"Hamımız bir olub, dövlətçiliyimizin və vətənimizin güclənməsi üçün çalışmalıyıq" - MÜSAHİBƏ - FOTOLAR

Uzun zamandı ki, mətbuat səngərində bir addımlayırıq. Onun xeyirxahlığı və vətən naminə gördüyü işlər mənim də ürəyimi riqqətə gətirdi. Ondan müsahibə almaq qərarına gəldim. Və görüçdük. müsahibim elimin dəyərli övladı Ramin Əhmədovdu.

Ramin Sərdar oğlu Əhmədov 15 İyul 1977 -ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində doğulmuşdur. 1984 - 94 -ci illər arasında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməziyar kəndində olan orta məktəbdə orta təhsil almış, daha sonra 1999 -cu ildə isə Azərbaycan İqtisad Universitetini bitirmişdir. 2000-ci il “Konokon TT” – Kikboksinq üzrə II dərəcəli idmançı, atıcı idmançıdı. Həqiqi hərbi xidməti bitirdikdən sonra ictimai fəaliyyətlə yanaşı kiçik sahibkarlıqla məşğul olub. 2006-cı ildən “Yeni Liqa” həftəlik ictimai-siyasi qəzetinin əməkdaşı kimi fəaliyyətə başlayan Ramin Əhmədov qələmlə mücadiləyə qalxaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutan jurnalistlərdən oldu. O, təkcə bu sahədə deyil ədəbiyyatımızda da öz sözünü demişdir. Bir neçə kitabın, yüzlərlə məqalə və oçerklərin müəllifi olmaqla yanaşı, bir çox mükafatlara layiq görülən, Yeni Azərbaycan Partiyasının üzvü olan bu gənc partiya ideyalarına sadiq qalaraq dövlətçiliyə xidmət edir, bir çox layihə, tədbir və görüşlərə təşkilatçılıq edir. Hal-hazırda Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin rəhbəri, "Türk dünyası ağsaqqalları" həftəlik qəzetinin baş redaktorudur. 2 övladı var.

- Xoş gördük, Ramin müəllim. Sizinlə müsahib olmaq çox xoşdu. Müasir cəmiyyətdə ictimai-siyasi fəaliyyətlə məşğul olmaq çətin deyil ki?

-Xoş gördük! Əlbəttə çətindi. Zövqlərin, fikirlərin müxtəlifliyi və virtual aludəçilik bir çox problemlərə yol açır. Amma bu problemlər bizi qorxutmur. Hər bir ayaq basdığımız sahədə sözümüzü deyə, irəliləyə bilirik. Buna səbəb ictimaiyyətə səmimi və sadə yanaşma tərzimizdi.

- Uğuru necə qiymətləndirirsiz və ya müəyyənləşdirirsiz?

- Hər bir kəs öz həyatında arzuların qanadında yaşayır və gördüyü hər işdə, atdığı hər addımda uğur qazanmaq istəyir. Mən də hələ uşaqlıqdan oyun oynarkən, məktəbdə öndə olmaq istəyilə müəyyən yollar fikirləşir, "hansı işi görsəm daha uğurlu olar?" fikrilə uğuru müəyyənləşdirməyə çalışardım. Və böyüdükcə bu məndə formalaşdı. Hər bir işə imza atmazdan öncə işin uğurunun hansı formada olmasını müəyyənləşdirməyə çalışıram.

- Sizi motivasiya edən nədir?

- Vətən xidməti üçün işə olan sevgim! Rəhbər olaraq tabeçiliyimdə olanlarda məqsədimizə çatmaq üçün daxili marağı yarada bilirəm. Motivlər insanların fəaliyyətinə məqsəd və istiqamət verən psixoloji stimullardır ki, mən də buna çox böyük önəm verirəm.

- Ölkəmizdə baş verən hadisələrə münasibətiniz necədir? Əlalxüsus devalvasiya insanların durumuna ciddi təsir göstərib..

- Bu gün ölkəmizdə baş verən iqtisadi-sosial problemlər dünyada gedən hadisələrlə bağlıdır. Neftin ucuzlaşması geosiyasi məsələ oluğu üçün, ölkədə belə bir vəziyyətin yaşanması təbiidir. Hamı bir olub, dövlətçiliyimizin və vətənimizin güclənməsi üçün çalışmalıyıq. Ölkə rəhbərinin keçirdiyi müşavirə qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini bir daha ortaya qoydu. Bu gün əsl birlik, həmrəylik vaxtıdır.

- Hazırda mətbuatla bağlı ən çox müzakirə olunan məsələ onun gələcəyidir. Belə ki, hazırda internet medianın ənənəvi medianı üstələməsi günün reallığı kimi qəbul olunur.

- Bu təbii bir prosesdir..İlk qəzetin yaranma tarixindən bu yana nəzər salaq. Zaman etaplarında hər şey dəyişdiyi kimi qəzetçiliyin inkişafı da sürətləndi və internet əsrində özünəməxsus yer tutdu. Bu gün mətbuata dövlət tərəfindən böyük qayğı və diqqət var. Bu da mətbuatın inkişafı mərhələsinə böyük təkan verir.: Jurnalistika peşəsinə və jurnalistlərə qayğı göstərilməsi üçün dövlət tərəfindən xüsusi layihələr gerçəkləşdirilib. Bildiyiniz kimi bizim həftəlik qəzetimiz var. Oxunaqlı qəzetlərdən biridir. "Türk dünyası ağsaqqalları" qəzetin peşə prinsiplərinə sadiq olaraq ölkənin ictimai-siyasi həaytındakı bütün hadisələrə reaksiya verir, xalqla əl-ələ addımlayır. İstər cəbhə, istər ucqar dağ rayonları, hara olur olsun biz varlığımızı hiss etdiririk. Buna isbat üçün qəzetin əməkdaşı Şərafət Şəfanın fəaliyyətinə baxmaq yetərlidir məncə. Qəzetçilikdə əsas meyar maraqlı xəbərlər, araşdırma və təhlil yazıları, diqqətçəkən reportajlar, oxucunu cəlb edən müxtəlif aktual, sosial problemlərlə bağlı məqalələrlə oxucuları cəlb edib, onların rəğbətini qazanmaqdı. Eləcə də, redaksiyaya olan müraciətlərə anında, isti münasibət də qəzetin yaşamasına təkan verir.

