"Yalanla nəfəs alan, tanrısı pul olan xalq..."

29.02.2016 14:04     Müsahibə     1784

 Görkəmli şair Məmməd İsmayıl 
 
 
- Bu günlərdə sizin "İz" romanınızı oxudum və istərdim elə söhbətə burdan başlayaq. İndiyədək şair kimi tanıyıb-sevdiyimiz Məmməd İsmayılın nəsrə keçidinə səbəb nə oldu? Doğrudanmı bəzi həqiqətləri nəzmlə demək mümkün deyil? Yaxud doğrudanmı bəzi həqiqətləri nəzmlə deməyin vaxtı keçib?
 
- Əslində buna nəsrə keçmək demək doğru olmazdı.Mən ilk dəfə deyil ki, nəsrə müraciət edirəm. İndiyə qədər esselərim, hekayə və povestlərim vaxtaşırı “Azvrbaycan” jurnalında çap  olunub. Dünya ədəbiyyatında bir çox şairin şeirlə yanaşı nəsr əsərləri də yazması bilinən bir gerçəklikdir. Və bu nəsrə keçmək deyil, şeirlə nəsri hardasa paralel aparmaqdır. Yazıçı ilhamından qanadlanan əsər çox zaman janrını da özü müəyyənləşdirir. Xatırlayısansa, Qoqol “Ölü canlar” romanını, Nazim Hikmət “İnsan mənzərələri” əsərini yazarkən əsərlərin diriliş inadı qarşısında çaşıb qalmış, bəzən “biz əsərləri yox, əsərlər bizi yönləndirir” heyrətini etiraf etməkdən belə çəkinməmişdilər. “Doğrudanmı bəzi həqiqətləri nəzmlə demək mümkün deyil” fikrinizə gəldikdə isə deyə bilərəm ki, dünyada elə bir həqiqət yoxdur onu şeirlə demək mümkün olmasın… Burda Götenin məlum fikri köməyimizə gəlir: "Şerin mövzuları heç vaxt tükənməz; çünki dünya o qədər böyük, o qədər zəngin, həyat o qədər dəyişik mənzərəli ki?! Elə bir gerçək mövzu yoxdur ki, istedadlı şair onu gərəyi kimi işləməyi bacarmasın…
 
 
Və “bəzi həqiqətlərin nəzmlə demək” vaxtı da keçib eləməyib. Bilirsən ki, ədəbi janırlar içərisində roman ən yenisidir və bu ədəbi janr başqa janrlardan fərqli olaraq hələ də gəlişməkdədir, bir janrın az qala yüz bir növü yaranıb. Roman tarixə ən bağlı ədəbiyyat janrıdır. Amma Qərbin kəşfi-filan deyil. Düzünə qalsa biz onları poema adlandırsaq da, Nizaminin, Sədinin, Firdovsinin, Nəvai və Füzulinin əsərləri hardasa nəzmlə yazılmış romanlar idi.
 
Doğrusu romandakı obrazlar və hadisələr zaman-zaman yuxu və yaddaşımdan boy göstərib məni narahat etməkdəydi, ilan ovsunçu tutduğu ilanları torbasına yığıb ağzını bağladığı kimi, məndə də o hadisələri və o hadisələrin birbaşa iştirakçılarını bir roman qəlibinə sığışdırıb rahatlanmaq istəyi oyandı. 
 
- Kitabın annotosiyasında yazılıb ki, romanın nəinki ədəbi mühitdə, hətta geniş oxucu kütləsi arasında böyük rezonans doğuracağına əminik. Ancaq sanki hər şey əksinə oldu. Siz necə, əsərə verilən reaksiyalardan, oxucu, tənqidçi münasibətindən razı qaldınızmı? 
 
- Rüstəm Kamalın və Seyfəddin Altaylının (Türkiyə türkçəsinə çevrilmiş nəşri üçün) yazdıqları ön sözlərdən başqa demək olar ki, əsər haqqında heç nə  yazılmayıb və hətta roman müzakirələrində adicə adı belə çəkilməyib. Sən zəhmətini çəkib oxumusan, doğrudanmı bu əsər bir bu qədər buz sükutu ilə qarşılanmalı idi?
 
- Əlbəttə ki yox...
 
