Millət vəkili: “Bəsdi də, yetərincə yemisiniz, dağıtmısınız”!.. - Müsahibə

15.01.2016 18:11     Müsahibə     5882

“Kim mənə zəmanət verə bilər ki, sabah hakimiyyət dəyişikliyi olarsa, hər şey yaxşı olacaq”?!

Son günlər Azərbaycanın bəzi bölgələrində bir qrup insanların süni qiymət artımına etiraz olaraq, aksiyalar keçirməsi barədə mətbuatdan məlumatlıyıq. Həmin bölgələrdən biri də Ağsu rayonu idi. Suallarımızı son olaylarla bağlı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən mandat almış millət vəkili Tahir Kərimli cavablandırır.

- Tahir bəy, məlum olduğu kimi bir neçə gün öncə sizin millət vəkili oldğunuz Ağsu rayonunda da aksiya keçirildi. Siz həmin vaxt harda idiniz?

- Mən Bakıdaydım, ora gedəndə aksiya bitmişdi. Bu gecə ordan qayıtmışam.

- İnsanlar nə istəyir, problemləri nədir?

- Təbii ki, devalvasiya həssas təbəqənin, xalqın, zəhmətkeşlərin, vətəndaşların vəziyyətini faktiki ağırlaşdırıb. Xüsusən, bundan istifadə edib, süni qiymət artıran bəzi işbazlar var idi. İnsanlar un ala bilmirdilər. Şəxsən, mən özüm həm rayon rəhbərliyi ilə, həm vətəndaşlarla, həm də sahibkarlarla görüşdüm. Biz Ağsuda məsələni müəyyən qədər təmkinlə həll edə bildik. İcra hakimi ilə vətəndaşların görüşü olub, 30 nəfər qəbul olunub, onlara real vəziyyət izah olunub. Ağsuda şükür Allaha ki, qarşılıqlı anlaşma oldu. Bu anlaşma nəticəsində heç kim də həbs olunmadı, mənim tərəfimdən də aidiyyatı dövlət orqanlarına bu məsələ çatdırılacaq.

- Vətəndaşlar başqa nə təklif edirlər?

- Xalqın istəyi obyektiv istəklərdir, xalqın istəyini həmişə qiymətləndirmək lazımdır. Xalq iş yeri istəyir, çörək istəyir, əmək haqqı istəyir, dolanmaq istəyir. Bu faktdır, devalvasiya da bu məsələləri müəyyən qədər çətinləşdirdi. Biz də deyirik ki, bu obyektiv və subyektiv səbəblərdir. Neftin qiymətinin aşağı salınması, devalvasiya ilə bağlıdır, dünyada gedən proseslərlə bağlıdır. Eyni zamanda subyektiv məsələlər – inhisarçılıq, süni qiymət artımı. Biz orda çalışdıq ki, narazılıqlardan ekstremist qüvvələr istifadə edə bilməsin. Nə qan tökülsün, nə həbslər olsun. Mənə elə gəlir ki, bu görüşlər qarşılıqlı anlaşma şəraitində keçdi. Sahibkar deyirdi ki, mən unun kisəsini 27 manata almışam, bunu necə ucuz satım?! Çox yerinə düşdü ki, çörək və un məmulatları üzərində əlavə dəyər vergisi götürüldü. Yanvarın ayının 20-dən sonra xarici valyuta ilə alınan kreditlərin əvvəlki kursla ödənilməsi gündəmə gələcək. Dövlət səviyyəsində çalışmaq lazımdır ki, bu məsələ aradan qalxsın. Xalqın istəyinə qarşılıq vermək lazımdır. Bunu etməyib, radikal qarşıdurmaya, sabitliyin pozulmasına yol açmaq olmaz.

- İndi Ağsuda vəziyyət necədir?

- Sakitlikdir, hamı başa düşür ki, bunun obyektiv səbəbləri var, subyektiv səbəblərinin də qarşısının alınması üçün lazımi tədbirlər görülür. Rayonda artıq süni qiymət artımına qarşı komissiyada yaradılıb. Monitorinqlər aparılır. Mənim özümün də deputat kimi təkliflərim var, ali hakimiyyət orqanları qarşısında. Mən müəyyən vəzifəli şəxslərlə də danışanda müəyyən oldu ki, camaatın təqaüdləri, əmək haqqlarının artımı ilə bağlı, yeni iş yerlərinin açılması ilə bağlı tədbirlər görülür. Açığını deyim ki, tənbəllikdən çıxmaq lazımdır. Neftin yüksək qiyməti bizi tənbəlliyə öyrətmişdi. İndi hamı çalışmalıdır. Hökümət də, biz də çalışmalıyıq. İlk növbədə xalqa iş yerləri vermək lazımdır. Xalqa balıq verməyi yox, balıq tutmağı öyrətmək lazımdır.

- Qonşu rayonlarda da vəziyyət nəzarətə götürülüb?

- Biz hazırda fakt qarşısındayıq. Biz onu istəyirik ki, ölkəmizdə sabitlik pozulmasın. İstənilən bir radikal dəyişiklik ölkəni daha narahat, daha qanlı-qadalı bir hala gətirə bilər.  Yəni, biz vəziyyətin yaxşılaşmağını istəyiriksə, birinci növbədə ona çalışmalıyıq ki, qarşılıqlı anlaşma olsun və problemlər aradan qalxsın. Düşünürəm ki, mən həm İsmayıllı, həm Ağsu, həm də Şamaxı camaatı ilə mütəmadi əlaqədə oluram. Sizdən qabaq mən İsmayıllı ilə telefonla əlaqə saxlamışam. Bütün ölkədə vəziyyət eynidir. Amma insanlara izah olunub ki, hər şey yaxşılığa doğrudur. Açığını deyim ki, cənab prezidentin sonuncu atdığı addımlarından sonra camaat bunun davamını gözləyir. Biz də çalışırıq ki, deyilən islahatlar həyata keçirilsin. Ciddi dəyişikliklər olunsun, monopoliya aradan qaldırılsın. Sözlə deyil, real, əməli işlər görülsün. Biz də bütün qüvvəmizlə buna çalışacağıq. Bizə nə lazımdır? Lazımdır ki, xalqımız yaxşı dolansın. Mən lap yeri gəlmişkən deyim ki, bu hadisələrdən sonra bəzi adamlara mesaj göndərdim ki, bəsdi də, yetərincə yemisiniz, dağıtmısınız, özünüz üçün əla şərait yaratmısınız, nəfsinizə dur deyin də. Bu camaat da yazıqdır axı. Prezidentə də şərait yaradın ki, öz vəzifəsini yerinə yetirsin. Gömrükdə, iqtisadi sahələrdə müəyyən islahatlar aparılsın. Bilirsiniz, bu müəyyən bir psixoloji məqamdır, ötüb keçəcək. Bilirsiniz ki, hətta Şimali Avropa ölkələrində bu kimi məqamlar yaşanır, Səudiyyə Ərəbistanının özündə 100 milyardlıq büdcə kəsiri mövcuddur. Bütün neft ölkələrində bu kimi anoloji hallar baş verir. Azərbaycanda da baş verir, amma bu baş verənlərə radikal bir şəkildə yanaşmaq lazım deyil. Daha da pis ola bilər. Kim mənə qarantiya verə bilər ki, sabah hakimiyyət dəyişikliyi yaşanarsa, hər şey yaxşı olacaq?!  Ona görə də biz ciddi islahatlar həyata keçirməliyik. O insanlar ki, pis işləyir, o insanlar ki, işə barmaqarası baxır, o insanlar ki, inhisarçılıqla, korrupsiya ilə məşğul olurlar, bu insanlar işdən uzaqlaşdırılmalı, barələrində ciddi ölçü götürülməlidir. Heç bir işə yaramayan, dövlətə heç bir xeyri olmayan qurumlar ləğv olunmalıdır. Bir sözlə, hamımız bir yerə yığılıb xalq üçün işləməliyik.

- Siz inanırsınız ki, bu islahatlar gedəcək? İllərlə öz postlarından dördəlli yapışan məmurlar yeniləri ilə əvəz olunacaq?

- Bilirsiniz, bunun üçün çalışmaq lazımdır. Mən bunu arzulayıram və istəyirəm. Bunun uğrunda da mübarizə aparıram, amma tək məndən asılı deyil axı... İstəyim budur ki, o daşlaşmış məmurlar, lap açıq deyəcəyəm,  Prezidentimizə də, dövlətimizə də, xalqımıza da xəyanət edən bu məmurlar artıq dayanmalıdır. Bunlara bir “dur” – deyilməlidir. Yeri gəlsə, həmin şəxslərə qarşı ciddi cəza tədbirləri həyata keçirilməlidir. Hər kəs öz məsuliyyətinin fərqində olmalıdır. Axırıncı müşavirədə anonsu cənab Prezident tərəfindən verilən məsələlər əməli işdə həyata keçirilməlidir. Biz də bu işdə kömək etməyə hazırıq, bir deputat kimi boynuma düşən nə iş varsa, onu görməyə hazıram. 

Şərhlər