Plastik materialla qidalanan bakteriya tapılıb

18.03.2016 11:24     Maraqlı     1566

Yapon alimləri İdeonella sakaiensis 201-F6 adlı yeni bakteriya növü aşkar ediblər. Bu bakteriyalar plastik məhsulları hazırlamaq üçün geniş istifadə edilən polietilentereftalat maddəsi ilə qidalana bilirlər. Plastik materiallardan bildiyiniz kimi maye üçün qablar və paltarlar hazırlanır. Dünyada plastmass məhsulların ⅙ hissəsi polietilentereftalat (PET) maddəsindən hazırlanır və bu proses dayanmadan artır. Belə nəhəng istehsal həcmi ətraf mühitə çox mənfi təsir göstərir. Hesab edilir ki, bir plastik maye qabı təbii şəraitdə yalnız 450 ildən sonra çürüyür və torpağa qarışır. Bu proses suda bir az sürətlə getsə də suyun kimyəvi zəhərlənməsinə gətirib çıxarır.

Yeni aşkar olunmuş bu bakteriya sözün əsl mənasında PET ilə qidalanır və bu zaman material ekoloji cəhətdən təhlükəsiz olan tereftal turşusuna və etilenqlikola bölünür. Bu prosesin yeganə mənfi cəhəti isə plastik materialı həzm etmək üçün mikroorqanizmə çox vaxt tələb olunmasındadır. Belə ki, təcrübə zamanı çox da böyük olmayan nazik PET fraqmentinin həzm edilməsi üçün bakteriyaya 6 həftə lazım oldu. Alimlər İdeonella sakaiensis 201-F6 bakteriyasının həzm prosesini genetik mühəndislik yolu ilə sürətləndirmək əzmindədirlər. Qeyd edək ki, daha öncə oxşar həzm etmə xüsusiyyətləri bir sıra göbələk növlərində aşkar olunmuş, lakin onları sənaye miqyasında plastmass materialların emal edilməsinə tətbiq etmək mümkün olmamışdı.

 

(Maraqli.info)

Şərhlər