- Bilirsən ki, annotasiyalar  hardasa bir arzu reklamdır.Bir növ oxucu marağına atılmış tordur, olması istəniləndir. Sadəcə bir faktı deyim ki, Nobel mükafatı alana qədər türk televiziya kanallarında Orxan Pamukun hər yeni romanı ətrafında elə bir ajiotaj yaradılırdı ki, ömründə roman oxumamış tamaşaçıda da  təbliğ olunan romanı tapıb oxumaq istəyi oyanırdı. Nobel mükafatından sonra isə belə bir ehtiyac duyulmayacaqdı: Adını çıxar dəyirmanda dur. İyirmi ildir ki, qürbətdə yaşamaq zorunda qalmışam və vətənimdə qərarsız, göstərişsiz adımın üstünə gizli yasaq-tabu qoyulub. Adamlar, xüsusiylə də əldəqayırma tərəfkeş tənqidçilər əsəri təhlil etmək bir tərəfə qalsın, hətta adımı və sairə siyahısına salmağa belə çəkinirlər. Azərbaycanda indi ədəbi maraq yerinə qruplar marağı hər şeydən öndədir. Bu məsələninin birinci  səbəbi, ikinci səbəb isə roman oxucuları ilə ilk dəfə “Azərbaycan” jurnalında görüşmüşdü. Amma jurnal əsərin böyük həcmini səbəb göstərib süjet xəttinin pozulmasına əhəmiyyət vermədən onu parça-parça çat etdi. Kitab halında çap olunduqdan sonra isə dediyim kimi reklamıyla kimsə məşğul olmadı, bir baxıma Allah ümidinə qaldı. Amma Allah ümidi hər şeyin üstündədir. İnsanlar kimi əsərlərin də öz taleyi var. Yetər ki, yazılsın, yazıldımı müəllifinin iradəsindən asılı olmayaraq başlayarlar öz həyatlarını yaşamağa. Ədəbiyyat tarixi belə hadisələrə öyrəncəlidir. Bəlkə də müqayisəm yerinə düşmür və  romanımı oxumayan oxucuların gizli etirazına da səbəb olacaq, amma vurğulamalıyam ki, aradan illər yox, əsrlər keçməsinə baxmayaraq hələ də dünyanın ən çox oxunan romanlarından biri olan Stendalın “Qırmızı və qara” əsəri  də müəllifinin yaşadığı dönəmdə oxucu marağından yoxsul qalmışdı. Hətta Balzakın tərifli tanıtım məqaləsi də işə yaramamışdı. Oxucu biganəliyinin səbəbini yazıçının özü də bilməmiş  deyildi. Bilməmiş olsaydı, özünə 1830-cu ildə çap olunan, diqqət çəkməyən romanının bir əsrdən sonra 1930-cu ildə seviləcəyinin  müjdəsini verməzdi. Amma əsərin sevilməsi daha erkən zamanlarda başlayacaqdı. Və mənim inancım odur ki, əgər yazılan əsərə gizli sənətkar  enerjisi hopmuşsa, hodurulmuşsa, o əsərin gələcək  taleyindən nigaran olmağa dəyməz. Yəni qışın çiləsini çəkənlər bilir ki, bahar mütləq getdiyi kimi bir gün geri dönəcək!
 
 
- Əsərdə sanki dini dünyagörüş təbliğ olunur. Bir də sanki yaşdan, qazanılan həyat təcürbəsindən irəli gələn nəsihətçilik var. Sizcə müəllifin öz həqiqətini təbliğ etməsi nə dərəcədə doğrudur? 
 
- Mən bu fikirlərinlə razılaşa bilmərəm. Səmavi və yerüstü dinlərə aid olan dəyər görmüş bütün  kitabları incələmiş adamam. Təbii ki, oxuduqlarımdan məndə nələrinsə ilişib qalması qaçınılmazdı. Amma mən, elə bu oxuduqlarıma görə də bütün səmavi və ya yerüstü dinlərin dünyaya hardasa sürgün edilmiş insanların zaman çiləsini azaltmaq üçün düşünülmüş bir təsəlli vasitəsi olduğunu da bilməmiş deyiləm. Və bu romanı yazmaqda fikrim heç də dini dünyagörüşünü təbliğ etmək deyildi. Romanda dini görüş işarətləri varsa, bu, hardasa mənim dünya və həyat yaşantılarımın dinidir. Yaşadığımı həyat başdan-başa işarətlərlə doludur, hardasa az-çox kamala çatmış insanın bu işarətləri oxuya bilməsi təbii sayılmalıdır. Mən romana uzun ömrümün oxuya bildiyi işarətləri hopdurmağa çalışmışam. Əsərdə müəllifin öz həqiqətini təbliğ etməsi əlbəttə yolverilməzdir. Roman, əslində “fəlsəfə və sənətdən boş inancları qovmaq və onların yerinə ağıl və gerçəyi  keçirmək istəyən kültürəl dönüşümün məhsulu olmalıdır.”  Jorj Sand deyirdi ki, “Sənət gerçək həyatı təsvir etmək deyil, ideal həqiqətləri aramaq deməkdir.” İndi adını xatırlamadığım bir yazıçı deyirdi ki, həqiqi sənətkar bir adamın pəncərədən  seyri düşüncələrindən, ya da bir qarışqanın yuvasına yem daşımasından iyrimi bir roman yaza bilər.
 
