Beynimizin bizimlə oynadığı oyunlar

„Qavrayışımızın qidalanma mexanizmi bədənimizin qidalanmaşından fərqli deyil: çıxışda tamamilə başqa nəsə alınır

 

   


Yuxarıdakı şəkilə baxın. Nə görürsünüz? Mənim gördüyüm mərkəzdə yerləşən, dairələrlə əhatələnmiş kvadratdır.

İndi isə xəyalən həmin dairələri götürün. Nə qaldı? Mən kvadrat görmürəm. Kvadratı mənim üçün formalaşdıran onun ətrafı idi.

Ətrafın bizə təsiri inkaredilməzdir — istər ətrafımızdakılar insanlar olsun, istərsə də kütləvi kommunikasiya vasitələri.

Kommunikasiya vasitələrinin şaxələnmiş qolu olan KİV bizə müxtəlif təsir edir. Bu təsirlərdən olan Verter və Papoqeno effektləri barədə İnternetin Azərbaycan dilli sektorunda axtarış edərək müəyyən məlumatlar tapa bilərsiniz.

Amma bu da var ki, kvadratı mənim üçün formalaşdıran yalnız kvadratın əhatə edənlər deyil - insanın hələ də sirli, az öyrənilmiş beynini, onun qavrayış mexanizmlərini unutmayaq. 

Bizim qavrayışımız „qeyri-obyektiv“-dir, bəzən dərk etdiklərimiz gördüklərimizdən fərqlidir. 
Bəzi mütəxəssislər oxucu kütləsinin bir hissəsinin KİV-ə  qeyri-obyektiv yanaşmasını  bununla əlaqədar olduğunu qeyd edir və bunu „Düşmən media effekti“ nəzəriyyəsi ilə izah etməyə çalışırlar .

Qavrayışımız informasiyanı bizim üçün şərh edərkən onu insanın istəyinə uyğun formada aydınlaşdırır, ona şəxsi məna verir,  təhrif edərək dərk edir. Biz gördüyümüzü yox, istədiyimizi görürük.

 

İnformasiyanın koqnitiv dərki

 

Dərketmə və insanın xarici informasiyaları mənimsəmə qabiliyyətini mütəxəssislər koqnitivlik (lat. cognitio, "başa düşmək, dərk etmək, öyrənmək") adlandırırlar.

Psixoloqlar bu anlayışdan informasiya emalı zamanı insanın psixoloji vəziyyətini araşdırmaq üçün istifadə edirlər.

Daha dəqiq desək koqnitiv psixologiya ətrafımız haqqında informasiyanın qəbulunu, qavranmasını, yaddaşda saxlanmasını, biliyə çevrilərək diqqət və davranışımıza necə təsir etməsini öyrənir.

Hazırda cəmiyyətin maraq göstərdiyi NLP təlimləri metodologiyası da məhz koqnitiv psixologiyaya əsaslanır.

İnsan aldığı informasiyanı yanlış, təhrif olunmüş düşüncələrin təsiri altında dərk etməsinə bir çox amillər təsir edir. Bu amillər hansılardır? Insanın:
- özünə subyektiv əminliyi;

- şüurlarda kök salmış qavrayış standartları;

- sosial, mənəvi və emosional səbəblər;

- informasiyanın baş-ayaq emalı;

- informasiyanın analizində olan xətalar;

- beyninin xüsusi qurulusu;

- beyin məhdudiyyətləri və digər amillər insan qavrayışına təhrif edici təsir göstərir.

Butan bunlar davranışda, qavrayışda və düşüncədə təhriflər əmələ gətirə bilər. Bunu mütəxəssislər koqnetiv təhrif adlandırır.

 

Nəyə görə neqativ xəbərlərə daha çox meyl edirik

 

 Azacıq səbr edin, rəhmətlik Yaşar Nurinin canlanırdığı obrazın “Hə, nə olsun?” sualını təkrar etməyə tələsməyin.

Elmi dildə koqnetiv adlanan bu təhrifləri rasional düşüncəmizə mane olan təfəkkür tələləri, beyin illüziyaları kimi də xarakterizə edirlər.

 Qavrayışımızın informasiyanı nəyə görə bizim istəyimizə uyğun formada aydınlaşdırması, təhrif etməsi sualına cavab vermək üçün böyük bir yazı bəs etməz.

 Sadəcə demək istəyimiz budur ki, insan aldığı informasiyaya şəxsi məna verir,  təhrif edir və dərk edir. İnsan gördüyünü yox, istədiyini görür.

Koqnitiv təhrifin 175-ə yaxın növünü fərqləndirirlər. Bunlardan biri də neqativə meyllilikdi. İnsan özünə əks olana, neqativə meyllidir, buna o, həmişə daha çox diqqət edir.
   Psixoloqlar deyir ki, insanlar fövqəladə, təəccüblü və gülməli obrazlara daha çox diqqət verir və yadda saxlamağa daha çox meylidirlər. Beynimiz qeyri-adi və təəccüblü informasiyanın vacibliyini  şişirdir. Digər tərəfdən isə şüurumuz adi və gözlənilən informasiyadan yan keçir.

Bunu mütəxəssislər neqativ effekti adlandırır.

Biz nəyə görə neqativ xəbərlərə daha çox meyl edirik? Sual yəqin sizi nə vaxtsa maraqlandırıb. 
   Amma bu növbəti yazının mövzusudur.

 

Cəmil Əsədov  

Reaksiya.az

Advertisement Banner

Şərhlər