Kilsəli təxribat

05.10.2017 20:04     Müsahibə     2135

Ermənilərin Cəbrayılda, “Mехаkаvаn” adlandırdıqları kənddə kilsə tikmələri təbii ki, hər birimizi narahat etməlidir. İşğalçı bununla həm ABŞ-dan, həm də Rusiyadan gələn “ilkin olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlar azad olunmalıdır” mövqeyinə cavabını verib. Yəni ki, “gedin, işinizlə məşğul olun, bu torpaqları geri qaytarmaq fikrim yoxdur”. Deməli, danışıqların nazirlər səviyyəsindən prezidentlər səviyyəsinə keçirilməsi barədə təşəbbüslərin də bir mənası qalmır.

Ermənilər Qarabağda Azərbaycan adına olan bütün izləri silməyə çalışır. Elə Cəbrayıldakı kilsə tikintisi də buna xidmət edir. Son illər ermənilər Qarabağda kilsələrin sayını göbələk kimi artırır. Təbii ki, məqsəd var. Xristian aləminə mesaj verilir, “biz müsəlman torpağını alıb oranı xristianlaşdırırıq, bizi tək qoymayın” mesajı...Belə olan halda Minsk Qrupunun 3 xaçlısı Ermənistanı qoyub, Azərbaycana dəstək verəcəkmi?

Sözsüz ki, Ermənistan Cəbrayılda kilsə tikməklə həm də Azərbaycana “cavab” vermək istəyib. Azərbaycan 2016-cı ilin aprel döyüşlərindən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndini yenidən qurdu, əhalinin qayıdışını təmin etdi, böyük ruh yüksəkliyinə səbəb olan proses başlandı. Üstəlik, Cocuq Mərcanlıda Şuşa məscidinin eynisi olan ibadətgah tikildi. Düşmən də bu məsciddən ucalan azan səsinə “cavab” kimi qarşı tərəfdə kilsə zəngini asıb. Həm də bununla Azərbaycan ordusunun növbəti sarsıdıcı zərbəsindən ehtiyatlanan erməniləri sakitləşdirmək istəyirlər. Təkcə son aylarda Qarabağ cəbhəsində xeyli erməni əsgərin fərarilik etməsi barədə elə ermənilər özləri etiraflar ediblər. Hətta məlum oldu ki, səngəri qoyub Ermənistana qaçmaq istəyən erməni əsgərlər Kəlbəcər postundan geri qaytarılıb. Məqsəd bəllidir. Yoxsa Cəbrayılda, mülki əhalinin yaşamadığı bir ünvanda kilsəyə nə ehtiyac? Fotolardan görünür ki, açılış mərasimindəkilər keşişlər, bir də işğalçı ordunun hərbçiləridir.

İşğalçılar Qarabağ torpaqlarının “erməniləşdirilməsi” üçün illərdir ki, çeşidli təxribatlara, saxtakarlıqlara əl atır. İşğal zonasındakı qədim alban kilsələrinin erməniləşdirilməsi işini artıq başa çatdırıblar. 19-cu əsrdən başlayaraq Azərbaycan ərazilərinə köçürülən ermənilər dünyanı inandırmağa çalışırlar ki, Azərbaycan ərazilərindəki alban kilsələrini onların “dədələri tikib”. Ağdamda eşələnəndən sonra burada “Tiqranakert”in qalıqlarını “tapdıqlarını” həyasızcasına iddia edən ermənilərin qırımından belə görünür ki, onlar nəinki Kəlbəcər, Laçını, Şuşanı, heç hərbi poliqona çevirdikləri Ağdamı da qaytarmaq niyyətində deyillər.

Bu tərəfdən də hər gün xəbər yayılır ki, guya Putin Ermənistandan 5 rayonun azad olunmasını tələb edir. Necə tələb edir ki, ermənilər Cəbrayılda kilsə tikirlər? Cəhənnəm olub gedəcəklərsə, niyə və kimə tikirlər?

Yeri gəlmişkən, qonşu Gürcüstan deyəsən, onu gözləyən təhlükəni dərk etməyə başlayıb. Bu ölkədə yaşayan ermənilərin sayı sovet dövründə Qarabağda yaşayan erməni əhalinin sayından azı 3 dəfə çoxdur - 300 minə yaxındır. Hələ “5 larilik erməniləri”-5 lariyə soyadını gürcüləşdirənləri demirəm. Sentyabrın 30-da Gürcüstanın Axalkələk rayonunun Qumburdo kəndinin sakinləri ərazidə erməni xaçı ucaltmaq istəyəndə gürcü polisi nəhayət, dəyənəyi işə saldı. Xankəndində 30 il əvvəl başlayan “miatsum” prosesinə bənzər olaylar baş verir Cavaxetiyada...

Gürcüstandakı hadisələr onu göstərir ki, ermənilər digər qonşuda da “xaç yürüşü”nə başlayıb. Bu dəfə mesaj təkcə xristian dünyasına deyil, konkret olaraq Rusiyayadır. Təkcə ona görə yox ki, Tiflis rusiyameyilli erməni səfirin təyinatına qarşı çıxır. Axalkələk strateji əhəmiyyətli bölgədir, iri layihələrin keçdiyi məkandır, ermənilər Cavaxetiya ərazisini mənimsəməklə həm də Azərbaycana zərbə vurmağı düşünür.

Bu ilin əvvəlində Gürcüstandakı erməni yeparxiyasının nümayəndəsi, yepiskop Mirzəxanyan Gürcüstan hökumətinə müraciət edərək 442 kilsənin onlara verilməsini tələb etmişdi. “Kilsəli hücum” taktikası davam edir. Düzdür, Suxumi Universitetinin professoru Quram Marxuliya  kimi ermənişünaslar “hətta ənənəvi təbabət də bu erməni xəstəliyi qarşısında acizdir. Onların genləri xarabdır” deyir. Amma bu, nəyi dəyişir ki? İki əsr əvvəl Azərbaycan və Gürcüstana köçürülən Ağa Məhəmməd Qacar tərəfindən köçürülən ermənilər bütün qədim gürcü kilsə və monastırlarını ələ keçirmək uğrunda hərəkata başlayıb. Deməli, Bakı və Tiflis erməni iddialarına qarşı birgə hərəkət etməlidir.

Reaksiya.az

Şərhlər