Yox deməyi öyrənməyin 5 qızıl qaydası

06.04.2016 15:11     Maraqlı     1842

"Yox” bir söz olaraq nə qədər bəsit səslənsə də, olduqca güclü kəlmədir. Yox deyə bilməmək isə, bir çox insanın ortaq problemidir.
Yox deyə bilmək vaxtınızı və enerjinizi səmərəli şəkildə istifadə etməyə imkan verir. Çünki istəmədiyiniz şeylərə "xeyr” deyə bildiyinizdə, enerjinizi sizin üçün daha əhəmiyyətli olan şeylər üçün istifadə edə bilərsiniz. Bu gün biz də məhz bu problemin həllində sizə kömək etməyə çalışacağıq. Beləliklə, yox deməyi öyrənmək vaxtıdır.


1. İlk əvvəl qarşınızdakı insanı yumşaldın, daha sonra istəyinizi bildirin.
Xeyr demək istədiyinizdə, qarşınızdakı insanın bu sözünüz qəbul etməsi üçün abu-havanı yumşaltmağınız tələb oluna bilər. Bu cür vəziyyətlərdə aldığınız təklifin sizi nə qədər qürurlandırdığını və məmnun etdiyini demək  kifayət olacaq və yerinə düşəcəkdir. Daha sonra isə, "vaxtım yoxdur” kimi təklifi və ya tövsiyəni qəbul etməmək səbəbinizi dilə gətirmək, xeyr demək üçün ehtiyacınız olan yolu açacaq.

2. Mövzuyla əlaqədar hisslərinizi dilə gətirin. 
Əgər inadçı biriylə qarşı-qarşıyasınızsa, qarşınızdakının sizin səbəblərinizi görməzlikdən gəlməsi halları yaşana bilər. Bu halda etməli olduğunuz şey səbəblərinizlə birlikdə, yox deməyinizə səbəb olan hisslərinizi də dilə gətirməkdir. Məsələn, "çox məşğulam və hə desəm, özümü günahkar hiss edəcəyəm” kimi cümlələr sizin köməyinizə çata bilər. Hisslərinizi ifadə etməyiniz qarşınızdakının məsələyə sizin tərəfinizdən baxmasını və sizi başa düşməsini təmin edəcək.

3. Özünüzə inanın.
Əgər özünüzə kifayət qədər dəyər vermirsinizsə, vaxtınız da o qədər dəyərli deyil. Ancaq özünüzə olan güvən və hörmət hissi artdıqca, yox demək də asanlaşacaq. Çünki bu halda, vaxtınız və enerjiniz hər hansı bir şeyə hə deyərək, xərcləməyəcəyiniz qədər dəyərli olacaqdır. Özünə inamın yüksək olması, özünüzü başqalarının sizi təkid etmək üçün istifadə etdiyi, günahkarlıq hissi və sair neqativ yollardan qorumağınızı təmin edəcək.

4. Niyə yox dediyinizi yadda saxlayın.
Yox deməyə qərar verdiyinizdə, niyə xeyr dediyinizi düşünün və özünüzə xatırladın. Məsələn, yox dediyiniz halda, sizə qalacaq vaxt və enerjiylə nə edəcəyinizi düşünün, özünüzə və ailənizə ayıra biləcəyinin zamanı fikirləşin. Daha faydalı seçimlərin olduğunu düşünərək, özünüzü bu yöndə motivasiya etmək də xeyr deməyin çətinliyini azaldacaqdır.

5. Motivasiyanızı yüksək tutun. 
Hansı yolu seçirsinizsə seçin, özünüzə necə motivasiya verirsinizsə verin, bəzən yox demək mümkün olmayacaq. Lakin yox deməyi öyrənmək istəyirsinizsə, bu halların sizi ruhdan salmasına icazə verməməlisiniz. Əks təqdirdə, xeyr deməyi bacardığınızda da özünüzə inam və motivasiyanı itirmiş olacaqsınız. Bunun əvəzinə nail olduqlarınıza fokuslanın. Normal hallarda yox deməyəcəyiniz bir şeyə də demiş olsanız, bu artıq nailiyyətdir. Çünki yox demək, şəxsi inkişafınızın göstəricisidir.

Şərhlər