Heydər Əliyev haqqında şok - Mixaylo şəhərdədir...

28.02.2016 22:28     Maraqlı     4090

"Mən iki - üç ay şəhərdə müxtəlif yerlərə - məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm, insanları aldadırlar, yoxsa yox?"

Ümummilli liderimiz Heydər Əliyevlə bağlı xatirələrimi maraqla qarşılayan oxuculara təşəkkürümü bildirir, növbəti qeydlərimi təqdim edirəm...
 
...Heydər Əliyevin Prezident Administrasiyasında jurnalistlərlə növbəti görüşü zamanı həmkarlarımızdan biri, daha dəqiq söyləsəm, Anar Vəziroğlu Ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi ilk illəri xatırlatdı və bildirdi ki, o zaman əhali arasında "Mixaylo şəhərdədir" ifadəsi geniş yayılmışdı. Heydər Əliyev gülümsünüb onun sözünü təstiqlədi və bu ifadənin tarixçəsini danışdı:
 
- Mən 1969 - cu ildə Azərbaycana başçı təyin olundum. İndi burada çıxış edən bir jurnalist dedi ki, o vaxt o yazıb ki, "Mixaylo şəhərdədir". Mənim barədə bu söz 1969 - cu ildə icad olunubdur. O vaxt mən birinci katib təyin edildim. Məni heç kəs tanımırdı. Çünki ondan əvvəl "KQB"- nin sədri idim, şəhərdə məni tanımırdılar. Mən iki - üç ay şəhərdə müxtəlif yerlərə - məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm, insanları aldadırlar, yoxsa yox? Ona görə də bundan sonra həmin söz yarandı. Bilirsiniz ki, "Mixaylo" vaxtilə alman - faşist işğalçılarına qarşı qəhrəmanlıq göstərmiş bizim Mehdi Hüseynzadənin ləqəbidir. O vaxtlar İtaliyada ona "Mixaylo" deyirdilər. Ona görə də "Mixaylo şəhərdədir" sözləri mənim haqqımda da deyilirdi. Mən nəyi gördüm? Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan - burdan tapıb bir - birinə satmışdılar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görsün, bu, Əliyevdir, yoxsa yox...
 
Sonra Heydər Əliyev bizə maraqlı bir xatirə danışdı:
 
- Mən bir dəfə gedib ət növbəsinə durdum. Nəyə görə? Çünki o vaxt üç növ ət var idi. Bu, mənim yaxşı yadımdadır. Bunlardan biri 3 manat 20 qəpik, digəri 3 manat 50 qəpik, o biri isə, deyəsən, 3 manat 80 qəpik idi. Qəssab nə edirdi? O, üçüncü növ əti birinci növ əvəzinə satırdı, yaxud, üç kiloqram ət verəndə adamları yarım kiloqram aldadırdı. Mən iki - üç dəfə gedib növbəyə durdum. Məni də aldadanda onu tutdum, milisi və başqalarını çağırdım. Mən şəxsən özüm bir - neçə dəfə belə etdim. İnsanlar bilsinlər ki, axı, belə iş görmək olmaz. Üç - dörd aydan sonra mən bunu edə bilmədim, çünki məni artıq tanıdılar...
 
...Bəli, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edir, onun adı ilə bağlı xatirələri maraqla yada salırıq. Çünki bu xatirələrin hər biri ibrət dərsidir...
Məzahir Süleymanzadə, 
tanınmış publisisdt-jurnalist, 90-cı illərin əvvəllərində ölkənin ən populyar nəşrlərindən olan "Səhər" qəzetinin baş redaktoru
Moderator.az
 

Şərhlər