Dünyada az yayılmış xəstəlik - Azərbaycanda kişilərdə daha çoxdur

04.09.2019 13:37     Maraqlı     1722

Dünyada sümük və yumşaq toxumaların bədxassəli şişlərinə (sarkoma) digər xərçəng növlərindən daha az rast gəlinir.
 
Sarkoma əzələ, yağ, qan damarları, limfa damarları, fibroz toxuma da daxil olmaqla sümük və yumşaq toxumalarda əmələ gələn xərçəngdir.
 
Müşahidələrə əsasən, bu patologiyalar bütün bədxassəli şişlərin 1-2 faizini təşkil edir.
 
Bu cür şişlər özünün mürəkkəbliyi ilə seçilir. Onların müxtəlifliyi, aqressiv klinik gedişi həm erkən, həm də gecikmiş mərhələlərdə xəstəliyin diaqnostikasındakı çətinliklərlə birgə müşahidə edilir.
 
Sümük sarkomalarına düçar olan xəstələrin təxminən 35 faizi birinci il ərzində ölür.
 
Azərbaycana gəlincə, 2017-ci ildə ölkədə bədxassəli şişlərlə xəstələnmənin ümumi strukturunda sümük və yumşaq toxuma sarkomalarının payı aşağı rəqəmlərlə xarakterizə edilib. Belə ki, bədxassəli şişlərlə xəstələnmənin ümumi strukturunda sümük sarkomalarının payı 1,5, yumşaq toxuma sarkomalarının payı isə 0,6 faiz təşkil edib.
 
Qeyd edək ki, 2017-ci ildə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xərçəng xəstələrinin sayı 45 756 nəfər olub.
 
Hesablama apararkən məlum olur ki, 2017-ci ildə sümük sarkoması və yumşaq toxuma sarkoması xəstəliyindən əziyyət çəkənlərin sayı təxminən 960 nəfər olub.
 
Azərbaycanda sümük sarkoması kişilərdə qadınlara nisbətən 1,4 dəfə çox müşahidə edilib.
 
Yumşaq toxuma sarkomaları ilə xəstələnmənin intensivlik göstəriciləri isə kişilərdə qadınlara nisbətən 1,6 dəfə çox müşahidə edilib.
 
Sümük sarkomaları kişi cinsində daha çox 50-59, qadın cinsində 50-59 və 60-69 yaş qruplarında, yumşaq toxuma sarkomalarında isə kişilərdə 50-59, qadınlarda 30-39 və 60-69 yaş qruplarında qeydə alınıb.(oxu.az)
 

Şərhlər