“Elçibəy bütün ordunu göndərmişdi ki, Surət öldürülsün” – Nemət Pənahlıdan sensasion - MÜSAHİBƏ - FOTOLAR

27.05.2016 17:15     Müsahibə     2921

Nemət Pənahlı: “Elçibəy KQB-nin yaratdığı AXC-nin sədri idi”   Teleqraf.com 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyamla bağlı Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə müsahibəni təqdim edir:   -    Nemət bəy, Naxçıvana getmisiniz? -    Artıq Naxçıvandan Bakıya qayıtmışam. -    Naxçıvana səfəriniz nə ilə bağlı idi? -    Mən son 15 ildə Naxçıvana, əsasən, yas mərasimlərinə getmişəm, toylara qatılmamışam. Həbsdən çıxandan sonra bibim oğlu övladının toyuna çağırdı, mən də gedib iştirak etdim. Düşündüm ki, illərlə yasa getmişəm, bir dəfə də imkan edib toya yola düşüm. Həm də qohum-əqrəbam Naxçıvanda yaşayır. Onlarla da görüşdüm. İnsana doğulduğu yer müqəddəsdir. -    Ancaq sosial şəbəkələrdə paylaşdığınız videoda qeyd edirsiniz ki, doğulduğunuz kənd suyun altında qalıb... -    Bəli. Arpa çayı doğulduğum Danzik kəndinin ortasını kəsib gedirdi. Sonradan 60-cı illərdə bənd tikildi və bizim kəndimiz suyun altında qaldı.  -    1993-cü ilin iyun qiyamının növbəti ildönümü yaxınlaşır. Bu hadisənin üzərindən uzun illər keçsə də, hər dəfə siyasətçilərin fərqli münasibəti olur. Sizcə, AXC-nin hakimiyyətdən getməsi tarixin labüd mərhələsi idi, yoxsa qiyamla bu hakimiyyət yola salındı? -    Ötən müddət ərzində ancaq şər və qarayaxma kampaniyası aparılıb, hərə öz istədiyi formada tarixi təhrif etməklə məşğul olub. Tarixi həqiqətlərin meydana çıxmasında heç kim maraqlı olmayıb. Elə şeylər var ki, onu məndən dəqiq bilən yoxdur. Atalar sözü var: ağıllı adam öz başına gələndən, müdrik adam başqalarının başına gələn hadisədən nəticə çıxarır. Axmaq adam isə nə öz başına, nə də başqalarının başına gələnlərdən nəticə çıxarır. Mən milli azadlıq hərəkatına rəhbərlik edəndə 26 yaşım vardı və bir imperiya ilə vuruşurduq. Bizim keçdiyimiz yol imkan vermirdi ki, imperiyaya qarşı səhvsiz mübarizə aparaq. Yəni kifayət qədər səhvlər oldu və bu proseslər zamanı hazırlıqsız yaxalandıq. Ancaq çox təəssüflər olsun ki, ötən 25 il ərzində tarixdən ibrət dərsi götürmək, buraxdığı səhvləri düzəltmək əvəzinə yenidən iyrənc məqsədlərə xidmət edən fikirlər səsləndirirlər.   Həbsdən çıxandan sonra da bunu gördüm. Təbii ki, mən Gəncə hadisələri ilə bağlı an çox adı hallandırılan şəxsəm. Adım müxtəlif çirkablarda səsləndirilib. Mən bir neçə media orqanına söz vermişəm. Sonuncu dəfə bu məsələlərə toxunacam. Gəncəyə niyə getmişdim, orada nələr gördüm, bir sözlə, atdığım addımlarla bağlı öz tərəfimdən sonuncu dəfə işıq tutacam. Həqiqətən, nə görmüşəmsə, onu deyəcəm. Mənim “Əbədiyyət yolçusu” kitabım var və orada bütün hadisələri incəliyinə qədər yazmışam. Ancaq onu çap etdirmək imkanım olmayıb. Feysbuk vasitəsilə onu paylaşacam. Eyni zamanda əlimdə video sənədlər var və onları da yayımlayacam. Bu tarixi sənədləri bu günə qədər heç bir media verməyib. Bu qədər tarixi sənədlər olduğu halda hərə milli azadlıq hərəkatını öz bildiyi kimi yozaraq tarixi saxtalaşdırmaqla məşğul olub. Mən bildiyim həqiqətləri xalqa çatdırmışam və bundan sonra da çatdıracam. Gerisi xalqa qalar. Bu həqiqətlər açıldıqdan sonra xalq kimin kim olduğunu görəcək. Mən canlı tarixəm və bütün o dövrü yaşamışam. Sıfırdan bu hərəkatda iştirak etmişəm.     "AXC-nin hakimiyyətə gətirilməsinin qarşısını almaq üçün bütün üsullara əl atmışam"   -    Ancaq 1992-ci ildə AXC hakimiyyətə gələndə iqtidarda təmsil olunmamısınız... -    AXC hakimiyyətə gələndə birinci həbs etdirdiyi şəxs mən olmuşam. -    Deməli, sizin AXCP ilə probleminiz 1992-ci ildən əvvəl mövcud idi... -    Mən 1989-cu ildən AXC-dən istefa vermişəm və yollarımız ayrılıb. Sonradan onlar hakimiyyətə gələn kimi məni həbs ediblər. -    Yəni AXC hakimiyyətinə müxalifətdə olmusunuz? -    Bəli. AXC hakimiyyətə gəlməmişdən əvvəl müxalifətdə olmuşam. -    Deməli, nəinki AXC-nin hakimiyyətdən getməsi, hətta onun iqtidara gəlməməsi üçün fəaliyyət göstərmisiniz? -    Mən AXC-nin hakimiyyətə gətirilməsinin qarşısını almaq üçün bütün üsullara əl atmışam. AXC-nin hakimiyyətə gətirilməsi ilə milli hərəkatın bel sütunu sındırılıb. -    AXC-nin iqtidardan getməsi üçün də bütün fəaliyyətinizi, imkan və potensialınızı bu işə sərf etmisiniz?    -    Təbii ki, mən indi bu haqda danışmaq istəmirəm.  -    Ancaq maraqlıdır, danışın... -    Mən AXC-dən 1989-cu ildə ayrılmışam. Səbəb də bu olub ki, onlar bizim qanımız üzərindən hakimiyyət davası, vəzifə alveri edib. -    Ancaq 1989-cu ildə qan tökülməmişdi, siz dediyiniz qan tökülməsi 20 yanvar 1990-cı ildə baş verib... - 20 yanvar hadisəsindən sonra onları hakimiyyətə gətiriblər.   -    Millətçi kəsimi kim hakimiyyətə gətirib ki? -    Onları sovet KQB-si hakimiyyətə gətirib. Elə bu qurumu da KQB yaradıb. Bunlar necə milli hakimiyyətdən danışırlar ki, milli hakimiyyət gəlib milli azadlıq hərəkatının liderini həbs edib?       "AXC-nin hakimiyyətdən getməsində rolum olub"   -    Bir məqama aydınlıq gətirək. Dediniz ki, Elçibəy hökumətinə müxalifətdə olmusunuz. Bəs onların hakimiyyətdən getməsi üçün canı dildən çalışmısınızmı? -    Təbii ki, olub. Mən göstərdiyim fəaliyyəti inkar edən adam deyiləm. Nə də etdiyim əməldən imtina edən insan deyiləm. Mən onları qəbul etməmişəmsə, deməli, onlara qarşı açıq iradımı, narazılığımı bildirmişəm, ortaya mövqe qoymuşam. AXC-nin hakimiyyətdən getməsində də rolum olub. Bunu mən nə gizlətmişəm, danmışam. Nə də buna görə təəssüf hissi keçirmişəm.      “Surət Hüseynovu qiyamçı hesab etmirəm”   -    Siz Gəncəyə Surət Hüseynovun yanına getmişdiniz. Surət Hüseynov da qiyamçı idi. Siz onu qiyamçı kimi qəbul edirsinizmi? -    Qətiyyən. Mən Surət Hüseynovu qiyamçı hesab etmirəm. Mən tamam başqa şeylərin şahidi olmuşam. Gəncəyə gedənə qədər nə Surəti tanımışam, nə də onunla münasibətim olub. Mən bütün incəliklər haqda danışacam. Bu gün də bəlli kəsim Surət Hüseynovu qiyamçı kimi ittiham edir. Surət mənim qohumum deyil və onunla da siyasi əməkdaşlığım olmayıb ki, onun təəssübünü çəkim. AXC deyir ki, bizi bir neçə dövlət yıxdı. Bunların hamısı cəfəngiyyatdır. Təbii ki, kəşfiyyatlar öz marağı üçün istənilən ölkədə fəaliyyət göstərir. Hər halda Gəncəyə rus və ya fars ordusu yeridilməmişdi. Əksinə, Gəncədə hər iki cəbhədə azərbaycanlılar olub, xalqımızı bir-birinə qarşı qoyublar. -    Kimlər qoyub? -    Həmin dövrdə hakimiyyətdə olan qüvvə.  -    Surət Hüseynovu nə zaman tanımısınız? -    Mən həbsdə olanda Surət Hüseynov haqqında əfsanələr  yayılmışdı. Surət milli qəhrəman olub, prezidentin səlahiyyətli nümayəndəsi elan edilib. Onda belə çıxır ki, Surəti Milli Qəhrəman elan edən qəfildən onu vətən xaini, qiyamçı çıxarıb. Bəyəm, Surət Hüseynovu ruslar milli qəhrəman elan etmişdi? Kim Surət Hüseynovu prezidentin Gəncəbasar üzrə səlahiyyətli nümayəndəsi təyin etmişdi? Məncə, insan danışdığına diqqət etməlidir. Köhnə lentlərə baxılsa, kimin-kim olduğu, hansı düşüncəyə malik olduğu göz önündə olar. Məndə də müəyyən faktlar, videoyazılar var ki, onları xalqla paylaşacam...  -    Gəlin mövzudan yayınmayaq, iyun qiyamında sizin rolunuz haqqında danışaq... -    Gəncə qiyamı təsadüfi ortaya çıxan şey deyil ki. Bu, Azərbaycanda gedən siyasi proseslərin məntiqi nəticəsidir. Gəncə qiyamı göydən düşməyib. -    Gəncədə baş verənləri qiyam hesab etmirsiniz, amma bu haqda danışanda “Gəncə qiyamı” ifadəsini işlədirsiniz... -    Cəmi Azərbaycan Gəncədə baş verənləri qiyam adlandıranda mən şəxsən qiyam adlandırmamışam. Mən orada qiyam görməmişəm, tamam ayrı şeylər görmüşəm. Gördüklərimi də deyəcəyəm.  -    Siz milli azadlıq hərəkatının liderlərindən biri olmusunuz. Sizin kimi liderin gedib Gəncədə qiyamçılarla oturması, bu prosesi dəstəkləməsi, dövlətə qarşı çıxması nə dərəcədə doğru idi? -    Qoy sizin sualınıza sualla cavab verim. Lider sözünün mənası nədir? Lider sözünün mənasını bilən şəxs “liderlərdən biri” ifadəsini işlədə bilməz. Çünki dövlətçilik nöqteyi-nəzərdən lider prezidentdir. Lider sözünün mənası birinci şəxs deməkdir. Mənə deyirsiniz ki, xalq hərəkatının liderlərindən birisiniz. Bəs digərləri kimlər idi?    -    Zərdüşt Əlizadə, Əbülfəz Elçibəy, Firudin Cəlilov və digərləri... -    1988-ci ildə bu adam yox idi. Meydan filmi var. Orada göstərin görək Zərdüşt Əlizadə, Əbülfəz Elçibəy harada idi.   -    Gəlin mövzuya qayıdaq. Deyirsiniz ki, lider dövlətçilik nöqteyi-nəzərindən prezident deməkdir. Niyə siz, 1993-cü ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyə qarşı qiyamçılarla eyni mövqedə durdunuz? -    Bir var uydurma, bir də var tarixi sənədlər. Əbülfəz Elçibəy mənim üçün KQB-nin yaratdığı AXC-nin sədri idi. AXC-nin proqramında aydın şəkildə qeyd edilirdi ki, AXC yenidənqurmaya yardım məqsədilə yaradılan ictimai təşkilatdır. AXC iddia edə bilməz ki, milli azadlıq mübarizəsi aparıb.     "O zaman seçilən deputatları KQB təyin edirdi"   -    Əbülfəz Elçibəy prezident idi. Gəlin mövzudan çıxmayaq... -    Siz bilmirsiniz axı bura necə gəliblər. AXC konkret olaraq proqramına yazır ki, bu qurum yenidənqurmaya yardım məqsədilə yaradılan ictimai qurumdur. 