Dünya Qarabağın ağrısını çəkir: - separatizm Avropaya çatdı

03.10.2017 10:55     Müsahibə     2407

Qərbin ikili standartlar siyasəti və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərə dəstəyi, bu fonda bu gün Avropanın qabaqcıl ölkələrində separatizmin geniş vüsət alması, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranması ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibə verib. Reaksiya.az həmin müsahibəni təqdim edir.

- Elçin müəllim, bu gün İspaniyanın Kataloniya bölgəsində, Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransada - Breton, Elzas, Provans və Korsikada, Polşanın Sileziya, Çexiyanın Moraviya vilayətlərində, eyni zamanda, İraqın şimalındakı kürd muxtariyyətində separatizm özünü göstərir. Sizcə, bu gün baş verənlərin səbəbini həm də 30 il əvvəldə - Dağlıq Qarabağda başlayan separatizmə dünya dövlətlərinin laqeydliyində axtarmaq mümkündürm?

- Bütün hallarda beynəlxalq hüququn prinsiplərinin tətbiq olunmaması, Helsinki Yekun Aktının müddəalarının geosiyasi maraqlara uyğun olaraq tətbiq edilməsi və yozulması bir çox ölkələrdə, o cümlədən Avropa İttifaqına üzv olan dövlətlərin özündə problemlərin yaranmasına səbəb olub. Məsələ burasındadır ki, separatizm faktı təkcə İspaniyada Kataloniya ilə yekunlaşmır. Avropanın bir çox ölkələrində etnik tərkib fərqlidir və ayrı-ayrı dövlətlərdə müxtəlif statuslara malik olan qruplar, eyni zamanda, bir neçə xalqın formalaşdırdığı dövlətlər var. Bu dövlətlərin hər birində mütəmadi olaraq separtizmlə meyilləri meydana gəlir. Baxmayaraq ki, həmin ölkələrin konstitusiya məhkəmələri buna imkan vermir. Əlbəttə ki, bu gün separatizmin ilk cücərtilərinə ədalətli yanaşılmaması, bəzi hallarda dəstəklənməsi nəticə etibarilə bu dalğanın daha aktiv şəkildə vüsət almasına gətirib çıxarıb. Əslində, Dağlıq Qarabağ problemi bir çox məsələlərdə, özəlliklə də işğal faktoru və sepratizmlə bağlı məsələlərdə bir presedent rolunu oynayır. Diqqət yetirsəniz, Kataloniyanın özündə keçirilən referenduma da fərqli yanaşmalar ortaya çıxıb. Biz ilk növbədə referendumun dinc şəraitdə keçdiyinin şahidi oluruq, ancaq buna baxmayaraq, İspaniya qvardiyasının insanlara qarşı ən sərt formada, amansızcasına davranışını müşahidə etdik. Göründüyü kimi, bu situasiyada dinc aksiyalara qarşı münasibətin özündə belə Qərbdə fərqli yanaşmaların olduğu ortaya çıxır. Bu faktor özünü şübhəsiz ki, təkcə sadalanan amillərdə deyil, bir çox məsələlərdə büruzə verir. Əgər Qarabağ problemi ədalətli şəkildə həll olunsaydı, Ermənistan beynəlxalq hüququn normalarına uyğun olaraq cəzalandırılsaydı və işğalçıya qarşı sülhəməcburetmə əməliyyatları tətbiq olunsaydı, şübhəsiz ki, separatizmin dünyada bu qədər geniş yayılmasına imkan verən tendensiyalar meydana çıxmazdı.

- Azərbaycan tərəfi bununla bağlı beynəlxalq aləmdə hansısa addımların atılması üçün hərəkət keçəcəkmi?

- Əlbəttə, separtizmə qarşı münasibətdə ikili standartların tətbiq olunduğu faktor Azərbaycan tərəfindən mütəmadı olaraq qaldırılır. Yenidən İspaniyada baş verən proseslər də örnək götürülərək, beynəlxalq tribunadan vurğulana bilər. O kontesktdən vurğulana bilər ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması növbəti münaqişələrin vüsət almasına zəmin yaradır. Təbii ki, artıq Qərb bu və ya digər ölkədə baş verən proseslərə münasibət bildirməkdə mənəvi haqqını çoxdan itirib. Bu faktordan sonra Qərbin bu mənəvi haqqı ümumiyyətlə yoxdur. Bu, ilk növbədə Avropanın özü üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Azərbaycan bu mühüm faktoru da yeri gəldikcə qabardacaq.

- Avropada baş verən bu proseslər fonunda Qərbin Dağlıq Qarabağ münaqişəsinə mövqeyində hansısa dəyişikliklər gözləmək olarmı?

- Əslində, bu gün baş verənlər həyəcan siqnalına çevrilməlidir. Avropa Birliyinə üzv olan dövlətlər artıq diqqətə almalıdırlar ki, separatizmin qarşısının vaxtında alınmaması onun daha geniş şəkildə yayılmasına səbəb olur. Separatizm çox qısa müddətdən sonra daha təhlükəli vəziyyət ala bilər. Yəni ilk baxışdan dinc görünün proses getdikcə silahlı münaqişələrə, terrora və digər faktora yol aça bilər ki, bu da şübhəsiz ki, istənilən region üçün böyük təhdidlər yaradır.

- Elçin müəllim, çox gec olmasına rəğmən, heç olmasa bundan sonra Qərb tərəfindən Dağlıq Qaarabağ münaqişəsinin həlli istiqamətində Rusiya və Ermənistana sanksiyalar gözləmək nə dərəcədə realdır?

- Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə ədalətli münasibət bildirmək üçün kifayət qədər presedentlər var. Yəni Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələdə Qərb, hər halda, daha aktiv dəstək nümayiş etdirdi. Hesab etmirəm ki, bu gün Avropada baş verənlər Qərbin Qarabağ mövqeyində hər hansı bir dəyişikliyə səbəb olacaq. Ancaq Azərbaycan üçün yeni imkanlar yarandı: ölkəmiz artıq separatizmə qarşı Qərbdə nümayiş olunan aqressiv münasibəti əsas götürərək, BMT nizamnaməsinə uyğun öz torpaqlarını həm işğaldan azad etmək, həm də silahlı separatizmə, işğala son qoymaq üçün gərəkli addım atmaq hüququnu daha arqumentli şəkildə ortaya qoya biləcək.

Reaksiya.az

Şərhlər