 
- Əsərin özünəməxsus, oxunaqlı dili var. Bu baxımdan bizim üçün maraqlıdır. Ümumiyyətlə bədii əsər üçün dil amili nə qədər vacib və əhəmiyyətlidir? Söz sırasını pozaraq yeni dil yaratdığını bəyan edən müəlliflər haqqında fikirləriniz maraqlı olardı.
 
- Ədəbiyyat birbaşa dil hadisəsidir. Çay üçün  su nə qədər vacibdirsə, əsər üçün də dil o qədər vacibdir. Sussuz çay olmadığı kimi dilsiz ədəbiyyat olmaz. Dil əsərin üslubunu, ritmini, süjet axarını müəyyənləşdirir. Hamımızın bir dili var demək nə qədər doğrudursa, hardasa, hər orijinal yazıçının da öz dili var. Deyək ki, Qoqol da, Tolstoy da, Dostoyevski də rus dilinin söz dağarcığından bəhrələnmişlər, amma hər birinin də öz üslubu, öz yazı tərzi var. Deyək ki, həyat hekayələri birbaşa kəndlə bağlı olan Fərman Kərimzadə  və Əkrəm  Əylislinin nəsr dili eyni qaynaqdan bəhrələnsələr də bir-birndən fərqlilik göstərirlər. Su sudur ki, acı və ya şirin çıxmasından asılı olmayaraq  hər bulağın da hardasa öz “dili“ , öz nəğməsi var. Bilmirəm Arazla Kürün suqovuşanında olmusanmı? 
 
- Hələ ki qismət olmayıb...
 
- Adama elə gəlir ki, hər iki çayın suyu bir andaca birləşəcək. Amma elə deyil, çaylar qovuşsa da uzun müddət bir-biri ilə mübarizə edir, qarışmırlar, sonunda güclü zəifi udur. Amma Xəzərə çatanda qalib gələn Kür də adını itirib Xəzər olmağa məhkumdur.
 
"Söz sırasını pozaraq yeni dil yaratdığını bəyan edən müəlliflər haqqında” onu deyə bilərəm ki, axtarış hər zaman işin xeyrinədir, öz üslubunu, öz ritmini axtarmaq, bunun nəyi pisdir, amma bu süni hoqqabazlıq xatirinə edilirsə, gec-tez hüsran qaçınılmazdır. 
 
- Kitabın annotasiyasında bir fikir də var. "Hadisələr ən ciddi həyat faktlarına söykənib". Bu barədə də mübahisələr olur deyə sizdən soruşmaq istəyirəm: əsərdə təsvir olunan hadisələrin ən ciddi həyat faktlarına söykənməsi vacibdirmi? 
 
- Annotasiya haqqında əvvəlcə dediklərimi təkrarlamaq fikrindən uzağam. Roman insanın başından keçən hadisələr, iç dünyasının gerçəkliyi; insan-insan, insan-zaman, insan-təbiət  əlaqələri, yaşadığı ortamın özəllikləri, toplumsal hadisələri önə çıxaran ədəbi növdür.  Henry Camesə görə roman həyatın özündən daha gerçəkdir, çünki romanda həyat qarşımıza içindəki mənanın yox olub getməsinə yol açan  ayrıntılardan arınmış olaraq çıxmaqdadır. Roman hardasa bir yaşamdır, bir ovqat, bir atmosferdir, yeni, yepyeni bir dünya, ya da xəyal dünyası ilə bir gerçəklik dünyası qurmaqdır Yaşar Kamala görə. Mənə gəldikdə isə romanda təsvir olunan hadisələr yuxu ilə aşkarlıq arasındakı çimirarası keçidin, xəyalla gerçəkliyin qovuşduğu ədəbi məkandır. Hər yazıçı, əslində hər insan bu və ya başqa şəkildə dastan qəhrəmandır. Bayaq dediyim bir fikrə qayıtmaq istəyirəm. İndi adını xatırlamadığım bir yazıçı deyirdi ki, həqiqi sənətkar bir adamın pəncərədən  seyri düşüncələrindən,ya da bir qarışqanın yuvasına yem daşımasından iyrimi bir roman yaza bilər.
 
