Rəqəmsal dövrdə uşaqlar qələmdən istifadə edə biləcəkmi?

Uşaqların böyüdüyü dünya dəyişir. Vaxtilə oyuncaqlarla oynayan uşaqlar artıq iPad-lə oynamağa öyrəşib.

Bəzi valideynlər üçün bu cür müasir cihazların uşaqların diqqətini cəlb etməsi xoş bir üsul kimi görünür və hesab edirlər ki, bu, uşaqların zehni inkişafında müsbət rol oynayır. Amma bu cihazlar uşaqların qələmlə yazmağı tələb edən həssas hərəkətlərə malik olmalarının qarşını almırmı?

Milli Səhiyyə Xidmətinin İngiltərənin Ürəyi Trestinin baş pediatrik terapevti Sally Payne bunun həqiqət olduğunu göstərən dəlilləri gördüyünü deyib.

 Guardian qəzetinə müshibsində o deyib ki: "Məktəbə başlayan uşaqlara qələm verilir, lakin onlar qələmi tutmaq üçün lazım olan fundamental hərəkətlərə malik olmurlar."

"Qələmi tutub onu tərpətmək üçün barmaqlardaki incə əzələlərin həssas hərəkətini bacarmaq lazımdır."

"Bu qabiliyyətə malik olmaq üçün uşaqlara çoxlu imkanlar lazımdır", o əlavə edib.

Xanım Payne uşaqların qələmdən istifadə etmə bacarığının itməsində smartfonlarla planşetləri təqsirləndirib.

"Uşaqlara oyuncaqlarla oynamaq, kağız kəsib yapışdırmaq, ip və digər oyuncaqları dartmaq kimi əzələləri inkişaf etdirən oyunlarla məşğul olmaq əvəzinə onlara iPad vermək daha asandır", o deyib.

Bir neçə il əvvəl bir yaşlı qızın bir jurnaldan planşet kimi istifadə etmə sosial şəbəkələrdə yayılaraq məşhurlaşmış və uşaqların təbii şəkildə rəqəmsal dövrə alışdığı kimi şərh edilmişdi.

Britaniyanın yayım nizamlayıcı təşkilatı ölkədə evlərin yarısından çoxunda bir planşet, evlərin 76 faizində isə smartfonların olduğunu deyib.

Dr Jane Medwell əlyazmanın təşviqi ilə məşğul olan Write Your Future Campaign-in (Gələcəyini Yaz Kampaniyasının) üzvüdür.

O deyib ki, evlərdə bu cür cihazların yayılmasının nəticəsi odur ki, "uşaqların qələmlərdən istifadə edərək oynamağa əvvəlki qədər imkanları olmur".

Hətta valideynlərdən öyrənilən vərdişlər də dəyişir.

"Uşaqların ilk gördüyü valideynin smartfonla ismarıc yazmasıdır. Keçmişdə uşaqlar görürdülər ki, valdieynlər, məsələn, alınacaq ərzaqların siyahısını qələmlə yazırlar. Bu səbəbdən uşaqların erkən yazı və oxuma təcrübəsi dəyişib", Dr Medwell izah edib.

Lakin o hələ planşetdən istifadənin əllə hərəkətlərə böyük təsir göstərməsinə dair iddiaları əsaslandırmaq üçün kifayət qədər dəlil olmadığını düşünür.

"Bizdə planşetdən istifadə etməyin qələmi tutmaq bacarığının inkişafına mane olduğunu göstərən araşdırma yoxdur. Biz hətta evlərdə əvvəlki dövrlə müqayisədə daha az qələmlərin olub-olmadığını bilmirik", o deyib.

Lakin əlyazısının mühüm olduğunu göstərən dəlillər mövcuddur.

2005-ci ildə Aix-Marseille universitetində bir nevroelm laboratoriyası üç və beş yaş arasında olan 76 uşağı iki qrupa bölüb - bir qrup qələmlə yazıb, digəri isə kompüterlə.

Sınaq nəticələri göstərib ki, qələmlə məktub yazan uşaqlar hərfləri kompüterdən istifadə edən uşaqlardan daha tez və dəqiq öyrənib-tanıya biliblər.

2016-cı ildə PsychogicalScience jurnalında dərc olunan bir araşdırma göstərib ki, TED tədbirlərində qələmlə qeydlər aparan tələbələr qeydlərini seçərək, kompüterlə qeyd aparan tələbələr isə daha çox deyilənləri tam şəkildə yazmağı üstün tutublar.