1990-cı ilin 20 yanvarından sonra AXC rəsmi bəyanat verdi ki, Azərbaycan ziyalıları və kommunistləri birləşib. Əgər kommunistlər, millətçilər və ziyalılar birləşibsə, bunlar necə sovet imperiyasına qarşı mübarizə aparıb? Dfələrlə demişəm və isbat edəcəyəm ki, o zaman seçilən deputatları KQB təyin edirdi. Bəli, 1990-cı il 20 yanvar hadisəsindən sonra Qorbaçov açıq bəyan etdi ki, ekstremistlər, radikal millətçilər və bir də bizim adamlar var. Biz gedirik onları qan içində boğaq. Sovet ordusu Bakıya gəldi, insanlar gülləbaran edildi, amma AXC-dən bir nəfərin burnu qanamadı. Bu, necə olur? Mən bütün regionlarda milli fəalları tanıyan şəxs kimi deyirəm ki, 20 yanvardan sonra deputat olan şəxslərin bir çoxunu deputat olduqdan sonra tanıdım.  -    Sizin məntiqlə bu məsələyə qiymət verəsi olsaq, əks arqument budur ki, Elçibəy, ümumiyyətlə heç vaxt deputat seçilməyib. Bizə Gəncə hadisələri haqda danışın... -    Əbülfəz bəyin rəhbərlik etdiyi təşkilatdan 40 nəfər şəxs deputat seçilmişdi. Mən şəxsən Mirmahmud Fəttayevi deputat seçiləndən sonra tanımışam. O, cümlədən Arif Hacılı deputat olandan sonra bilmişəm ki, respublikada belə adamlar var.      "Əbülfəz bəy bilsəydi ki, Azərbaycanın yarısı qırılacaq..."   -    Bu adamları KQB seçsəydi, onlar 90-cı il seçkilərindən sonra 91-ci ildə Konstitusiya Aktı ilə bağlı cəsarətli mövqe ortaya qoymazdılar axı... -    Müstəqillik Aktına Ayaz Mütəllibov imza atıb.  -    Prosedura əsasən Müstəqillik Aktı parlamentdə qəbul edilir... -    SSRİ dağılandan sonra onlar bütün metodlara əl atıb ki, Azərbaycanda milli hərəkatı boğsunlar. Bunu bacarmayıblar, SSRİ dağıldıqdan sonra Mütəllibov məcburən müstəqilliyə imza atıb. Bu, bəyəm o deməkdir k, Mütəllibov milli mücadilə aparıb?  -    Əbülfəz Elçibəy 1998-ci ildə mətbuata verdiyi müsahibədə sizi və bir neçə şəxsi qiyama dəstək verməkdə təqsirləndirib. Reallıq bundan ibarətdirsə, münasibətiniz necədir? -    Mən etdiyim hərəkətdən imtina edən insan deyiləm. Gəncəyə niyə, nə üçün getmişəm, nələrə qarşılaşmışam kimi məqamları cəmiyyətə çatdırmışam, bundan sonra da çatdıracam. Buna qiyam deməlidirlər də, əks halda deyəcəklər ki, əlimizdən heç nə gəlmirdi?  -    Gəncə qiyamı yatırılsaydı, sizin sonunuz necə olacaqdı? -    AXC hakimiyyətindən heç kim qiyamı yatırmağa qadir insan deyildi. Əgər olsaydı, yatırdardı. Əbülfəz bəy bilsəydi ki, Azərbaycanın yarısı qırılacaq və sonda qiyamı yatıracaq, yatırdardı. Faktiki olaraq Əbülfəz Elçibəy nəzarətində olan bütün ordunu Gəncəyə göndərmişdi ki, qiyam yatırılsın və Surət öldürülsün. Ancaq bu ordu ya əsir düşdü, ya da qaçdı. -    Siz də bu prosesə dəstək verdiniz? -    Mən qiyama dəstək verməmişəm. Mən yolumuzun müstəqil olduğunu elan edən, imperiyanın qarşısında duran, SSRİ ilə danışığa getməyən tək şəxsəm. İlk gündən AXC-yə qarşı olmuşam, çünki kommunistlərlə əməkdaşlığa gedib. Onları da hakimiyyətə KQB gətirib. Məqsədləri o idi ki, Azərbaycanı vətəndaş müharibəsinə çəksin, milli hərəkatı məhv etsin. O qüvvəni gətirən gətirmişdi ki, Azərbaycan qan içində boğulsun, yenidən başqa ordu Azərbaycana girsin və s.     “AXC hakimiyyəti məni zəhərləməyə cəhd göstərib”   -    Siz Gəncəyə niyə getmişdiniz? -    Mən sizə sual verirəm: Azərbaycanda milli azadlıq hərəkatını başlayan insan öz millətinin və dövlətinin taleyinə biganə qala bilər? -    Gəncəyə niyə getmişdiniz? -    Bu yaxınlarda müsahibəmdə bütün bu suallara cavab verəcəyəm. -    Əbülfəz Elçibəyə qarşı qiyam baş verdi, nəticə də bəllidir. Siz bu prosesdə iştirak etdiyinizə görə özünüzü xoşbəxt sayırsınızmı? -    Mən bəsit və dar düşüncəli insan deyiləm ki, kiminsə hakimiyyətdən getməsinə görə özümü xoşbəxt sayım. Mən bir davanın yolçusuyam. Bu yolda mübarizə aparmışam və qarşıma çıxan maneələri aşmağa çalışmışam, buna müvəffəq olmuşam. Bir dəfə Pənah Hüseyn dedi ki, gərək Nemət Pənahlı etiraf edə ki, Gəncə qiyamında bizə qarşı çıxıb. Deyirəm, ay Pənah Hüseyn, mən nə vaxt sizin lehinizə olmuşam ki? Siz hakimiyyətə gəlməzdən əvvəl sizi xəyanətkar elan etmişəm və sizə qarşı mübarizə aparmışam. Hakimiyyətə gələndə də mübarizə aparmışam, gəlməyəndə də. Mən bunu heç vaxt gizlətməmişəm. Mən Azərbaycanda yeganə insan olmuşam ki, AXC hakimiyyətini tanımamışam. Onlar məni həbs ediblər, zəhərləməyə cəhd göstəriblər.  -    Gəncə qiyamı baş verəndə siz həbsdə idiniz. Necə oldu ki, qəfildən Gəncədə ortaya çıxdınız? -    Bəli, Gəncə hadisələri zamanı həbsdə idim. Mən siyasi döyüşdə idim.  -    Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun şəxsi mühafizə xidmətinin rəisi olan Oqtay Məmmədov elan edib ki, siz vətən xainisiniz... -    Azərbaycan cəmiyyətindən soruşun görün belə bir adamı tanıyırmı? Xalqımız meydanda biz Neməti tək qoymadıq deyib, yoxsa Oqtay Məmmədovu? 1989-cu ildə biz Əbülfəz Elçibəy və bir neçə şəxslə Naxçıvana getmişdik. Orada hamı mənim adımı çağırıb, qurbanlar kəsib. Əbülfəz bəyi bir nəfər də tanımırdı.  -    Siz, siyasətçilər içərisində yeganə insansınız ki, özünüz barədə ancaq özünüz danışırsınız, başqa şəxslər demir ki, Nemət Pənahlının belə tarixi xidmətləri olub və s. Bu boyda ölkədə 3-5 nəfər niyə tapılmır ki, xidmətlərinizdən bəhs etsin? -    Azərbaycanda sağlığında haqqında ilk roman yazılan mənəm.  -    Elçibəyin fəaliyyəti haqda minlərlə insan danışdığı halda, sizin barənizdə yalnız özünüz danışırsınız. Səbəb nədir, bu haqda düşünmüsünüzmü? -    Təsəvvür edin ki, mənim gördüyüm işi cəbhə deyir mən etmişəm, digər tərəf deyir mən etmişəm. Mən həqiqəti, onlar isə yalanı deyir. Yalan miflər uydurub xalqı ona inandırmağa çalışıblar. İndi mən həqiqəti deməyim, yalan deyim? -    28 ildir siyasi fəaliyyətdəsiniz, partiya sədri vəzifəsini tutursunuz. Ancaq partiyada özünüzdən savayı parlaq, tanınmış şəxs yoxdur. Nədən sizin kimi bir şəxsin ətrafında insanlar yoxdur? -    Cücəni payızda sayarlar. Sizə elə gəlir. Xalq heç vaxt ictimai rəy yaratmayıb. Sovet KQB-sinin anti-təbliğat kampaniyası mənə qarşı yönəlib, süni şəkildə kimlərsə şişirdilib.

Şərhlər