Millət vəkilindən bu qurumlara sərt – İsmarıc

Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunma faizinin ciddi şəkildə artmaması bizi narahat etməlidir.

 Bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Hesablama Palatasının hesabatının müzakirəsindəki çıxışı zamanı deyib. Sənəddə əksini bir sıra problemlər haqqında danışan millət vəkili müvafiq qurumları qısa zamanda onları həll etməyə çağırıb:

“Ümid edirik ki, cənab prezidentin verdiyi son tapşırıqlar və “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi bu vacib problemin həlli istiqamətində ciddi rol oynayacaq. Hesabatda deyilir ki, yerli xərclərdə nəzərdə tutulmuş ərzaq xərcinin məktəbəqədər uşaq müəssisələri arasında uşaq gününə uyğun bölüşdürülməməsi nəticəsində bir uşaq gününə düşən ərzaq xərci rayon (şəhər) ərazisində yerləşən ayrı-ayrı məktəbəqədər uşaq müəssisələri üzrə də fərqli olub. Qeyd olunanlar bu sahədə kifayət qədər subyektiv məqamların olduğunu göstərir və buna son qoyulması üçün addımlar atılmalıdır”.

Millət vəkili bildirib ki, səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6-80,6 % arasında olmasına baxmayaraq, vakant ştatların mövcud tibb işçiləri arasında bölüşdürülməsi əmək haqqı fondunun səmərəsiz istifadəsinə səbəb olur:

“Bu məsələ ötənilki hesabatda da vurğulandı. Bu sahədə vəsait doğru xərclənməlidir. Həmin vəsait həkimlərin maaşının artırılmasına və ya bəzi proqramların daha yaxşı maliyyələşməsinə ayrıla bilər. Məsələn, böyrəkköçürmə əməliyyatına. Böyrəkköçürmə əməliyyatına ehtiyacı olan bir seçicimin əməliyyatı ilə bağlı müvafiq qurumlara müracəit etdikdə məlum oldu ki, 2017-ci ilin əvvəlindən aprel ayınadək çox az sayda insanın əməliyyatı üçün vəsait ayrılıb.

Mərkəzi rayon xəstəxanaları tərəfindən 2013-2015-ci illərdə “Dərman preparatları və sarğı ləvazimatlarının alınması” və “Ərzaq məhsullarının alınması” paraqrafları üzrə xərclərin proqnozlaşdırılmasına və icrasına dair təqdim olunmuş məlumatların təhlili nəticəsində müəyyən edilib ki, əksər hallarda çarpayı günlərinin icrasının proqnoza nisbətən az olmasına baxmayaraq, dərman və ərzaq xərci mütənasiblik gözlənilmədən tam icra edilməmiş və ya bir çarpayı gününə düşən faktiki xərc proqnozlaşdırılmış xərcdən artıq olub.

Rayonlar üzrə dərman və ərzaq xərclərinin proqnoz göstəricilərinin çarpayı günləri ilə müqayisəli təhlili nəticəsində bir sıra uyğunsuzluqlar müəyyən edilib. Eyni zamanda, dərman xərci proqnozlaşdırılarkən rayonlar üzrə çarpayıların və çarpayı günlərinin nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci də müxtəlif olub. Hesabatda öz əksini tapan bu məlumatlar bu sahədə islahatların sürətlənməsinin və maliyyə vəsaitlərinin doğru xərclənməsinə nəzarətin gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur”.

Q.Paşayeva hesabatda əksini tapan digər bir vacib məsələyə də toxunub:

“Hesabatda bildirilir ki, “Sudan İstifadə Edən Birliklər tərəfindən suvarma suyunun satış qiymətinin müəyyənləşdirilməsi bir çox hallarda əsaslı olmayıb. Əkin mövsümünün başladığını nəzərə alaraq, müvafiq qurumlar bu məsələlərə daha ciddi diqqət yetirməli və bu istiqamətdə vətəndaşların narazılığının artmamasına çalışmalıdır”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər