Uşaqlardakı aqressivliyin səbəbləri və onların aradan qaldırılması

12.03.2016 16:06     Maraqlı     1565

Uşaqlar böyüdükcə, onların beyinləri inkişaf edir, ətrafda baş verənlərə reaksiyaları artır. Yaş artdıqca uşaqlarda qəribə bir aqressiya da formalaşır. Aqressivlik hazırda dünyada müzakirələrə səbəb olan ən böyük problemə çevrilir. 

Axşam.az xarici KİV-ə istinadən uşaqlarda əsəbililiyin səbəblərini və bunun yarada biləcəyi problemləri təqdim edir:

İki yaşında bir uşağın çox əsəbi olması əlbəttə ki, normal hal deyil. Onun yerli-yersiz ağlaması, narahat olması valideynləri də özündən çıxarır. Amma bəzi halda 16-18 aylıq bir uşağın bu cür narahatlıq göstərməsi normal haldır. Uşağın sağlamlığında bir problem yoxdur. Bu onun diş çıxarması, yuxusunu lazımi qədər almamasının göstəricisidir. 

Aqressivlik – insan sağlamlığının ən birinci düşmənidir. Amma balaca uşaqlarda bu fərqlidir. Hər bir uşaq balaca evcik qurarkən, diş çıxararkən, hətta yemək yeyərkən kiçik əsəb göstərir. Uşaq ağlayarkən təşvişə düşmək, ona narahatçılığını göstərmək lazım deyil. Unutmayın ki, əsəb bir tərəfdən yaxşıdır. Ağlamaq, qışqırmaq ürəyi rahatladır. Amma qədərində...  

Bəzi hallarda isə 4-10 yaş arası uşaqlarda aqressivlik müşahidə edilir. Bunun həddindən artıq olması sağlamlıqda problem deməkdir. 

Lazımlı və yersiz aqressiyanı valideynlər ayırd etməyi bacarmalıdır:

1. Əsəb davamlı olur: Yersiz hərəkətlərə belə aqressiv reaksiya verilir. Bu hal aylarla davam edir. 

2. Təhlükəli hallar yaratmaq: Harasa yumruq, təpik atır. 

3. Özünü idarə edə bilməmək: Aqressiv olur, dostları ilə münasibət qura bilmir. Məktəbdə tez-tez dalaşır. 


Uşaqdakı aqressivliyin iki əsas səbəbi var:

Özünə diqqət çəkməyə çalışmaq: Belə uşaqlar böyüklərin diqqətsizliyindən əziyyət çəkirlər. Buna görə də tez-tez ağlayır, qışqırırlar. Onlar diqqət çəkməyin başqa yolunu bilmirlər. 

İstədiyinə nail olmaq: Məqsədinə çatmaq üçün qışqırmaq tək çıxış yoludur. Onlar istədikləri oyuncağa sahib olmaq, şirniyyat yemək üçün qışqırırlar. Buna görə də belə uşaqlara nəyisə qadağan edəndə onun səbəbini izah edin.



Uşaqlarda aqressivliyə səbəb olan amillər:

• Uşaqların internetdən çox istifadə etməsi, döyüş oyunları oynaması.
• Ailədə valideynlərin tez-tez dalaşması, səsini ucaltması.
• Uşağı döymək, məktəbdə onun üstünə çox getmək.
• Doğuş zamanı beynin zədələnməsi.

Uşaqlardakı aqqresivliyin səbəbləri və onun aradan qaldırılması:

1. Hiperaktiv və aqressiv uşaq
Hərəkətli uşaqda disiplin yaratmaq o qədər də asan deyil. Belə hal qapalı şəraitdə böyüdülən uşaqlarda aşkarlanır. Onlar cəmiyyət içinə çıxanda əsəbi, davakar olurlar. Bu cür uşaqlarla sakit danışmağa çalışın. Onlara səhvlərini özlərinin etiraf etməsini öyrədin. Uşaqda özünəsevgi, başqasına rəhm etmək, böyüklərdən çəkinmək, təbiəti sevmək hisslərini aşılayın. 

2. Əsəbi və küsəyən uşaq
Küsəyənlik uşaqdakı çatışmamazlıqdan yox, çətin tərbiyədən irəli gəlir. Uşaqla çoxlu vaxt keçirməyə, səs-küylü oyunlar oynamağa çalışın. Zor tədbiq edilən anlarda isə nəzakətli olun. 

3. Dəlisov hərəkətlər və əsəb
Əgər uşaq tez-tez valideynlərinə qışqırırsa, demək münasibətlərdə problem var. Siz uşağınızla az ünsiyyətdə olur, ona diqqət ayırmırsınız. Uşaq darıxır, məşğul olmağa heç nə yoxdur. Bütün hirsini isə valideyndən çıxmağa çalışır. 

4. Əsəbi – hissiyatsız uşaq
Bəzi uşaqlar da var ki, onlarda mərhəmət hissi yoxdur. Buna səbəb ailə tərbiyəsinin düzgün olmamasıdır. Anadan və ya atadan soyuqluq görmək, uşaqda paxıllıq hissini oyadır. Beləcə, körpə başqa qayğısı çəkilən uşaq görəndə, onu döyməyə can atır. Belə uşaqlar ətrafındakını döyür, heyvanlarla pis davranır, evi dağıdır. Uşağın yanında heyvanları sığallayın, dağıdılan əşyalara mərhəmətlə yanaşın. Ona başqalarına kömək etməyi öyrənib. 



Psixoloq məsləhəti:

Milana Psixologiya Nitq İnkişaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidova:

“Uşaqlarda aqressiyanın bir neçə səbəbi var. Uşaq ailənin güzgüsüdür. Təəssüfedici məqam var ki, bunu hər zaman desək də, valideynlər bunla bağlı məlumatsızdırlar. Nevrozdan əziyyət çəkən valideynlərdə aqressivlik büruzə verir. əgər ana hamiləlik zamanı əsəb keçirirsə, uşaqda da bu halın olması qaçılmazdır. Valideynin evdə aqressiv davranışı uşağın şüuraltında formalaşır. Oğlan uşağı ataya meyilli olduğu üçün onun etdiklərini götürür. Ata necə danışır, qonağı necə qarşılayır, anaya necə davranırsa, uşaq bunu izləyir. Əgər ata evdə normal davranış göstərirsə, uşaq bunu götürəcək. Bəzən söyüş söyən uşaqlarla danışıram. İlk maraqlandığım atasının söyüş söyməsidir. Əksəriyyət halda isə diqnozum düz çıxır. Ata evdə, maşın sürərkən, nəsə edərkən söyüş söyürsə, uşaqda bunu təkrarlayır. Əlləri tez-tez yumaq, titizlik olan valideyn bunu uşağa keçirir. 

Valideyn hər saniyə uşağa “əlini yu” deyir. Düzdür, bu qədərində normaldır. Amma aşırı halda edilməsi sayrışan hallar nevrozudur. Aqressivlik valideyndən qaynaqlanır. Əgər uşaq qarşısındakı balacanı vurmaq, döymək istəyirsə, yanlışdır. Uşaqdır deyib keçməyin. Əksər hallarda valideynlər deyir ki, böyüyəndə keçəcək. Amma yox, bəzən böyüyəndə bu hal daha da pisləşir. O dövrki insanlarla, indikiləri müqayisə etməyin. Həyatdakı hadisələr insanları dəyişir. İnsan psixologiyası çox həssasdır. Analar hamiləlik zamanı diqqətli olmalıdırlar. Əsəbdən uzaq qalmaq lazımdır. Uşaqlarının xasiyyətini öyrənin. Uşağın aqressivliyini vaxtında aradan qaldırmasanız, bu gənclik yaşlarında daha pis olacaq. Uşaqla davranışı öyrənmək lazımdır. Bunu bilən valideyn övladına yardım edən ilk həkim olacaq. Əgər övladınızın psixoloqu olmağı bacarmırsınızsa, onu bir mütəxəssisə göstərməkdən çəkinməyin".

 

Şərhlər