İçli badımcan kotleti

Tərkibi (4 pay): 

2 iri badımcan
200 q şampinyon
1 qırmızı şirin bibər 
1 yumurta
5-7 x.q. narın suxarı
50-60 q bərk pendir (qoyun, yaxud keçi)
1 diş sarımsaq 
0,5 çili istiotu
1 çimdik qurudulmuş oreqano 
zeytun yağı
un
duz

Tərəvəzi yuyub üzərinə zeytun yağı çəkin, 200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

Göbələk tez bişdiyindən onu 10 dəqiqə tez çıxarın sobadan. Xırda doğrayın.

Bibəri sellofan paketə büküb 10 dəqiqə saxlayın, belədə qabığı tez çıxacaq. 

Badımcanla bibərin qabığını soyun. Azca sıxıb suyunu çıxarın. 

Badımcanları xırda doğrayıb blenderdən keçirin. Bibəri xırda kubik doğrayın.

Badımcan püresi, sürtgəcdən keçirilmiş pendir, narın suxarı və yumurtanı qarışdaran. Duz-istiot vurub yoğurun. 5 dəqiqə saxlayın (suxarı şişib, kütlə qatılaşacaq). Əgər kütlə duru alınıbsa, bir qədər də suxarı əlavə edin. 

İç: xırda doğranmış sarımsaq, çili istiotunun yarısı, şampinyon, bibər və oreqano qurusunu qarışdırın. Duz-istiot vurun.

Masanın üzərinə un səpin (yaxud əlinizdə də edə bilərsiniz). Üzərinə badımcanlı qarışıqdan qoyun. Ortasına iç qoyub, badımcanlı kütlənin kənarlarını ortaya qaldırın, bitişdirin, kotlet forması verin. Una batırıb orta itilikli odda bitki yağında qızardın. 

Bəzək üçün hər kotletin üzərinə şampinyon dilimi yapışdırmaq olar (qızartmazdan əvvəl şampinyon dilimini yumurta ağına batırıb kotletin üzərinə yapışdırın).

Nuş olsun! 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar