Akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunan kitabların təqdimatı keçirilib

Akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunan kitabların təqdimatı keçirilib
Tarix: 19.10.2017 11:01
Oxunma sayı: 118
Mənbə: reaksiya.az
Müəllif: Gülnaz Qənbərli
Paylaş:

                                               

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş “Akademik Hüseyn Həsənov” və “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib.

Reaksiya.az-ın xəbərinə görə, AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri  Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb.

 

 L.İmanova  MEK-də elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan zəkasını dünya səviyyəsinə çıxaran alimlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının, sənəd kolleksiyalarının akademik oxucu icmasının diqqətinə təqdim olunmasından, kitabxananın strateji hədəflərindən biri olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsindəelektronlaşdırılmasından və etibarlı şəkildə gələcək nəsillər üçün mühafizə olunaraq oxucu auditoriyasının istifadəsinə verilməsindən danışıb. O, akademik H.Həsənovun xatirəsinə həsr edilən “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyatı”nın çap və elektron formatda kitabxanaya təqdim olunmasının önəmini xüsusi qeyd edib. “Əsas məqsədimiz MEK fondlarında mühafizə olunan milli irsimiz, tariximiz, mədəniyyətimiz haqqındamənbələri dünya oxucusunun istifadəsinə verməkdir” – deyən L.İmanova bu istiqamətdə son illər MEK-də həyata keçirilən  layihələrə və əldə edilən nailiyyətlərə diqqət çəkib.

 

AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova isə çıxışında qeyd edib ki, akademik H.Həsənovun fiziologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olub. U.Həşımova alimin keçmiş ittifaq respublikaları ilə, o cümlədən “İnterbeyin” proqramı çər­çivəsində Rusiya, Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, Amerika, İngiltərə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə yaratdığı əlaqələrdən bəhs edib.

 

O, qeyd edib ki, Akademik H.Həsənovun rəhbərliyi dövründə institutun fəal iştirakı ilə AMEA-da  “Baş beynin uyğunlaşma funksiyaları” üzrə Ümumittifaq simpoziumu (1980), İnterbeyin xətti ilə “Axtarış aktivliyi, motivasiya və yuxu” beynəlxalq simpoziumu (1981), Ümumittifaq Fizioloqlarının XXIV qurultayı (1983), Zaqafqazi­ya Gənc Fizioloqlarının I, IV konfransları (1990, 1992) kimi bir sıra beynəlxalq əhəmiyyətli simpo­zium və konfranslar keçirilib.

 U.Həşimova akademik H.Həsənovun xatirəsinə həsr olunmuş “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyatı”nın çap və elektron formatda nəşrini də  kitabxanaya təqdim edib.  

 

Təfbirin sonunda alimin həyat yoldaşı Arifə Həsənovanın dəstəyi və araşdırmaçı yazar Şəlalə Məhyəddinqızının müəllifliyi ilə hazırlanmış “Akademik Hüseyn Həsənov” kitabının videotəqdimatı  nümayiş olunub. H.Həsənovun elmi fəaliyyətinə həsr olunmuşkitabda alimi yaxından tanıyan iş yoldaşlarının, yaxın dostları olmuş fizioloq həmkarlarının, aspirantlarının  xatirələri toplanıb, alimin beynəlxalq konfranslarda iştirakı, qazandığı mükafatlar, arxivində olan sənədlər və fotolar əksini tapıb.

Çıxış edənlərdən AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA-nın müxbir  üzvü Rafiq Qasımov, professorlar Ədalət Fərəcov, Arif Məmmədov, Fəxrəddin Əsgərov, Əli Allahverdiyev, Zakir Məmmədov, Xədicə İsmayılova, Arif Mehdiyev və digərləri Hüseyn Həsənovla bağlı xatirələrini bölüşüb, onun yüksək elmi fəaliyyətinin və şəxsi keyfiyyətlərinin xarakterik cizgilərini yada salıblar.

Sonda alimin həyat yoldaşı Arifə Həsənova və ailə üzvlərindən Rasim Müzəffərli  çıxış edərək akademik Hüseyn Həsənova həsr edilən hər iki kitabın ərsəyə gəlməsində əməyi olanlara və keçirilən təqdimata görə MEK və AMEA Fiziologiya İnstitutu kollektivinə minnətdarlıqlarını bildiriblər.
 

Qeyd edək ki, Hüseyn Heydər oğlu Həsənov 300-dən artıq elmi işin, 5 monoqrafiyanın, mərkəzi sinir sisteminin fiziologiyasına aid dərsliklərin, fiziologiya sahəsinə aid elmi kitabların müəllifi olub. Onun rəhbərliyi altında 5 doktorluq, 40-dan artıq elmlər namizədi dissertasiyası müdafiə edilib.  Elmi nailiyyətlərinə görə 1972-ci ildə “Azərbaycan Dövlət mükafatı” na layiq görülüb,  1978-ci ildən başlayaraq Azərbaycanı YUNESKO-da “Beyinin öyrənilməsi” üzrə beynəlxalq təşkilatda təmsil edib. Çoxşaxəli elmi fəaliyyəti nəticəsində H.Həsənov nəinki fi­ziologiya, eləcə də səhiyyə və fizika sahəsində çalışan alimlərlə elmi əməkdaşlıq edib. Bu da ali sinir fəaliyyətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicəsi üzrə kompleks tədqiqatlar aparılmasına imkan yaradıb.

Xatırladaq ki, Hüseyn Həsənov yaradıcılığının məhsuldar  dövründə - 1995-ci ildə 62 yaşında vəfat edib.  Akademikin adı fiziologiya sahəsində görkəm­li mütəxəssislərin daxil olduğu ingilis kataloquna salınıb.

Gülnaz Qənbərli

Şərhlər