Fikrət Qoca: '15 il qabaq bizim xəzinəmizdə heç nə yox idi. İndi inkişaf edirik

02.12.2016 22:36     Müsahibə

Ötən il 80 yaşını haqlayan xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca AzadlıqRadiosu-na müsahibə verib. – Fikrət müəllim, bu həftənin ən çox danışılan mövzusu qaz və elektrikin bahalaşması oldu. İqtisadçılar bunun başqa məhsulların da qiymətini artıracağını və adi vətəndaşın dolanışığına mənfi təsir göstərəcəyini deyirlər. Adi vətəndaşın təlaşını nə dərəcədə bölüşürsünüz? – Mən nə deyim? Yəqin bu addımı atmazdan qabaq iqtisadçılar da nələrisə hesablayıblar. Heç şübhəsiz, indi bütün dünyada böhrandır, dünya bazarı necə laxlayırsa, təlatümə gəlirsə, təsirini hər yerdə olduğu kimi, burda da göstərir. Amma bu o demək deyil ki, iraq olsun, başımıza pis nəsə gələcək. Bizim daha böyük dərdlərimiz var, Qarabağ dərdimiz var. Yenə deyirəm, bütün dünyada böhrandır, hər yerdə qaçqınlar, müharibə... Yəqin qiymət artımına da baxarlar. Xalqın düşməni deyillər ki... – O zaman niyə başqa yol tapmadılar? – Mümkün olsa, yəqin edərdilər, dövlət qiyməti artırmazdı. Bunu Milli Məclis mütləq müzakirə etməlidir. Orda yəqin sübut olunar qiyməti artırmaq lazım idi, ya yox. Bu olar təxribat, əgər imkan ola-ola, qiyməti qəsdən artırıblarsa, bunun adı təxribat olar. Yəqin vəziyyət çıxılmazdır və bu addımı atıblar. Biz gəmidə yaşamırıq, biz də dünyada yaşayırıq. Bütün dünyada qiymət artır, sənə də toxunur və biz məcburuq ipi bərkitməyə. Yox, belə deyilsə, bunun adı təxribatdır və bu, müzakirə edilməlidir. Hər halda bu ölkənin rifahını sizdən də, məndən də çox istəyən məsul adamlar var. Prezident var, nazirlər var. Bunların gözü qarşısında buna getməzlər. Deməli, qiymət artımı qaçılmazdır. – Dediniz ki, gəmidə yaşamırıq və biz də bu dünyada yaşayırıq. Beynəlxalq Əmək Təşkilatının göstəricilərinə görə, Azərbaycanda orta aylıq əməkhaqqı nəinki Avropanın, Asiyanın, hətta Afrikanın əksər ölkələrindən çox azdır. Bircə Monqolustan, Tacikistan kimi ölkələrlə müqayisədə maaşlar babat görünür. Bu halda niyə dünya standartı nəzərə alınmır, sizcə? – Elə Afrika ölkəsi var, qızıl çıxarır, hər şeyi var. Əlbət ki, biz ABŞ-la bərabər ola bilmərik. 15 il qabaq bizim xəzinəmizdə heç nə yox idi. İndi inkişaf edirik, şəhər salırıq, bir 15 il sonra çox ölkədən irəlidə olacağıq. Birdən-birə birinci yerə çıxmaq olmur. “Prezidentin komandası bacarmır” demək olmaz, təzə-təzə yetişirlər. Görürsən xaricdən futbolçu alırlar ki, yaxşı oynasınlar, bizim də komanda xaricdə görünsün istəyirlər. Amma məsələ bunda deyil. Hədəfə doğru uzun yol getmək lazımdır. 25 ildir dövlət qurmuşuq. Bunun da on ili dövlət iqtisadiyyatının qurulmasına gedib. On ilə ancaq kəmər bağlamışıq. Yadınızdan çıxıb çörək növbələri? Amma indi qonşu ölkələrə kömək edirik. – Amma Azərbaycanda qaz qonşu ölkələrdən daha bahadır... – Ola bilər. Bəlkə bizə qazı satmaq və bunun hesabına yaşamaq daha sərfəli olacaq? Bunu yəqin hesablayıblar. Mən başım çıxmayan yerə burnumu soxmaq istəmirəm. Məndən ədəbiyyatı soruşun. O dediklərinizin də öz mütəxəssisi var, onlardan soruşun. – Bu məsələdə sizdən iqtisadçı kimi fikir soruşmuruq, sadəcə, baş verənlərə ziyalı mövqeyinizi bildirmənizi istəyirik. – Mən yenə həmin adamam. Doğru bildiyimi deyirəm. Bildiyim şeydən danışıram. Bu məsələdə düz ünvan tapmamısınız. Heç vaxt qarnımı güdməmişəm. Mən çalışıram ki, azadlığımız əldən getməsin, torpağımız əldən getməsin, ondan ötrü ac qalmağa da hazıram.
Advertisement Banner

Şərhlər