“Stratfor”un analitiki - “Qarabağda rus əsgərinin yerləşdirilməsi mümkün deyil”

13.04.2016 14:17     Müsahibə     1825

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Yevgeni Çausovski Rusiya və Qərb mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti şərh edib.

Reaksiya.info
Publika.az-a istinadən həmin müsahibəni ixtisarla təqdim edir. 



- Qarabağda gərginliyin artmasının səbəbi nədir?
- Burada bir çox amil var. Azərbaycan mövcud status-kvonu qəbul etmir. Lakin baş verənlər daha çox geosiyasi amillərə dayanır. Hansı ki, Suriyada Rusiya-Türkiyə qarşıdurması yaşandı, həmçinin, Rusiya və Qərb arasında münasibətlər gərgindir. Bütün bunlar Qarabağda vəziyyətin kəskinləşməsinə təsir edə bilər. Kəskinləşmə əlbəttə vaxtaşırı baş verir, amma son kəskinləşmə çox ciddi idi. Lakin bu vəziyyət münaqişənin beynəlxalq arenaya daşınması və Azərbaycanın status-kvonu dəyişdirməklə bağlı mövqeyi baxımından sərfəlidir.   



- Azərbaycan bu situasiyadan siyasi olaraq istifadə edə bilərmi?
- Bəli. Lakin hər şey diplomatik proseslərin gedişindən də asılıdır. Azərbaycan status-kvonu dəyişdirmək üçün danışıqlar masasına Rusiyanı, Türkiyəni və Qərbi gətirməyə çalışır.



- Bundan sonra genişmiqyaslı hərbi toqquşmalar mümkündürmü?
- Mən yaxın gələcəkdə müharibə perspektivlərini görmürəm. Digər tərəfdən, yaxın dövrdə münaqişənin həll ediləcəyini də düşünmürəm. Qarabağda idarə olunan münaqişə qalmaqda davam edir. Genişmiqyaslı müharibə Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, idarəolunan münaqişə onun maraqlarına xidmət edir.
Rusiya Qafqazda əsas oyunçu olaraq qalmaq istəyir. Moskva digər oyunçuların – Türkiyə, yaxud Birləşmiş Ştatların regionda güclənməsinə qarşıdır.



- Son günlər Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsi gündəmə gəlib. Hansı ki, Ermənistan buna qarşı olmadığını deyir. Bu mümkündürmü?
- Bu məsələ əvvəllər də müzakirə olunurdu və bu gün yenidən gündəmə gəlib. Lakin mən hesab etmirəm ki, Rusiya sülhməramlıları Qarabağa girə bilərlər. Bunu yalnız o zaman ehtimal etmək olar ki, vəziyyət daha da pis olsun. Hələlik bu haqda danışmaq tezdir.   



- Atəşkəsə nəzarət mexanizminin tətbiq olunması mümkündürmü?
- Bu məsələni Azərbaycan qəbul etmir və onun öz səbəbləri var. Eyni zamanda, Rusiya da bunu qəbul etmir. Çünki Moskva hesab edir ki, bu, Qərbin münaqişədə hakim mövqeyə malik olması ilə nəticələnəcək.

Şərhlər