Azərbaycanda xərçəng kabusu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, 2018-ci ildə 18.1 milyon xərçəng xəstəsi aşkarlanıb.

Keçən il bu xəstəliklərdən ölənlərin sayı 9.6 milyon təşkil edib. Hər beş kişidən biri və hər altı qadından birində xərçəng yaranır, hər səkkiz kişidən biri və 11 qadından biri bu xəstəlikdən ölür.

 

2018-cil ilin ÜST hesabatına əsasən, Azərbaycanda 2018-ci ildə 11 min 606 şəxsdə xərçəng aşkarlanıb. Xərçəngdən ölənlərin sayı 8 min 133 nəfər təşkil edib.

Hesabata görə, Azərbaycanda ən çox süd vəzisi, ağciyər, mədə, bağırsaq və qida borusunun xərçəngi aşkar edilir.
Tibb elmləri doktoru, onkoloq alim Adil Qeybulla bildirib ki, dünya üzrə, eləcə də, Azərbaycanda onkoloji xəstələrin sayı artmaqdadır.

Onun sözlərinə görə, Azərbaycanda xərçəng xəstələrinin sayı statistikadan daha böyükdür:

“Çünki elə adam var ki, qeydiyyatdan keçmir. Yaxud ölkə xaricində müalicə olunur. Ölkəmizdə xərçəng, əsasən, digər yoxlamalar zamanı aşkar edilir. Misal üçün, siz bədəninizin hər hansı bir hissəsi ağrıyır, siz ona görə həkimə üz tutursunuz. Müəyyən diaqnostik prosedurlardan sonra sizdə xərçəng xəstəliyi aşkarlanır.

Biz Avropa ilə statik hesabatımızı müqayisə edə bilmərik. Çünki onlarda erkən diaqnostika var, bunun nəticəsində xəstəliklə ilkin mərhələdə mübarizə aparılır”.

ÜST-ün 2018-ci ildə təqdim etdiyi hesabata görə, ən çox xərçəng Avstraliyada yayılıb

Onkoloq qeyd edib ki, ümumiyyətlə, bizim həyat tərzimiz xərçəngin yaranmasının əsas faktorlarındandır:

“Xərçəngin əsas səbəblərindən biri orqanizmin düzgün çalışmasıdır. Ümumiyyətlə, orqanizmə daxil olan  kalori ilə xərc olunan kalori arasında balans olmalıdır. Əgər bu balans pozularsa, artıq çəki yaranır. Bu da metabolizm proseslərinin pozulmasına gətirib çıxarır. Bu proseslərin problemi və passiv həyat sürmək - nəticədə, müxtəlif xəstələr yaradır, eləcə də, xərçəngə yol açır. Daha bir neçə faktor bundan ibarətdir: genetika, düzgün qidalanmamaq, siqaret çəkmək, qadınların gec, yaxud tez uşaq dünyaya gətirməsi və s.”.

A.Qeybulla onu da vurğulayıb ki, onkoloji xəstəliyin müalicəsi olduqca bahadır: "Xəstəliyin diaqnostikasından tutmuş müalicəsinə qədər bütün prosedurlar böyük miqdarda vəsait tələb edir”.

Azərbaycanda ən çox aşkarlanan xərçəng xəstəliyi növü süd vəzi xərçəngidir. Ən çox ölüm halı da bu xərçəngdən qeydə alınır.

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng xəstəliyinin başvermə risklərini azaltmağın yollarını açıqlayıb:

- Siqaret və bütün növ tütün məmulatlarından uzaq durun. Evinizi dumandan təmiz saxlayın.

- Sağlam pəhrizdən zövq alın.

- Döşlə qidalandırma ananın xərçəng xəstəliyi riskini aşağı salır.

- Uşaqlarınızı hepatit B və İnsan papilloma virusuna qarşı peyvənd edin.

- Günəşin altında çox qalmayın, günəşdən qorunma vasitələrindən istifadə edin.

- Evinizdə və çöldə havanın kirlənməsini azaldın.

- Fiziki aktiv olun.

- Spirtli içki qəbulunu azaldın.

- Təşkil edilən xərçəng müayinəsi proqramlarında iştirak edin.

Qeyd edək ki, xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar