“Heç yerə getməyəcəyəm”

10.02.2017 16:44     Müsahibə

Rafiq Əliyev: “Allah birini verəndə birini verməz”

 

 
Fevralın 10-u Azərbaycanın çox dəyərli ziyalılarından biri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyevin 75 yaşı tamam olur. Artıq bu əlamətdar gün münasibətilə bir neçə gün əvvəlcədən media orqanlarında, sosial şəbəkələrdə təbriklər yer almağa başlayıb. Diqqətçəkən odur ki, Rafiq Əliyev dünya miqyasında qazandığı böyük uğurlara, kifayət qədər nəhəng elmi dairələrlə yaxın münasibətlərinə rəğmən özünün təvazökarlığı, sadəliyi ilə şəxsinə yönəlik sevgi və rəğbət hissini daha da artırmağa nail olub. Rafiq müəllimin “Yeni Müsavat” a müsahibəsini təqdim edirik: 
 
- Rafiq müəllim, sizi ürəkdən təbrik edirəm. İcazə verin barənizdə yazılanlarla tanış olandan sonra bir müşahidəmi bölüşüm: siz xoşbəxt insansınız ki, toplumun sizə böyük sevgisi və sayğısı var. 
 
- Çox təşəkkür edirəm. Milyonlar olsa, yenə də insanların səmimi sevgisini əvəz edə bilməz. Sizlərin sevgisi hər şeydən üstündür. Mən sizə təşəkkür edirəm. 
 
- Dünyanın yaxşı-yamanını görmüş dəyərli alimimiz üçün 75 yaş nə deməkdir? Bu zirvədən baxanda ətrafda nələri müşahidə edirsiniz, nələr düşünürsünüz? 
 
- Təşəkkür edirəm sualınıza görə. Onu yaxşı dediniz ki, bu, doğrudan da bir zirvədir. Bu, Allahın yaratdığı zirvədir. Amma onun ucalığı hər fərd üçün ancaq Tanrı tərəfindən verilir. O zirvə hansı hündürlükdə olur-olsun - yəni bioloji baxımdan, yaş hündürlüyündən deyirəm - baxanda ətraf çox aydın görünür, nə etmisən, nə etməmisən... Mənim bir deyimim var, onu Lütfi-Zadə qoyub internetə. “Tanrı insanı yaradanda tarazlıqda yaradır. Nəyisə verər, nəyisə verməz”. Bir adam hesab edirsə ki, onun hər şeyi var-bağışlayın leksikonuma görə- onu nadan adam hesab edirəm. Pulmu, şöhrətmi, başqa nəsə... Elə deyil. Allah birini verəndə birini verməz. İndi mənə elə gəlir ki, mən itkilərimlə, Tanrının izni, sizin kimi dostların dəstəyi ilə nə isə qazanmışamsa, bu, balansdandır. Elə itkim də çox olub. Bilmirəm qazandığım o qədərdir, ya yox. Amma həmişə Tanrıya inandığım üçün deyirəm ki, təxminən bərabərdir. 
Çox şeylər eləmək olardı. İndi yuxarıdan, hündürlükdən baxanda belə düşünürəm. Amma təzədən ora, həmin yaş zirvəsinə qalxmaq istəsəm, elə vallah həmin cığırla gedərdim. Axı elə şeylər var ki, məndən asılı deyil. Tanrının verdiyi itkilər var: torpaq itkisi, ailədə olan itkilər. O şeylərə mən təsir edə bilmirəm. Amma yenə də özüm üçün seçdiyim o cığırla gedərdim.  
 
- Yəqin ki, yubiley yaşında gözlədiyiniz, eşitmək istədiyiniz təbriklər var. Adətən doğum günü, yubiley təbriklərini ilk olaraq kim və ya kimlərdən almısınız?
 
- Mən işə gələndə  gül mağazasına döndüm. Çünki mən hər ayda iki-üç dəfə həyat yoldaşımın qəbri üstünə gedirəm. Bu günə kimi o məzarın üstündəki qızılgülləri solmağa qoymamışam... Mağazaya döndüm, bir səbət sifariş verdim. Sabah səhər (bu gün-E.P.) mən işə gəlməyəcəyəm, başqa bir yerə də getməyəcəyəm, ancaq özüm-özümlə qalacağam. Gedəcəyəm qəbir üstünə, ən birinci təbriki onun ruhundan alacağam. Mənim onun ruhuna bağışladığım gül onun mənə təbrik gülü olacaq...
 