Hər iki qrup tarixlər kimi faktları yadda saxlasa da, qələmlə qeyd aparan tələbələr ideyalara dair sualları daha dəqiqliklə yadda saxlayıblar.

Daha gənc uşaqlar üçün isə qələmlə yazmağın böyük xeyri var.

"Planşet və smartfonlarda çoxlu faydalı şeylər var, lakin uşaqlara adi savadı inkişaf etdirən dünya da lazımdır", Dr Medwell deyib.

"Məktubu necə hazırlamaq lazımdır, mürəkkəb hərəkətləri necə etmək lazımdır. Bunun üçün məşq etmək lazımdır və bu, uşaqlara oxumağı və yazmağı öyrətməkdə kömək edir", o əlavə edib.

Terapiya müəllimi və Britaniyanın Milli Əlyazma Assosiasiyasının sədr müavini Dr Mellissa Prunty planşet və smartfon istifadəsilə əlyazısı bacarığı arasında əlaqənin olub-olmaması sualına ehtiyatla yanaşır.

"Yazılış qaydaları və dilin inkişafı kimi digər faktorlar da var, lakin bununla yanaşı uşaqların baxça və məktəbdə nə qədər əlyazma ilə məşğul olmaları üçün ayırdıqları vaxtın da təsiri var", Dr Prunty deyib.

Onun klinikasına gələn əlyazma çətinlikləri olan uşaqların, adətən hansısa başqa bir problemi olur. Bunlardan biri koordinasiya inkişafı pozuntusu (Developmental Coordination Disorder) və ya dyspraxia xəstəliyidir.

"Terapevtlərin indi rastlaşdıqları hallarda, uşaqların çoxunda əlyazma ilə çətinliklərə səbəb olan digər problemlər aşkar olunmur", o deyib.

"Bu maraqlı bir müşahidə olsa da, araşdırma baxımından texnologiyanın ümumiyyətlə həssas əzələ hərəkətlərinə mane olub-olmadığını və bunun əlyazma qabiliyyətinə təsiri olub-olmadığını bilmirik."

2015-ci ildə Finlandıya əlyazma dərslərini məcburi dərs kateqoriyalarından çıxaran ilk ölkələrdən biri oldu.

Buna səbəb rəqəmsal dövrdə klaviaturadan istifadənin indiki nəslə daha faydalı olmasının tanınması idi.

Hindistanda da məktəblər bitişik əl yazı dərslərini tərk edib, daha sadə və aydın yazı formasını qəbul ediblər.

Bunun tam əks nümünəsi olaraq, 2017-ci ildə ABŞ-ın Illinois ştatı şagirdlərə bitişik əlyazma öyrənməyi məcbur edən qanun qəbul edib.

Biz həqiqətən də, əvvəlki qədər qələmlə yazmırıq.

2014-ci ildə keçirilən bir araşdırma böyüklərin üçdə brinin altı ay müddətinə qələmlə heç nə yazmadıqlarını göstərib. Lakin təhsilə gəldikdə əlyazma qabiliyyəti hələ də dəyərlidir.

"Hazırda əlyazma məktəbdən universitetə qədər yazılışın əsas tətbiq olunan üsuludur və uşaqların malik olmağa məcbur olduqları bacarıqdır", Dr Prunty deyib.

"Əgər əlyazmada çətinliklər varsa, bu yazılış forması, qrammatik qaydalar və ideyaların yaradılması kimi digər sahələrədə mənfi təsir göstərə bilər", o əlavə edib.

Lakin nənə babalarımızın istifadə etdikləri mürəkkəb bitişik əlyazma formasına gəldikdə, Dr Medwell bu yazı formasının faydaları barədə o qədər də əmin deyil.

"Uşaqlara səmərəli yazı forması lazımdır. Bu o deməkdir ki, hərflərin "düzgün" hərəkətlərlə yazılması vacibdir ki, bunu düşünmədən edə bilsinlər", o izah edib.

Lakin o əlavə edib ki, mürəkkəb bitişik əlyazma formalarının əlyazma qabiliyyətini inkişaf etdirməsinə dair heç bir dəlil mövcud deyil.

Əksinə, o qeyd edib ki, bəzi hallarda texniki baxımdan bu əlyazı forması ilə çətinlik çəkən uşaqları belə yazmağa məcbur etmək onların inkişafına "əks təsir"

göstərə bilər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər