50 illik savaş bitdi: adanı paylaşdılar

15.06.2022 14:23     Maraqlı     637

Danimarka və Kanada Arktikadakı Hans adası üzərində 50 ilə yaxın davam edən “dostluq müharibəsi”nə razılıq əsasında son qoyub.

1971-ci ildən bəri hər iki ölkə Kanada və Qrenlandiya arasındakı Nares boğazındakı Hans adası ilə bağlı "viski müharibələri" aparırdılar.

Qeyd edək ki, Hans adası təqribən 1 kvadrat kilometr ərazisi olan kimsəsiz bir adadır. Təxminən 50 ildir ki, Danimarka və Kanada adaya iddia edirdilər.

Tarixdə “dostluq müharibəsi” adanın yarıya bölünməsi ilə başa çatıb. 

Danimarka və Kanadanın xarici işlər nazirləri Kanadanın paytaxtı Ottavada rəsmi müqavilə ilə adanı yarıya bölüblər.

Ölkələrin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək müqavilə ilə Kanada ilk dəfə texniki olaraq Avropa ilə quru sərhəd qonşusu olacaq.

Kanadanın xarici işlər naziri Melani Coli və onun danimarkalı həmkarı Jeppe Kofod imzalanma mərasimində jest olaraq bir-birlərinə bir şüşə içki veriblər.

"Çoxları bunu viski müharibəsi adlandırdı, məncə, bu, müharibələrin ən dostcası idi. Arktika regionu beynəlxalq əməkdaşlıq üçün bələdçi işıqdır və burada qanunun aliliyi hökm sürür", - Kanadalı nazir Coli deyib.

Qeyd edək ki, 1984-cü ildə Kanada daha cəsarətli addım ataraq adaya qoşun yeritmişdi. Adanın onlara məxsus olduğunu göstərmək üçün əsgərlər oraya Kanada bayrağı sancaraq bayrağın yanına da bir şüşə Kanada viskisi qoymuşdular. 

Bu addımın altında əzilməmək üçün Danimarkanın Qrenlandiyadan məsul naziri bir neçə həftə sonra adaya getmişdi və Kanada bayrağını Danimarka bayrağı ilə əvəz etmişdi. O, bir şüşə Danimarka içkisi olan şnappsı Danimarka bayrağının yanına qoymuşdu.  Beləliklə, "viski müharibələri" başlamışdı. (publika)

 

 

Şərhlər