Necə oldu ki, kvillingə həvəsiniz yarandı?
 
- Mən bu texnika ilə hazırlanan rəsmləri, fiqurları internetdə gördüm və diqqətimi çəkdi. Beləcə maraqlanmağa başladım. İnternetdən bu texnikanın sirlərini öyrəndim. Beləliklə başladım işləməyə. İlk vaxtlar rəsmlərimi dostlara, tanışlara hədiyyə edirdim. Sonra artıq sifarişlər almağa başladım. İlk sifarişim də Gül bayramı zamanı oldu. 
 
- Başqa bir işlə məşğul olursunuzmu?
 
- Yaxın günlərə qədər işləyirdim. İşdən sonra evdə kvillinglə məşğul olurdum. Amma artıq o işimdən ayrılmışam. Bütün vaxtımı buna sərf edirəm. 
 
- Ləvazimatları necə əldə edirsiniz?
 
- Hamısını xaricdən gətirdirəm və ya özüm gedib, alıram. Əsasən Türkiyədən və Çexiyadan aldığım kağızlara üstünlük verirəm. Kvilling üçün xüsusi kağızlar var. Bu kağızları Bakıdan tapmaq olur. Amma burada satılanlar keyfiyyətcə aşağıdır və Çin istehsalıdır. 
 
- Sizdən başqa bu sənətlə məşğul olan varmı? 
 
- Var. Natavan Gallery”də “Yaz dirçəlişi” adlı sərgim keçirilmişdi. Həmin sərgidə onlarla tanış oldum.
 
- Əl işlərinizi satırsınızmı? Satırsınızsa zəhmətə dəyirmi? 
 
- İlk əl işimi 25 manata satmışdım. İndi də sifarişlər alıram. Son zamanlarda əsasən futbol klublarının loqolarının hazırlanması üçün sifarişlər alıram. Amma ən çox istək adlarla bağlı olur. Yaxını, sevgilisi üçün eksklüziv hədiyyə almaq istəyənlər belə sifarişlər verirlər. Mən də 2-3 gün ərzində sifarişi tamamlayıram. Zəhmət məsələsinə gəlincə isə, məncə bir sifarişə sərf etdiyim vaxta və əziyyətə görə zəhmətimi ucuz satıram. Düşünün ki, dərslərimə gələnlər olur. Bir müddət sonra deyirlər ki, "Səbrimiz çatmır". Çünki kviling səbir tələb edir. Kazğıları xırda-xırda, bir-bir yapışdırmaq, ona düzgün fiqur vermək və s. Səbirli olmasan, işləmək olmaz. 
 
- Vaxt demişkən, bu rəsmlərə nə qədər vaxtınız gedir?
 
- Minimum 2-3 gün... Əvvəllər 10 günə hazırladığım bir rəsmi, indi bir neçə günə həll edirəm. Emalatxanam olmadığı üçün bütün rəsmləri evdə hazırlayıram. Otağım ancaq kağız, şüşə, ləvazimatla doludur. İstəyərdim ki, bir emalatxanam olsun, orada işləyim. Hələ ki bu mümkün deyil. Çünki bunun üçün maddi durumumun yaxşı olması və dəstək lazımdır. 
 
- Bəs, kağızlardan insan "yarada" bilirsinizmi? 
 
- Çox çətindir. Amma bacararam. Sadəcə bu zamana kimi sifariş edən olmayıb. Olsa, edərəm. 
 
Qeyd edək ki, kvilling incəsənət növü XIV əsrin sonu XV əsrin əvvəllərində Aralıq dənizi ətrafında yerləşən Avropa ölkələrində yaranıb. Hesab olunur ki, kvilling monarxlar tərəfindən icad edilib. Onlar zərli kitab kənarlarını kəsərək quş lələyi kimi qatlamaqla qızıl miniatür imitasiyalar yaradıblar. Quill-ingiliscədən tərcümədə “quş lələyi” deməkdir.
 
 









Musavat.com

Şərhlər