Çak Fini - Milyardı olmayan milyarder

01.03.2016 13:28     Maraqlı     3656

O Duty Free mağazalarının əsasını qoymuş bir insandır. 84 yaşında 7.5 milyard dollar sərvətə malikdir, lakin buna baxmayaraq onun şəxsi avtomobili yoxdur, ekonom klassda uçur və icarəyə götürdüyü mənzildə yaşayır. Bu şəxsin adı Çak Finidir (Chuck Feeney). Onu daim ütülənməmiş köynəkdə, qoluna 15 dollarlıq elektron saat taxmış halda görmək olar. Tarixi vətəni olan İrlandiyada onu bəlkə də Amerikalı turist hesab edərlər. Restoranlar yerinə bu şəxs qəlyanaltılara gedir və ictimai nəqliyyatdan istifadə edir.

Onu bəlkə də simic və hər qəpiyinin qədrini bilən bir adam kimi qələmə vermək olar. Lakin bir fakt belə fikirləşməyə mane olur. Son 30 il ərzində Çak Fini xeyriyyə işlərinə 6 milyard dollardan çox pul xərcləyib. Bu pullar təhsilə, səhiyyəyə, elmə, ABŞ-da, Vyetnamda, Avstraliyada, Cənubi Afrikada, İrlandiyada və Bermud adalarında qocalar evlərinin saxlanılmasına xərclənib. O bununla da kifayətlənməyib 2016-cı ilədək var-dövlətinin qalan hissəsini də xeyirxah işlərə xərcləmək fikrindədir.

Bundan əlavə, bu ekstravaqant milyarder qocanı nəinki pullar, hətta şan-şöhrət də maraqlandırmır. Öz milyardlarını paylayarkən o hər zaman kölgədə qalmağa çalışmış və ilk 15 ildə buna nail ola bilmişdir. Çünki heç kim onun xeyirxah əməllərindən xəbər tuta bilməmişdir. Sonra isə onun gördüyü işlər üzə çıxdı, lakin Fini yenə də özünü sadə aparmış və əməllərinə davam etmişdir. Məlumdur ki o, 2012-ci ilədək 5-dən çox müsahibə verməyib.

Çak Fini çox qeyri-adi insandır. Öz biznesini ən aşağı səviyyədən başlayaq bir neçə il ərzində 27 ölkədə 200 işçidən ibarət bir şirkət qura bilir. Onun gəlirləri ildırım sürəti ilə artsa da böyük bir hissəsi o dəqiqə Çakın  The Atlantic Philanthropies adlı xeyriyyə fondunun hesabına köçürülürdü. Bu barədə Elm və Texnika dərgisi məlumat verir.

“Mən əmin oldum ki, ən böyük həzzi o zaman alırsan ki, pulları verdikdən sonra hər hansı bir yer, məsələn xəstəxana peyda olur. Bu ki məntiqlidir – pulunu bankdakı hesab yerinə xeyirxah işlərə sərf edirsən” – deyə Fini bildirir.

Digər məşhur milyarder Bill Qeyts(Bill Gates) Çakı nümunə götürmək üçün ideal bir insan adlandırmış, həyatda xeyirxah işlər görmək istəyənləri ona oxşamağı çağırmışdı. Milyardı olmayan milyarder hər kəs üçün əsl xeyirxahlıq, insanlıq nümunəsidir.

 

(Maraqli.info)

Şərhlər