- Ramin müəllim, biz sizdən müsahibə almağı qərarlaşdırarkən redaksiyanızın əməkdaşlarıyla da əlaqə saxladıq. Onlar bütün işlərin daxili vəsait hesabına görüldüyünü və görülən bütün işlərdə sizin maddi-mənəvi dəstəyinizi vurğuladılar. Eyni zamanda sizin xeyriyyəçilik missiyanız da bizə məlumdur.

- (gülümsəyir) Bizim məramımızın əsasını Vətənə və dövlətçiliyə xidmət təşkil edir. Vətənimizin çiçəklənməsi naminə gördüyümüz işlər gələcək nəsillərə örnəkdi. Əlbəttə ki, ortada dövlətə, millətə xidmət varsa hər bir əməkdaşımızın qayğısına qalmaq rəhbər kimi borcumdu. Xeyriyyəçiliyə gəlincə isə bu missiya bizə dədə-babalardan qalıb. Mənimçün həyatda birinci şərt islami-əxlaqi dəyərdi. Bu dəyərlərin qiyməti əməl sayğacında nə qədər yüksək olsa ruhum o qədər pərvaz olur. Bilirsizmi, biz insanların boynunda diqqət və qayğı kimi borclarımız var. Mən də bu dəyərləri qorumağa çalışıram. 

- Sosial şəbəkələrdə Sizin idmana olan ciddi münasibətiniz daha çox nəzərə çarpır. Bu sizin idmançı olmağınızdanmı irəli gəlir?

- Özümüzü anlamağa başlayandan eşitdiyimiz bir şüarı xatırlatmaq istərdim. "Sağlam bədəndə sağlam ruh olar!". Bu deyimi eşidə-eşidə böyüdük və idmanı sevdik... Bu gün ölkədə idmanın müxtəlif sahələri inkişaf edir.İdmançılarımızın nailiyyətləri ölkədə idmana olan marağı stimullaşdırır. Elə Bakı-2015 Avropa Oyunlarının təşkili ölkəmizin beynəlxalq uğurlarından xəbər verir. Azərbaycanın dünyada tanıdılmasında bu cür beynəlxalq tədbirləri xüsusi önəmi var. Bu gün idmanın müxtəlif sahələri inkişaf edir və ölkədə idman prosesi kütləviləşib. Bu isə sağlam nəsilin yetişməsinə öz müsbət təsirini göstərəcək.

- Normalda sakit görünsəz də, içəridə qaynar bir dünyaya sahib olduğunuzu duymamaq mümkün deyil. Ədəbiyyata bağlılığınıza səbəb də budur. Şeirləriniz, poema və nəsr əsərləriniz əsasən vətənpərvərlik mövzularını əhatə edir. Çətin deyil ki, həm ədəbi, həm siyasi biri olmaq?

- Yox, çətin deyil! İnsanlıq laləzara bənzər. Gözəl çiçəkləri nə qədər çox olsa ətri, görüntüsü də o qədər xoş olur. Həyat ağ kətan, bizsə rəssamıq. Öz həyatımızın rəsmini özümüz çəkirik. Hər şey ədəbdən başlar. Ədəbiyyatın kökündən. Sonra duyğuların kulminasiyası siyasətə çevrilir. reaksiya güclənir və bunların cəmində gözəl bir əsər alınır. Bu həyat əsərini səbrlə yaratmağı bacarmaq lazımdı. Bacardınsa, həm millətə həm dövlətə xeyrin olacaqdır.

- Ramin müəllim, maraqlı müsahibə üçün çox sağ olun. Sonda oxucularımıza nə demək istərdiz?

- İnsanlara sözüm odur ki, əl-ələ olaq, bir olaq. Bizim Qarabağ kimi böyük dərdimiz var. Biz bu dərdləri çözməliyik. yumruq olmalıyıq! Bizim olanlara sahib çıxıb, gələcək nəsillərə ötürməliyik. Tariximizi təhrifdən qorumalıyıq. Bu Vətənin çağırışıdı! Deyir, o xalq sözün əsl mənasında böyükdür ki, keçmişinə hörmətlə yanaşır, tarixini yaşadır. Görkəmli şəxsiyyətlərini gənc nəslə təbliğ edib sevdirir. Biz də gənclərin vətənpərvərlik ruhunda köklənməsinə böyük səylə çalışır, maarifləndirmə işi aparır, tədbirlər təşkil edir, layihələr həyata keçiririk. Hər şey Vətən üçün! Mən də öz növbəmdə sizə minnətdarlığımı bildirir, arzu edirəm ki, bir dahakı müsahibəmi virtual Qarabağda deyil, doğma yurdumuz Qarabağda verim.

- Amin, İnşaallah!

Ramil Cəbrayıl
Karabakhmedia.az

Advertisement Banner

Şərhlər