"Saqqız Divarı", siqaretin alternativi - SAQQIZ HAQQINDA BİLMƏDİKLƏRİMİZ - VİDEO

25.02.2016 12:20     Maraqlı     1522

Bəli, əksəriyyətimizin çeynədiyi, böyükdən kiçiyə çox adamın istifadə etdiyi daimi vərdiş və ya nəfəs qoruyucusu olan saqqız...

 

Xüsusi kulinar məmulatı olub, əsası yeyilməyən elastik maddədən ibarətdir. İnsan sağlamlığı, əsasən də diş sağlığı üçün faydalı vasitədir.

 

Qədim yunanlar ağızlarının təravətlənməsi və yemək qalıqlarının dişlərinin arasından təmizlənməsi üçün mastika ağacının qatranını, Qədim Maya sivilizasiyasında saqqızın yerinə Hevae ağacının bərkimiş şirəsini - rezini, Şimali Amerikada isə hindular Xvoya ağacını qaynadıb onun qatranını çeynəyirdilər.

 

Sibirdə istifadə olunan Sibir qatranı təkcə ağız təravətləndirmək üçün deyil, həmçinin diş, damaq və ağız boşluğu xəstəlikləri üçün istifadə olunur.

 

Saqqızın yaranma və istifadə tarixi çox qədimlərə gedib çıxır. İlk saqqız istehsal edən fabrik ABŞ-da yaradılıb. 1848-ci ildə Con Kurtis tərəfindən satılmağa başlayan saqqızın patenti 2 il sonra Uilyam Fineli Sempl tərəfindən alınıb. Lakin ilk təkmilləşdirilmiş saqqız 1869-cu ildə Tomas Adams tərəfindən hazırlanıb. Həmin gündən indiyə qədər saqqız istehsalının inkişafı davam edir. 1928-ci ildə isə amerikalı Uolter Daymer kauçuk, şəkər, qarğıdalı siropu və ətirləndiricidən istifadə etməklə şişirdilə bilən saqqız ixtira edib.

 

Saqqız iştahanı azaldır və nəticədə arıqlamağa səbəb olur. Həmçinin gərginliyi səngidir ki, bu da stress zamanı çox yemək yeyənlər üçün xeyirdir. Araşdırmalar göstərir ki, saqqız çeynəmək saatda 11 kalori itkisinə səbəb olur və beyinə gedən qanı artırır. Saqqız həm də yaddaşı möhkəmləndirir. Ağız və diş sağlığı üçün əvəzolunmaz vasitədir. Ağızı bakteriyalardan qoruyur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır.

 

Çeynəmək üçün olan bu elastik maddəni bəzən bilmədən uduruq. Xüsusən də bu hal uşaqlarda  tez-tez baş verir. Udulan saqqızlar bədəndən on il ərzində xaric edilir. Kiçik uşaqlar üçünsə təhlükə daha böyükdür. Saqqızı udanda  həzm sistemində on il qalır. Bu da bağırsaqlarda ciddi dəyişikliklərə səbəb ola bilər.


Saqqızın bir başqa müsbət təsiri siqaretlə əlaqədardır. Ağızı hərəkətdə saxladığı üçün siqareti unutdurur. Araşdırmalara görə, siqareti tərgitmək istəyənlər saqqıza daha çox müraciət edir.

 

Qeyd etdiyimiz kimi, əvvəllər bu qarışıq ağac qatranından hazırlanırdı, hazırda sintetik qatqıdan, plastik və rezindən ibarətdir.

 

Bəhs etdiyimiz qarışıq mikserin içərisinə tökülür, ona rəngləndirici və ətirləndirici maddələr əlavə olunur. Qarışdırılma prosesi başladıqdan sonra onun dadına şirinlik qatmaq üçün üzərinə qlükoza siropu qatılır. Qlükoza siropu duru olduğundan, bu faktor qatqının daha yumşaq qalmasına kömək edir. Bunun ardınca el arasında "üzüm şəkəri" kimi tanınan dekstroza əlavə etmək lazımdır. Nəticədə bu tərkib 20 dəqiqə müddətində qarışdırılır.
 

Alınmış xəmirəoxşar kütlə ilkin sıxılma prosesi üçün press cihazına gətirilərək soyutma kamerasına qoyulur. Saqqız bu kamerada 3-7 dərəcə temperaturda soyudulur. Saqqızlar xüsusi tərəzinin içərisindən keçirilərək, bankaya yerləşdirilir. Bankanın germetik qalmasını təmin etmək üçün onu plastiklə möhürləyirlər ki, bu da saqqızın təravətli qalmasına şərait yaradır.

 

Əvvəllər saqqızlar ancaq çəhrayı rəngdə olurdu. Bunun səbəbi isə XX əsrin əvvəlində ixtiraçı U.Daymerin ixtira prosesində tapa bildiyi yeganə rəng olmasıdır.

 

Bəhs etdiyimiz ağız əyləndiricisi üçün dünyada qeyri-adi məkan mövcuddur. "Saqqız Divarı" adlandırılan bu yer ABŞ-da Vaşinqton ştatının Sietl şəhərində yerləşir. ABŞ-da bu yer "Gum Wall" olaraq tanınır. Dar bir keçid olan divarın üzəri çeynənmiş saqqızlarla örtülüb.

 

Divar Market Teatrının yanında yerləşir. Saqqız yapışdırma ənənəsinin təməli 1993-cü ildə "Unexpected Productions" şirkəti Sietl Teatrının divara saqqız yapışdırması və saqqızların içərisinə də xırda pulların yerləşdirilməsi ilə qoyulub. "Saqqız Divarı" iki dəfə qazınaraq təmizlənib. Amma 1999-cu ildə market işçiləri "Saqqız Divarı"nın turistlərin diqqətini çəkdiyini görüb, oranı təmizləməkdən əl çəkiblər.

 

(APA)

Şərhlər