Narkotikin qadağan olunduğu ölkədə dövlət başçısının kokain həzzi - Stalinin “xəstəlik tarixçəsi”ndən qeydlər

Narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dövrlərdə cəmiyyət üçün böyük problem olub. Hətta qanunların sərtliyi belə bəzi hallarda bu “gəlirli sahə” ilə məşğul olanların fəaliyyətinə sədd çəkə bilməyib.

1920-ci ildən SSRİ-də də narkotik vasitələrin, o cümlədən kokainin istifadəsinə qadağa qoyulub. Ancaq bu qadağaya baxmayaraq, 29 il ölkəyə rəhbərlik edən İosif Stalinin özü kokaindən istifadə edib. Bu, arxiv sənədlərində də öz əksini tapıb
Beləliklə, arxivlər açıldıqca, tarixin uzun illər gizli qalmış bir çox məqamları üzə çıxıb. Rusiyanın İctimai-Siyasi Dövlət Arxivində 192 səhifədən ibarət “Tam məxfi” qrifi altında, üzərinə “İosif Vissarionoviç Stalinin xəstəlik tarixçəsi” yazılmış qovluq öz məxfilik statusundan çıxarılaraq, araşdırılanda Stalin haqqında yeni mətləblərə aydınlıq gətirilib.

Söhbət Stalinin xəstəlik tarixçəsindən gedirsə, qeyd etmək lazımdır ki, sovet liderinin sağlamlıq durumu hələ gənc yaşlarından o qədər də qənaətbəxş olmayıb. Sözsüz ki, gənclik yaşlarından ağır həyat tərzi, həbsxana həyatı və sürgünlər Stalinin sağlamlığında kifayət qədər dərin izlər buraxıb.

Digər tərəfdən, Stalin tibb elminə çox da inanmayıb, həkimlərə etibar etməyib. Əsasən xalq təbabəti vasitələrindən istifadə edən rəhbər həkimlərə sərt şəkildə iradını bildirib və Gürcüstanda yaşlı insanların şərab və otlarla müalicəsinin daha üstün olduğunu söyləyib.

Əlbəttə, bütün bunlara baxmayaraq, Stalinin həyatı həkim müdaxiləsi olmadan ötüşməyib. Həkimlər onun səhhəti ilə ciddi məşğul olublar, müxtəlif dərman preparatlarının qəbulunu mütləq sayıblar.

Qeyd edək ki, ara-sıra kütləvi informasiya vasitələrində Stalinin “müalicə” məqsədi ilə narkotik vasitələrdən istifadə etməsi vurğulanır. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması uzun illər mübahisələrə səbəb olub. Ancaq yuxarıda qeyd etdiyimiz məxfi qovluq açıldıqdan sonra bu məsələyə tam aydınlıq gətirilib.

Qovluqda Stalinin bağ evində saxlanılan dərmanlarla bağlı ayrıca bölmədə rəhbərin hansı dərmanlardan istifadə etdiyi göstərilib. Bu dərmanların siyahısında yod, validol, nitroqliserin, marqans və digər gündəlik lazım ola biləcək preparatların olması təbii ki, normal haldır. Ancaq məsələ burasındadır ki, bu siyahıda güclü narkotik təsirə malik dionin, kodein və bu qəbildən olan digər dərmanlar da olub. Düzdür, həmin dövrdə bu dərmanlardan istifadə qadağan olunmamışdı. Amma Stalinin qəbul etdiyi dərman preparatlarının arasında məhz yuxarıda qeyd etdiyimiz kimi,1920-ci ildən SSRİ-də narkotik vasitə kimi istifadəsi qadağan olunmuş kokainin adı da yer alıb.

1944-cü ildə Stalinin kokain qəbul etməsini professor Vinoqradov təyin edib. Bu təyinatı əks etdirən arxiv sənədi bu günə qədər saxlanılır. Həkimin göstəriş vərəqəsində qeyd olunub: “Hər iki saatdan bir 5 damcı kokain məhlulu burun vasitəsi ilə qəbul edilsin”.

Ehtimal olunur ki, kokain damcıları Stalinə heç də pis təsir etməyib. Çünki hər hansı bir dərmanın xoşagəlməz təsiri olduqda növbəti dəfə Stalin ondan birdəfəlik imtina edirmiş. Kokain qəbulu isə rəhbər tərəfindən müntəzəm həyata keçirilib.

Həkimlərin qənaətinə görə müntəzəm kokaindən istifadə edərkən o, “həzz mənbəyi” çərçivəsindən çıxıb yuxu pozğunluğuna, qıcıqlanmaya, zorakı davranışa, depressiyaya, yersiz əsəbiliyə və bir çox ağır xəstəliklərə də səbəb olur.

Kim bilir, bəlkə də Stalinin qəddarlığının və amansızlığının səbəblərindən biri də hamı üçün qadağan, rəhbər üçün məqbul sayılan kokaindən istifadə olub...(Musavat.com)

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar