Hər kəs layiq olduğu qiyməti almalıdır

Hər kəs layiq olduğu qiyməti almalıdır
Tarix: 13.08.2017 10:17
Oxunma sayı: 994
Mənbə: Karabakh Today
Müəllif: Arzu Qocayev
Paylaş:

Müsahibim Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Nigar Ögedaydır.

Nigar xanım bu günlərdə İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təsis etdiyi "Həsən bəy Zərdabi Mirası" mükafatını alan 5 nəfərdən biri olaraq sizi təbrik edirəm. Bununla bağlı fikirlərinizi bilmək istəyirik.

 

-Bəli vətəndən uzaqda "Həsən bəy Zərdabi Mirası" mükafatını  almaq bir şərəfdir. Bu şərəfi mənə yaşadan İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi Başqanı Mülazim Paşaya, idarə heyətinə və üzvlərinə təşəkkür edirəm. Əvvəlcə Həsən bəy Zərdabini Türkiyədə tanıtmaq və belə bir mükafatı təsis etdikləri üçün onları təbrik edirəm. Məni buna layiq gördükləri üçün də çox sağ olsunlar. Həqiqətən məni çox xoşbəxt etdilər. Dünyanın bütün nemətini versəydilər bu qədər xoşbəxt, sevincli olmazdım. Mən bu günə qədər çox mükafatlar almışam. Amma, bu fərqli bir mükafat idi. Vətəndən uzaqda, ikinci vətənim Türkiyədə, mətbuat gününə həsr olunmuş bir tədbirdə, 5 milyona yaxın əhalisi olan ən çox sevdiyim şəhər İzmirdə, 500-600 jurnalistin arasında 5 nəfərdən biri olub, bu mükafatı almaq çox fərqli idi.

 

Beş nəfərdən biri sizsiniz dediniz. Mükafat alan digər dostlarınızla da bağlı azda olsa məlumat verərdiniz. Bildiyimiz qədəri ilə bu cür mükafatlarda biraz "kaprizli" jurnalistsiniz. Bu sözümə görə bəlkə də əsəbləşəcəksiniz amma mən sizi şəxsən, yaxşı tanıdığım üçün deyirəm.

 

- Bəli, Arzu oğlum. Məni illərdir, çox yaxşı tanıyırsan. Bir az "kaprizli"yəm. Bəzən sən mənə "Hocam" deyirsən. Bir Hocan olaraq da kaprizlərimi bilirsən. Bəli, mən hər mükafatı almıram. Və Azərbaycanda da fəaliyyət göstərdiyim 22 il boyunca hər kəs bilir, hər mükafatı almamışam. Səbəb mükafatı verən deyil, əsas o mükafatı kimlər alır? Cibinin pulu olmadığı halda, sən zəhmət çəkirsən, borc alıb tədbirlərə qatılırsan. Yetər ki, vətənimə, millətimə xeyir verim deyə. Amma bəzilərinin stolunda oturub pul dilənənlərlə eyni səviyyədə sənə də diplom verirlərsə, bəli, mən bu diplomları almıram. Çünki, bu diplomların dəyəri olmur!  Amma, bu beş nəfərin beşi də biləyinin haqqı ilə bu mükafatı qazanmışdı.

Mükafatı alanlardan biri mən idim. İkincisi Türkiyənin tanınmış yazarı, bir neçə kitab müəllifi, Mesaj qəzetinin köşə yazarı Mustafa Aslan idi. Mustafa Aslanın təkcə "Türk türkü korumazsa, Tanrı türkü korumaz" şeiri və facebook səhifəsinə girsəniz, kitablarına baxsanız, Türkiyə və Azərbaycanla bağlı olan yazılarını görsəniz, bu mükafatı çoxdan haqq etdiyini biləcəksiniz. 

Üçüncü, Mesaj qəzetini digər köşə yazarı olmuş, hazırda da Türk dünyasını özündə əhatə edən bir neçə qəzetdə köşə yazarı olan Osman Atəşoğludur ki, onunda Türk dünyası və Azərbaycanla bağlı yazılarını "Google"da kim axtarışa versə görər ki, biləyinin haqqı ilə bunu qəbul edibdir. 

Dördüncü, Murat Akardır. Murat Akar bilirsiniz, Wowappfm radiosunun qurucusudur. Wowappfm qurulduğu gündən Azərbaycanın bütün dərdinə öz dərdi kimi yanaşmışdır. Türkiyə Cümhuriyətində son 25 ildə bütün medianın edə bilmədiyini Murat Akar 1 ay içində edir. İstər Cənubi, istər Şimali Azərbaycan, istərsədə Türkiyə məsələsində çox həssasdır. Gözünün nuru, beyninim məhsulu ilə qazanmışdır.

Və beşinci İsmət Alpaslan gəlir. Hansı ki, İsmət bəyin "20 Yanvar"la bağlı araşdırmalarının qarşısına kimsə çıxa bilməz. Dəfələrlə Qarabağla bağlı konfranslar verib, yazılarında, kitablarında bunu göstərib. Və bu adını sadaladıqlarım insanlarla bərabər o "mükafat"ı almaq bir şərəfdir. Mən bunlarla eyni sırada olduğum üçün qürur duydum. Çünki biri var heç bir iş görməyənin əlində o "mükafatııü görsəm, demək ki, mən də bir iş görməmişəm. Mən zəhmət çəkirəm o mənim çiynimdə gəzir. Buna görə də bu "mükafat"ı almaq mənim üçün bir qürurdur və bunu mənə yaşatdıqları üçün Mülazim bəyə və idarə heyətinə təşəkkür edirəm. 

 

Danışığınızdan belə başa düşdüm ki, bəzi mükafatlar bəzən haqq etdiyi sahiblərinə çatmır. Demək istədiyiniz budurmu

 

-Bəli, bunu deyirəm. Məsələn belə götürək. Xocalı ilə bağlı bir tədbir keçirilir. Orada bütün ilin 365 gününü Qarabağ, Xocalı üçün istər beynəlxalq təşkilatlarda, istər Türkiyədə, istər yerli qurumlarda mübarizə aparan Qənirə Paşayevaya da fəaliyəti ilə bağlı mükafat verilir. Sıradan, kiminsə qonaq olaraq gətirdiyi küçədən keçən bir qadına yaxud, kişiyə də o "mükafat" verilir. Yəni bu nə qədər ədalətlidir?! Bu məni həmişə incidib. Hesab edirəm ki, bundan sonra mükafat verənlər bunları çox yaxşı düşünməlidirlər. Mən filankəslə dostam, WhatsAppda, facebookda yazışıram, telefonda danışıram. Nə bilim, o mənə "Can", "Ciyərim" deyir deyə buna bu "mükafat"I  vermək, qarşıda zəhmət çəkənin, zəhmətini yerə vurmaq deməkdir.  Bəli, məni kimsə döndərə bilməz. İstər bütün küçədən keçənlərə təqdim etsinlər. Mən onsuz da o "mükafat"a  "mükafatl" demirəm. Amma, bəzi dostlarımız var ki, həqiqətən çox rahatsız olurlar. Tutaq ki, Arzu il boyu ac-susuz küçələrdə Azərbaycan üçün zəhmət çəkir, mübarizə aparır, yolundan dönmür. Amma, dərnəklərdə sadəcə oturub, bir şəkilin arxasında poz verib, yanına çay içməyə gələnlə çay içib, şəkil paylaşıb, "bizdə iş görürük" deyənə "mükafat" vermək doğru deyil. Gülnarə Muxtarova var rəssam. Burada sərgilər keçirdir. Azərbaycan, Qarabağ üçün zəhmət çəkir. Roza Kocamaz, Vüsalə Gülməmmədova var aktrisa qızlarımız. Bunlar "Xocalı soyqırımı"nı öz güclərinə teatrda səhnəyə qoyurlar. Bunların bu qədər zəhmətinin qarşılığında hansısa dərnəklərdə oturub sadəcə nahar edib, şirniyyat bişirib, Nigarın, Rozanın və.s. arxasıyca olmazın sözlərini danışıb, küçə qadını funksiyasını həyata keçirənlərlə Rozaya, Vüsaləyə, Gülnarəyə eyni qiyməti vermək olmaz. Ona görə də hesab edirəm ki, mən bu düşüncələrimdə haqlıyam və sonuna qədər də bu düşüncələrimdən məni kimsə döndərə bilməz.

 

Nigar xanım hiss olunur ki, çox əsəbisiniz. Hər halda bu əsəbiliyə bir səbəb var?

 

- Yox səbəb yoxdur. Sadəcə, deyir "Sezarın haqqını, Sezara deyirlər". 

Yəni ən azından iş görən insanları ruhdan salmayaq. İş görməyənlərə bunu etməklə, iş görən insanlara da siz də etməyin, onsuzda iş görməyin mənası yoxdur mesajını verirlər. Hamınız eyni kasadasınız deyirlər. Xeyr əsəbləşmirəm sadəcə, sözümü də deyirəm. Onsuz da Azərbaycandan uzaqda da İş görmək istəyən özümüzkülərə yetərincə özümüz mane oluruq. Düşün. Burdan səfirliyə, ordan icra hakimiyyətinə, bələdiyyələrə, sənin getdiyin hər yerdə şəklini paylaşdığın  insanlara ağlına gələn "axmaq" şeyləri yazan, özünə "kişi" deyən, adı və cinsiyyəti "kişi" olub, xarakteri arvad olanlarla mübarizə aparırıq. Bu mübarizəni biz aparırıqsa və buna rəğmən hələ də davam ediriksə və yolumuzdan dönmürüksə, inanın bu, çox az bir qrupun bizim əməyimizə verdiyi dəyərin sayəsindədir. Yəni ondan güc alırıq. Biz para, pul istəmirik. Məni tanıyanlar bilir, kimdənsə nəsə gözləyərək, umaraq bir iş görmürəm. Mən anadan belə doğulmuşam. Eyni zamanda mənimlə eyni yolda olanlar da belədir. Bizim üçün hər şeyin önündə Vətən durur. Vətən olmadıqdan sonra pulun da, heç nəyin də dəyəri olmaz. Sadəcə ayağımızın altlnda dolaşan "sican"lar bizi rahatsız edir. Eşidəndə ki, bir Azərbaycanlının, bir türkün uğuru var mən buna çox sevinirəm. Və bir türk olaraq hesab edirəm ki, mübarizəmiz təkcə Azərbaycan olmamalıdır, həmdə Türkiyə olmalıdır.  Bu gün çox çətin dövr yaşayırıq. Bir yumruq kimi birləşmək  lazımdır. Bu birlik yolunda durmadan davam etməliyik. Nigar olaraq, hər zaman deyirəm. Mənim üçün Mülazim Kardələn Paşa kimdirsə İsa Ambarcı da odur. İsa Ambarcı kimdirsə Cəvahir Əhmədova da odur. Cəvahir Əhmədova kimdirsə Asif Qurban da odur. Çünki onların dördü də Azərbaycan üçün yola çıxmış dərnək başqanlarıdır. Dördünə də sayqım var. Heç kim də qarşıma keçib, "niyə belə deyirsən?" deyə bilməz. Cəvahir xanımla hansısa problemim ola bilər, danışmaya bilərəm. Amma, Azərbaycan üçün yola çıxıbsa sonuna qədər yanındayam. Asif bəylə də eyni. Dünya Azərbaycanlıları Konqresi başqanıdır. Çox istəyərəm ki, zəhməti hədər getməsin. Onun ümid edib, onunla yola çıxan hər kəs çalışsın. İsa bəylə də eyni. Onun da komandasında hər kəsin ümidləri doğrultmasını diləyirəm. Mülazim bəyin 75 yaşı var. O da bu yola çıxmış insandır. Çox istəyirəm ki, onunda komandasında olan insanlar ən az onun qədər bu işlərə can yandırsınlar. Bir-birimizi qısqanmaq, görməzdən gəlmək, o niyə irəli getdi mən arxada qaldım deməklə olmur. Əgər qabağa keçmək istəyirsənsə Nigardan daha çox səy göstərəcəksən. Bir gündə bəlkə 6 tədbirə dəvət alıram. Hamısını səhifəmdə paylaşmıram. Son günlər olduqca önəmli insanlarla görüşmələrim oldu və hər biridə eyni şeyi söylədilər ki, "Nigar xanım Türkiyə Cümhuriyətini Azərbaycandan ayırmadığınız üçün sizə təşəkkür edirəm". Bunları eşitmək mənim üçün hər şey deməkdir. 

 

Facebook səhifənizdə də çox aktivsiniz və yazılarınızla bərabər, düşüncələrinizidə tez çəkinmədən sosial şəbəkələrdə yayımlayırsınız. Bununla bağlı hansısa təzyiqlərlə üzləşirsinizmi? Çünki zaman zaman eyhamlarınızı oxuyuram.

 

- Hə çox olur. Ən pis olan tərəfi də bilirsiniz nədir? Keçən dəfə də səhifəmdə yazmışdım. Facebook səhifəmdəki bəzi dostlarıma mənim çox yaxın bildiyim insanlar dostluq göndərirlər. Sonra özəldən saatlarla yazışırlar. Özəldən yazışdıqlarları adamlar da bunlara "Nigar xanımla şəkillərinizi, dostluğunuzu gördük" deyib mənimlə bağlı məlumat almaq istəyirlər. Maraqlı tərəfi burasıdır ki, mənimlə bağlı məlumat almaq istəyənlər, mənə "can", "canım" deyənlər ailəmlə, mənim xarakterimlə bağlı olmazın yalanları danışmağa başlayırlar. Bu xəstə təfəkkürlü, cahil başlar hələ də anlamır ki, mən nəyəmsə onu yazılarıma tökürəm. Mən o hissi yaşamıramsa, o şeyləri beynimdən keçirmirəmsə, qəlbim o şeylər üçün atmırsa bir cümlə də yazmıram. Məni ona görə oxuyub, izləyirlər ki, mən içdən yazıram.  Fərq etməz bunu facebookda, köşə yazımda  yazıram. Amma, insanların eşitmək istədiklərini deyirəm. İnsanlarla bərabər ac-susuz qaldığım günlər olur. Mənim də o insanlar kimi avtobusa minməyə pulum olmayan günlər olur, piyada gəzirəm. Mən də o insanlar kimi dişimlə, dırnağımla bir yerlərə gəlməyə çalışıram. Bəziləri kimi hansısa kişilərin stoluna oturub, oradan bir şeylər qoparmağı əsla və əsla ağlımın ucuna belə gətirmirəm. Hər kəs bilir ki, yaltaqlanmaq mənim lüğətimdə yoxdur. Yeri gəldikdə sözümü hər yerdə deməyi bacarıram. Amma həyatda da məni tanıyan hər kəs bilir ki, heç kimə  iftira atmıram. Mənə iftira atanların da haqqını artıqlaması ilə geri ödəyib, hədlərini də bildirirəm. Geri qalanları isə Tanrıya buraxıram. Zaman-zaman İlahi ədalətin nəticəsini çox gördüm. Facebook, Twitter və digər sosial şəbəkələrdə mənə "canım, bacım" deyənlərin 90% nin mənə düşmən olduqlarını çox yaxşı bilirəm. Amma bunu heç vaxt demirəm. Və o insanların da heç dəyişməyəcəyi  bilirəm. Sadəcə olaraq onları  vicdanlarına da buraxmıram. Çünki onların vicdanları  yoxdur. Vicdanı olan bunu etməz. Sadəcə olaraq zamana buraxıram. Tanrıya inanan biriyəm. "Tengrici"yəm bilirsən. Hər zaman da bunu açıq şəkildə yazıram. Tanrıya həvalə edərək, Tanrının hər zaman mənim yanımda olduğunu bilirəm. 

 

Bir az da Türkiyə ilə bağlı danışaq. Son günlər Türkiyədə nələr baş verir? 

 

- Çox təəssüf Türkiyə, Osmanlının yıxıldığı  Cümhuriyətin ilk qurulduğu,  dövrlərə gəlib çıxıb. İstər içdən, istər xaricdən Türkiyəyə qarşı  hücumlar var. Çox heyif ki, milliyətçi olaraq tanıdığımız və milliyətçi olaraq gördüyümüz insanlar da bunlara dəstək verir. Məsələn HDP-yə dəstək verən siyasi düşərgələr, bəzi sol görüşlü, düşüncəli təşkilatlar, bəzi milliyətçi, dinçi görülən təşkilatlar bu mövzuda təbii ki, xaricdən pul alaraq fəaliyyət göstərirlər. Onları artıq biz bilirik. Mən hər dindaram deyib, dinlə bağlı yola çıxanlara inanmıram və qəbul etmirəm. "CİA" agentləri içərisində dindarlar, milliyətçi görünümlülər, həm solçular kifayət qədərdir və bu aralar daha aktivdirlər. Ona görə də hər qarşıma keçib milliyətçiyəm deyəni qəbul etmirəm. Bilirsiniz mənim üçün milliyətçilik hər şeyin önündə durur. Milli ruhu olmayan insanlar, vətən, millət, ana, dövlət qədri bilməz. Bu mənim sözümdür və hər zaman deyirəm. "Milliyətçilər bir millətin, bir dövlətin siğortasıdır." Bu günlərdə mənim çox yaxın tanıdığım milliyətçi qardaşlarımızın sosial şəbəkələrdə paylaşmalarında həmin agentlərin təsirinə düşdüklərini görürəm. İqtidar, müxalifət münasibətləri gərgin ola bilər. Mövzu dövlətin sərhədləridirsə birləşməsini biləcəklər. Amma bu gün elə deyil. Bu gün Qaradənizdə, Trabzonda 15 yaşlı bur igidimizi, Ərəni itirdik. Ərənə atılan güllə mənə atılmışdı. Bunu milli ruhlu qardaş, bacımın görüb, bilməsi lazımdır. Onlara bəzi yazıları paylaşmaq üçün servis edənlərin səhifələrinə baxsınlar bu gün. Ərənlə bağlı bir paylaşım varmı? Yoxdur! O zaman yoxdursa onların bu dövlət əleyhinə servis etdiyi yazını siz niyə paylaşırsınız? Demək ki, bu yazının altında fərqli bir görünüm, fərqli bir proses var. Ona görə də mən Nigar olaraq Türkiyə Cümhuriyəti dövlətinin yanındayam. Bu Cümhuriyətin bayrağı bayrağım, lideri Mustafa Kamal Atatürk liderim, Prezidenti prezidentim, bu Cümhuriyətin müxalifət lideri, müxalifətimin lideridir. Heç bir güc, heç bir agent, Amerika, Avropa fikrimdən məni çəkindirə bilməz.  Mənim müharibəm varsa, əvvəlcə ölkəmin təhlükəsizliyini təmin etdikdən, 15 yaşlı uşaqlar öldürülmədikdən sonra başda döyüşəcəyəm. "Güney-Doğu"da  PKK deyilən bir şey artıq qalmayıb. Bunu çox yaxından izləyən jurnalist olaraq deyirəm. Orada küçələrdə belə gəzə bilməzdin. İndi dağlarda belə qalmayıblar. Türkiyə Cümhuriyəti ordusu artıq bilirsiniz sərhəd kənarı əməliyyatlarda varıq və olmalıyıqda. Bununla bağlı birilərinin narazılığı var. O da bəlli ki, atalarının torpaqlarında Türkiyə ordusunu görmək istəməyənlərdir. Amma qüsura baxmasınlar. 

 

 Sizi çox yorduq. Çox önəmli və dəyərli məlumatlarınız  üçün təşəkkür edirəm. Fəaliyyətinizdə daima uğurlar diləyirəm. 

 

- Mən bir az danışmağı çox sevirəm. Amma, dərdli danışqan olur deyirlər. Son illər baş verənləri görmək, çevrəmizdə bu qədər hadisələri türklərin görməməsi, hiss etməməsi, eyni zamanda Azərbaycandakı  insanlarımızın İranın, Rusiyanın, Azərbaycandakı oyunlarını görməməsi, o oyunlara qol götürüb oynamaları məni çox üzür. Ona görə də çox doluydum. Sizə çox təşəkkür edirəm. Yaxşı ki, varsınız. Ümid edirəm gələn müsahibələrimizdə, görüşlərimizdə hamısı da olmasa, problemlərin bir qismi həll olar. Azərbaycanlılar bir-birinin arxasınca danışmaqdansa ən azından susmağı bilərlər. Çalışmaq istəyənlərə mane olmazlar. Səfirliklərə şikayət məktubları yazıb, zənglər edirlər. Onlar araşdırır və sonradan mənə, təşəkkür edirlər. Bu inanın məni çox ağrıdır. Edilən şikayətin mənə təşəkkürlə gerı dönməsi mənim zəfərim hesab olunar amma, mənim millətimin belə gülünc vəziyyətə düşməsi məni incidir. Eyni zamanda başqa dostlarım üçün, unutmayın Amerika da, Rusiya da, Avropa da hamısının tək istəyi var, Türkləri parçalayıb, hökm sürmək. Amma türkü parçalaya bilərlər, hökmranlıq edə bilməzlər. Biz azıq amma Türkük. Biz az qalarıq amma, Türk olaraq da döyüşərik. Bu oyunlara alət olan həqiqi türklər əmin olun, o oyun meydanına girdiyiniz an türklüyünüzdən keçmiş olursunuz. Türklüyünüzü qoruyun. Qoruyun ki, irəlidə Tanrıda sizi qorusun. Çünki Mustafa Aslanın gözəl sözünü təkrar demək istəyirəm. "Türk türkü qorumazsa, Tanrı türkü qorumaz!" Bəzilərinin oyununa gəlib, gözəl söz dedi, içimdən keçəni yazdı deyə, Ərdoğana yanlış bir şey etdi deyə paylaşmaqla, əslində Ərdoğana heç bir şey edə bilmirsiniz. Əksinə bu dövlətdəki agentlərin əllərinə fürsət verirsiniz. Eyni şey Kılıçdaroğlu və Devlət Bahçəli üçün də keçərlidir. Bu üç liderin heç biri mənim heç nəyim deyil. Heç birinin də partiyasında deyiləm, düşünmürəm də. Amma bildiyim bir şey var. Onların arxasınca milyonlarla insanlar gedir. O insanların içərisində cahilidə, aydınıda var. Amma, unutmayın o insanların içərisində türklər də var. O türklərin xatirinə doğru-düzgün bir yolda irəli gedin. Dövlət çətin vəziyyətdədirsə siyasi intriqalarınızı, siyasi düşmənçiliyinizi bir müddətlik kənara qoyun. Ədalət yürüşündə İstanbuldan Ankaraya getmək əvəzinə, Ankaradan İstanbula yürüş etdilər. HDP-li vəkillərə dəstək istədilər deyə əsəbləşməyin. Onların içərisində yetərincə  Türklük və Cümhuriyət üçün canından keçmək istəyən insanlar da var. Din adı altında əlli dənə təriqət qurub, bir şeylər edəcəyini düşünənlərə əsəbləşməyin. Onlar o düşüncə ilə heç bir şey edə bilməzlər. Bir şey etmək üçün əvvəlcə yaxşı düşünən beyin lazımdır. Onlar sadəcə agent rolunu oynayırlar. Odur ki, təmkimli, ağıllı bir siyasət işlədin. Hər şey vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız üçün. Hər şey Atatürk üçün!

Sonda onu da demək istəyirəm ki, bu günlərdə universitetlərə qəbul, ixtisas seçiminin cavabları açıqlanıb. Kifayət qədər dostlarımın uşaqları tələbə adını qazanıb. Onların hamısına uğurlar diləyirəm. Diləyirəm ki, gənclərimiz sözün həqiqi mənasında Aydın olaraq universitetləri bitirsinlər. Çünki onlar Aydın olduğu müddətcə, hər kəsi doğru-düzgün aydınladacaqlar. Atatürk Türk dünyası və Türkiyəni gənclərə əmanət edirik demişdi. Bizim atalarımızın dövlətə əmanət etdiyi gəncliyimizin milliyətçi, birlik şüurunda yetişməsini diləyirəm. Hamısını burdan təbrik edirəm. Adlarını çəkmirəm çünki, yer çatmaz. Həqiqətən onların övladlarının uğuru, mənim övladımın uğurudur. Təkrar təbrik edirəm. 

Arzu Qocayev

Reaksiya.az

Şərhlər