- Allah həyat yoldaşınıza rəhmət eləsin, Rafiq müəllim! Səmimi deyirəm ki, siz yaşınızın bu çağında illər öncə dünyasını dəyişmiş ömür-gün yoldaşınıza yüksək dəyər verməklə də nümunəvi şəxsiyyətsiniz. 
 
- Minnətdaram, çox sağ olun. Mən Ramiz Rövşəni çox sevirəm, bilirəm ki, siz də sevirsiniz. Onun şeirləri içərisində məni tutanı var: “Qara paltarlı qadın”. Özü də bu şeirə mahnı da  bəstələyiblər. Həmişə deyir ki, bu şeirin üç müəllifi var: Ramiz Rövşən, Rafiq Əliyev, bir də Rövşən Nicat. Ramiz Rövşən həmişə mənə deyərdi ki, bu şeir onun onluğuna daxil deyil. 
 
Bu, metafizik bir şeirdir. Məsələn,
 
Bütün məni ağlayanlar kiridi, 
 
Sən də kiri, qəbrim damır, ağlama!
 
“Qəbrim damır” metafizik fikirdir, metafizik düşüncə tərzidir. Bir neçə il əvvəl Ramizdən zəng edib dedi ki “yaxşı mən sənə tabe oldum”. Soruşdum niyə? Qayıtdı ki, bütün dünyada bu şeiri bir nömrəli çıxarıblar, hətta Türkiyə parlamentində qadınlar bu şeiri bir yerdə deyiblər. O çox güclü şeirdir. Rövşən Nicat bəstələyib. Ancaq şeirin ideya müəllifi, ya layihə müəllifimi deyim, mənəm, mənim tərəfimdən ideyası irəli sürülüb. O mənada Ramiz deyir ki, üç müəllifi var. 
Ancaq onun başqa bir şeiri də var: 
 
Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdirmi? 
Qalanların yaddaşında
Gedənlərin əzizdirmi? 
 
Əgər biz gedənləri yaşatmasaq, yaddaşımızda olmasa, onlar yaşamayacaqlar. Onlar yaşamayacaqsa, biz də gələcəkdə yaşamayacağıq, mən belə düşünürəm.
 

“İnanıram ki, hökmən o torpaqlara yiyə duracağıq...”

 
 
- Dediniz ki, tək qalacaqsınız. Amma inanmıram ki, sadiq dostlarınız sizi tək qoysunlar...
 
- Sizə deyim ki, 2011-ci ildən sonra mən heç bir şey eləmirəm. Amma birdən görürsən zorla gəlib evdən çıxarırlar. Deyəsən, siz deyən düz çıxacaq. Ramizgil adətən məni tək qoymurlar. Başda Ramiz Rövşən olmaqla, dostlar gəlirlər, evdən götürürlər.
 
- Rafiq müəllim, yuxarıda ailəyə verdiyiniz dəyərdən danışdınız. Yəqin müşahidə edirsiniz, cəmiyyətimizdə ailə münaqişələri, boşanmalar, intiharlar, dəhşətli faciələr xeyli artıb. Ailə institutunda baş verənlərin səbəbi haqda nə deyə bilərsiniz? Ailə faciələrini necə dayandırmaq olar?
 
- Düzdür, bu, sosioloqların işidir. Amma mən bir müşahidəçi kimi deyə bilərəm ki, bunun ən birinci səbəbi sosial-iqtisadi durumdur. Bəzən ailə başçısına utanc gətirir. Yaxud hər bir ailədə tarazlıq olmur ki. Məsələn, görürsünüz ki, həmin iqtisadi faktorlar ailənin dağılmasına, yaxud başqa hadisələrə səbəb olur. İkinci əsas səbəb ədalətin olmamasıdır. Bir “Roma klubu” var, onu çox sevirəm. Vaxtilə onu biz də Azərbaycanda təsis etmişdik, özü də Azad Mirzəcanzadəni rəhbər qoymuşduq. Daha doğrusu, Azərbaycanda bu ideyanın müəllifi mən idim, qərarla onu təsis etdik. “Roma klubu”na dünyanın alimləri yığışar və dünyanı maraqlandıran həmin siz dediyiniz intiharmı, ailə məsələlərimi, bütün bu kimi məsələləri müzakirə edərlər. Onların baxdığı məsələlərdən biri cəmiyyətdə sosial minimum, sosial maksimum problemidir. Yəni ki, ən yüksək maaş alanla ən aşağı maaş alan arasında çox böyük məsafə olmamalıdır. Bax, bu, çox böyük sosial narazılıqlara gətirib çıxarır. Məsələn, niyə kiminsə 17-20 villası olmalıdır, başqası çadırda, ya komada yaşamalıdır? Yəni cəmiyyətin ən böyük göstəricisi o sosial minimumla sosial maksimum arasında olan tarazlıqdır, münasibətdir, orada məsafə çox böyük olmamalıdır. Mən bilən başlıca səbəb budur. Amma çox təəssüflər olsun ki, intihar çoxalıb və psixoloqlar, sosioloqlar onun səbəblərini araşdırmalıdırlar. Tək səbəbləri araşdırılmamalıdır, həm də təsir etmək bacarığı olmalıdır. 
 
- Professor, sizinlə bağlı böyük bir ümidimiz var ki, Azərbaycana Nobel mükafatını qazandıran ilk alimimiz olacaqsınız. Bu sahədə vəziyyət necədir, hansı yeniliklər var? 
 
- (Gülür) Yüzdə-yüz Allahdır, yüzdə doxsan doqquz inanın... Bu məsələdə 99 faiz Lütfi-Zadənin çalışması var, 1 faiz mənimkidir. Nə informasiya var, ondan alıram. 10 gündən, 15 gündən bir yazır. Elə bu yaxınlarda Finlandiyaya məktub yazmışdı, orda iqtisadiyyat sahəsində Nobel mükafatçıları var. Sonra da mənə yazmışdı. Orda məsələ çətindir. 57 ölkədə ekspertlər var, onlar nominasiya məsələsini müəyyən edir. Nominasiyadan sonra isə komissiyada dünyanın seçilmiş 40-50 nəfər ekspertləri var, onlar səs verir. Amma onun mənə həmişə bir tövsiyəsi var ki, adət eləməlidirlər. Mən SSRİ Dövlət Mükafatını alanda 3-cü cəhddə aldım. Birinci və ikinci dəfə keçmədim. Onda da mənim rəhbərim akademik Petrov idi, “İnterkosmos”un sədri, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti. O deyirdi ki, Rafiq, bu işə adət eləməlidirlər, öyrənməlidirlər. İndi sağlıq olsun, Tanrının işidir.
 
- İnşallah. Lütfi-Zadə yəqin ki, doğum gününüzdə sizə telefon açacaq...
 
- Hə, həmişə zəng edir. Həm də ki, hər həftə biz danışırıq. 
 
- Rafiq bəy, bilirəm ki, Qarabağ sizin üçün çox həssas mövzudur. İndiki situasiyada işğal altındakı ərazilərimizin taleyi ilə bağlı nikbinsiniz, yoxsa bədbinliyiniz daha çoxdur? 
 

“Ramiz Rövşən deyir ki, ”Qara paltarlı qadın" şeirinin üç müəllifi var: Rafiq Əliyev, Rövşən Nicat və mən..." 

 
 
- (Pauzadan sonra ah çəkir) Olarmı burada üç nöqtə qoyaq? 
 
- İxtiyar sahibisiniz. Amma bizim ixtiyarımız yoxdur sizin nöqtələrinizə toxunaq.
- (Gülür) Amma susmaq özü də bəzən cavabdır. Ola bilər ki, bizim ömrümüz çatmasın. Amma sizin ömrünüz çatacaq, inşallah. İnanıram ki, hökmən o torpaqlara yiyə duracağıq! Hökmən! Nikbin notlarla bitirmək istəyirəm. Çünki mən intellektual gəncləri çox yaxşı , vətənpərvər görürəm. Onlar sabahdır. Mən o sabahı yaxşı görürəm. Nə vaxtsa ora qayıdılacaq. Amma bir dənə ricam var, Allah sizə ömür versin, o vaxt neçə yaşınız olacaq, deyə bilmərəm. Mən bu dünyada olacam-olmayacam, deyə bilmərəm. Amma o yerlərdən qayıdanda bir dənə yazı yazarsınız, mənim bu sözlərimi də əlavə edərsiniz. 
 
- Rafiq müəllim, Allahdan arzum budur ki, biz azad olunmuş Qarabağdan yazı yazaq, siz də oxuyandan sonra zəng edib təəssüratlarınızı bölüşəsiniz! 
 
- Amin! Mən sizi bağrıma basıram, hamıya salam-dua deyin. Zənginizə görə təşəkkür edirəm. 
 
Elşad PAŞASOY
Musavat.com
Advertisement Banner

Şərhlər