“Orduya könüllü qatılmaq istəyirəm” - türk aktyor

02.11.2020 13:51     Maraqlı     794

“Azərbaycanı ayrı bir ölkə kimi görmürük. Azərbaycan bizim qardaş ölkəmizdir. Biz bunu həmişə deyirik ki, bir millət, iki dövlətik və ancaq birlikdə güclüyük. Azərbaycana nə vaxt gəlsəm, isti münasibət və sevgi görürəm. Bu münasibətin səmimi olduğuna da əminəm".

Bu sözləri “Çocuklar duymasın” serialı ilə populyarlaşan, əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı "ATV səhər"in virtual qonağı olarkən deyib. Aktyor azərbaycanlı olmasından da bəhs edib:
“Azərbaycan əsilliyəm, bura mənim ata vətənimdir. Atam, babam və nənəm Türkiyəyə Azərbaycandan gəliblər. Ona görə də, Azərbaycana gəldiyim zaman özümü başqa ölkəyə getmiş kimi hiss etmirəm. Nənəmin qohumlarının bir qismi Gəncə şəhərindəndir. Uşaq olanda onlar bizə Azərbaycandan çox bəhs edirdilər. Oranın nə qədər gözəl ölkə olduğunu deyirdilər. Azərbaycana çox gec, 3-4 il əvvəl gələ bildim. Gələndə də özümü evimdəki kimi hiss etdim".

Tamer Karadağlı baba və nənəsinin doğulduğu Gəncə şəhərinə ermənilərin raket atmasından danışıb:
“Çox pis oldum. Çünki həmişə deyirik ki, biz bir millət iki dövlətik. Azərbaycan torpağına edilən ən kiçik müdaxilə Türkiyə torpağına edilib deməkdir. Ermənilərin sivil vətəndaşları raket atəşinə tutması qəbul edilən hal deyil. Dünyada belə müharibələrin müəyyən qaydaları vardır. Dinc əhaliyə, o cümlədən, qadınlara, uşaqlara toxunmaq olmaz. Bu insanlığa qarşı törədilən ağır cinayətdir".
Tamer Qaradağlı onu da deyib ki, Azərbaycan Ordusuna könüllü qatılmaq istəyir: “Amma yaşıma görə çağırmazlar. Təbii ki, orduya könüllü qatılmaq istəyərəm. İşğaldan azad edilmiş torpaqları görmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımın yanındayam. Bu hər zaman belə olacaq. Necə ki, siz hər zaman bizim yanımızdasınız. Azərbaycan mənim baba torpağımdır”.  

Reaksiya.az

Şərhlər

Çox oxunanlar