Romana yansıyan hadisələrin böyük çoxunluğu mənim nəslimin yaşantılarıdır. Və o yaşantıları mən yazmasaydım, onlar da həyatını yazmağa şansı olmayan qarışqanın başından keçən hadisələr kimi mənimlə birlikdə məzara gömüləcəkdi. O hadisələr bu dünyada yaşanmışdı və onların bu dünyada qalıb təkrar yaşaması isə məndən asılı idi. Bu əsəri yazmaqla bir baxıma mən onlara yaşamaq haqqı verdim. Pismi, yaxşımı? Bu sualların cavabının hələllik əlhəzarət zamana ehtiyacı var.
 
 
- Uzun müddətdir ki, Türkiyədə yaşayırsınız. Türkiyədə Azərbaycan yazıçılarını, şairlərini tanıyırlarmı? Oxuyan, qiymətləndirən varmı bizimkiləri? 
 
- Bəlkə də sənin yaşından əvvəlin söhbətidir, Sovet dönəmində Azərbaycanda Türkiyədən ancaq solçu yazıçı və şairlərin əsərləri tərcümə və təbliğ olunurdu, milli düşüncəni paylaşan yazıçılara isə meydan verilmirdi. Azərbaycan ədəbiyyatından Türkiyədə az-çox təbliği də haqqı olan sənətkarlar yox, imkanı olan adamların əsərləri daha çox təbliğ olunur. Tərcümə elə mənəvi bir körpüdür ki, ondan yalnız haqqı olanlar keçməlidir. Yəni Azərbaycan ədəbiyyatına türk oxucusunun sevgisi varsa, hardasa epizodik xarakter daşıyır. Amma mən ümidsiz deyiləm, Türkiyədə (eləcə də dünyada!) bəyəni toplayası, təqdir olunası Azərbaycan ədəbiyyının zamana ehtiyacı var.
 
- Özünüz türk mühitinə çıxa bilmisinizmi? Türk ədəbi mühiti sizi qəbul edirmi? 
 
- Bu sualı bir  başqasının  cavablandırması daha doğru olardı. Mənim cavabım subyektiv də ola bilər. Bir həqiqəti deyim ki, Türkiyədə ədəbi mühitinə çıxmaq elə də asan iş deyil. Nəinki ədəbi mühitə, heç çalışdığın iş yerində az-çox tanımaq da  asan başa gəlmir. Torpağın qaranlığına düşən toxumun cücərməsi kiməsə məhsul verəcəyindən daha çox, işıqlı dünyaya yenidən qovuşmaq istəyidir bəlkə?! Vətənində ən azı yüz adamdan biri olan, qürbətə düşdümü milyon adamdan birinə çevrilir. Milyon adamdan yenidən yüz adama dönmək üçün inadlı canatımlar gərəklidir. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bunu bacardım. 
 
- Özünüz Azərbaycan ədəbiyyatında kimləri oxuyub-qiymətləndirirsiniz? 
 
- Son iyirmi ildir Türkiyədə yaşadığımdan Azərbaycan ədəbiyyatındakı yenilikləri sistemli izləyə bilmirəm. Amma Azərbaycan ədəbiyyatından tam qopmuş durumda da deyiləm. İnternetin verdiyi imkanlar daxilində  qəzet və jurnalları, səhifələri izləyə bilirəm. Orta və gənc sənət adamlarımızın atmosferin özündən gələn fikir çevikliyi ilə yazdıqları əsərlər, bu əsərlərdəki yeniliyə canatımları və tapıntıları məndə ədəbiyyatımızın sabahına ümid oyadır..
 
- Siz siyasi lirika yazan çox az adamlardansınız. Sizcə Azərbaycanda siyasi lirikaya müraciət niyə azdır? 
 
- Siyasi lirika elə də asan yazılan bir ədəbi növ deyil. Və hər şair də örnək siyasi lirika nümunəsi yarada bilməz. Əslində məni siyasi lirikaya çəkən yaşadığımız siyasi mühitin çıxılmazlığı oldu. Yəni siyasi lirikaya o zaman baş vurmaq gərəkir ki, yazmaq istədiyin mövzunu yazmaya bilmirsən. Sən yox, mövzunun özü yazılmaq istəyir. Heç unutmaram, tarixi yadımda deyil, hardasa 1985-86-cı illərdə keçirləcək kolxozçuların qurultay iştirakçılarını ziyallıllar adından təbrik etmək üçün Mərkəzi Komitədən məni məsləhət görmüşdülər. O zamanlar bir şair üçün bu, çox önəmli hadisə sayılırdı. Amma mən buna zərrəcə sevinmirdim, durub yalandan kimi və nəyi təbrik edəcəkdim. Bu o zaman idi ki, yenicə “Kimi aldadırsan, ay zalım oğlu” şerimi yazmışdım. Əvvəlcə çıxışımı bu şeir üzərində qurmağa tərəddüd edirdim, sonra qərara gəldim ki, bunu etməsəm, içimə, idealıma xəyanət etmiş olaram. Çünki ən böyük qələbənin yalana qarşı qazanılan qələbə olduğunu çoxdan bilirdim və bu qurultay da o biri qurultaylar kimi başdan-ayağa yalanla keçəcəkdi. Bəlkə o qurultayda iştirak edən kolxozçulardan kimsə qalmayıb, amma o qurultayı işıqlandıran jurnalistlərin çoxusu şahid kimi sağdırlar. Başda rəhmətlik Kamran Bağırov olmaqla Azərbaycan Kommunist Partiyası MK-nin bütün büro üzvüləri rəyasət heyətində əyləşmişdilər. Qısa və qıcıqlandırıcı çıxışımdan sonra “Kimi aldadırsan, ay zalım oğlu” şerimi  əzbərdən, həm də  canalan yerlərini vurğulaya-vurğulaya oxuyacaqdım. Bu gözlənilməzlikdən salonda buz kəsilmişdi, kimsə qorxusundan əl  çalmaq istəmirdi, amma hardansa bilərəkdən, ya da bilməyərəkdən iki əlin qovşmasından çıxan ilk səs əks-səda doğurdu, salonda yer yerindən oynadı, amma  oturduğum rəyasət heyətindəkilərin hamısının rəngi qapqara olmuşdu:
 
…Aça bilmәyirik nә sırsәn belә
Fәhlәsәn, kәndlisәn, nazirsәn belә.
Kimin çörәyini  kәsirsәn belә,
Kimi aldadırsan, ay zalım oğlu?
 
 
Siyasi lirika mütləq yazılmalıdır.O dünən də gərəkdi, bu gün də gərəklidir, sabah da gərək olacaq. Hələ Antik çağlarında Katulun Roma imperatoru Yuli Sezara yazdığı satirik şeirləri, yaxud da Sabirin təzyanələri xalq arasında çağdaş şairlərin əsərlərindən daha çox gündəmdədir. Yaxud elə göydən yerə şeirlə endirilən səmavi kitabların hamısı qəribə səslənsə də Allahın pıçıldadğı siyasi lirika nümunləridir. Allahın göydəki siyasətini yerdə həyata keçirmək üçün endirilib.
 
… Әvvәlin işini  sona qoyan xalq,
Qәzәb qılıncını qına qoyan xalq,
Qan axan әlinә xına qoyan xalq,-
Bu xalq çәpik çalmaq öyrәnir hәlә.
 
…Gecәsi hansıdır, bu günü günsә?
Dinlisi dinsizdir-ümidi dinsә.
Üstünә  әlәnәn  bu  daş  sәninsә
İlahi, bәs necә dözür bu millәt.
 
 
- Həm millətçi, həm də irfan şeirləri yazırsız. Bunu necə bir araya sığışdıra bilirsiz? 
 
- Bu mənim xidmətim deyil əlbəttə. Əsilində daşıdığımız qan hər şeyin başıdır. Və qan yaddaşdır, keçmişdən gələcəyə ötürülən irqi körpü, Tanrı sifarişi  və görəvidir. Mən özbəöz oğuz-türk ortamında dünyaya gəldim və bu ortamın bir ucu Göy Tanrıya, o biri ucu isə milli qan yaddaşına dayanır. 
 
Özü öz suyundan içirmi bulaq, 
Barından nə qalır bar ağacına?
 
 
- Yazıçılar Birliyinin son qurultayında baş verənlər haqqında mətbuat da çox yazdı, siz də açıqlama və müsahibələr verərək xeyli mətləblərə aydınlıq gətirdiniz. Bunlar öz yerində. Bizi maraqlandıran başqa şeydir. Nə baş verdi ki, hətta ətəyində namaz qılınan adamlar da həqiqətin yanında ola bilmədilər? Kiməsə tərif demək yolunu seçdilər? Bəlkə biz bilmirik, bəlkə elə əvvəlindən belə gəlib bizimki... Həmişə belə olub bəlkə? 
 
- Çox ağrılı sualdır! Uzun illər Türkiyədə yaşadığımdandır, ya nədirsə, xatırlatdığın qurultaydakı tənqidi fikirlərimi adidən adi sayıram. Bir adamın, ya da bir qurumun yanlışlıqlarını tənqid etmək gəlişmiş toplumlarda top-tüfənglə qarşılanmır. İstedadsız adamlar zatən istedadsızdırlar, yaltaqlanmaları, kiminsə bığının altından keçmələri təbii haldır. Məni ağrıdan istedadlı, sənin dediyin kimi “hətta ətəyində namaz qılınan adamların da” həqiqətin yanında ola bilməmələridir. Bu, mənə qəribə gəlir. Bəlkə istəmirəm deyə-deyə nəsə istəməyin bir forması da buymuş, biz bilməmişik.?!
 
…Tale qısmәtimiz belәdi yoxsa?
Әslimiz, kökümüz  kölәdi yoxsa?
Bu da bir növbәti tәlәdi  yoxsa?
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!
 
- Mario Varqas Lyosa deyirdi ki, hətta sən siyasətə nifrət edirsənsə belə, hansısa fərqli mənalarda bu sahədə də özünü yoxlamalısan. Məsələn ideya verməlisən, sülh, müharibə, insan haqları, korrupsiya kimi mövzularla bağlı ictimai debatlarda, ölkənin mədəni həyatına iştirak etməlisən. Siz bu barədə nə düşünürsünüz?
 
- Aydının mәqsәdi qaranlığı aydınlatmaq olmalıdır.. Himalay dağlarının yamaclarında yaşayan və əsərlərini anonim yaradan Hind qurularından (filosoflarından) "niyə əsərlərinizi anonim yazırsınız" sualını soranlara, cavabları ibrətamiz olub: "Əgər bizim yazdığımız əsərlər insanlığı ən azından bir buğda boyu irəli apara bilirsə, bu əsərlərin müəllifinin kim olduğunun nə önəmi var?!" Yəni yazılan əsərlərin əsas məqsədi də bu deyildimi?
 
Mario Varqas Lyos doğru demiş, mənsub olduğu millətə düşdüyü bəlalların yolunu göstərməyi bacarmayan, ölkəsinin mədəni həyatında yetərincə bu və ya başqa səbəbdən iştirak etməyən aydının özünü aydın saymağa haqq varmı? Milli konsepsiyası olmayan bir millət adicə toplumdur, insan yığınıdır. Bəs aydın yaratmayacaqsa, milli konsepsiyanı kimi yaradacaq? Millət sudur, aydın suçu! Milləti doğru yola yönləndirməyi bacarmayan aydına aydın demək nə dərəcədə doğrudur? Qəzet və internet səhifələri, televiziya dalğaları ölkədə ziyalı qıtlığının aynasıdır. Millətin mənəviyyatı o qədər  bayağı və mənasız məqaləllər, şeirlər, hekayələr, proqramlar, müsahibələr, nələr və nələrlə doldurulur ki?! Nə tökərsən aşına, o da çıxar qaşığına! Milləti bir buğda boyu irəli götürmək nədir, heç əvvəlki yerində saymağına da imkan verilmir. Şairi ad üçün, san üçün ölən bir xalqın taleyi nə olar axı? Yalanla nəfəs alan, tanrısı pul olan (həm də haram pul!) bir xalq, xalq deyil, insan yığınıdır.

Şərhlər